Monday, August 24, 2009

Ziddiyyətlərin ahəngi və ya əksliklərin birləşdiyi nöqtə

Bu yazımızda daha öncəki yazıda adını xatırlatdığımız bir stereotipə və həmin stereotipin Məsih gerçəkliyi ilə əlaqəsinə baxacağıq. Məsih gerçəkliyi bu halda Məsihiliyi qavramaq və bu qavramanın Məsihilərin özlərinin gördüyü və qəbul etdiyi Məsihiliyə doğru-yalanlıq baxımından uyğunluğunu anladır.
Məsihilik Allahın bir olduğunu və eyni zamanda da üç olduğunu iddia edir. Bu necə olur? Əvvəla gəlin bir sıra misallara baxaq. Küçədə əlinizə bir daş götürün və onun həm tək, həm də üç olduğunu düşünün. Bu gülüncdür çünki gözünüzlə gördüyünüzə uyğun deyil. Lakin bu faktı və bu fakt üçün başımızdakı insan məntiqini Allaha tətbiq etmək nə qədər məqsədyönlüdür? Mən iddia edirəm ki, Məsihilikdəki Allahın həm bir, həm də eyni zamanda üç olduğunu ən azından prinsipcə anlamaq üçün və buna, qəbul etmək bir tərəfə dursun, sadəcə bir mümkünlük, potensial olaraqdan baxmaq üçün, öncə gerçəklikdəki bir və üç qavramları arasındakı münasibəti təklik və çoxluq, onların əlaqəsi və təzahürü və bu tək-çoxluğun ayrı-ayrı obyektlərlə əlaqəsi şəklində gözdən keçirmək lazımdır. Bir və üç olmaq son nəticədə bir və birdən çox olmaq, yəni bir və bir olmamaq deməkdir, tək və qeyri-tək olmaq deməkdir. Məsihilikdəki Allahın kəmiyyət əlaməti islamda anlaşılan birlik-tövhid anlayışına sığmayacaq qədər incə və mürəkkəbdir.
Sırf formal məntiq baxımından bir şey eyni zamanda yalnız həmin şey ola bilər və başqa şey ola bilməz. Başqa sözlə A eyni zamanda həm A həm də qeyri A ola bilməz. Lakin insanın formal məntiqi, Allah bir tərəfə dursun, dialektik yanaşmada belə özünün məhdudluğunu göztərir.
Gerçəklikdə bir və birdən çox olmaq, bir və bir olmamaq ümumiyyətlə eyni zamanda bir obyekt olmaq və elə həmin obyekt olmamaq daha mürəkkəb şəkildə mövcuddur. Misallara baxaq.

Təsəvvür edin ki, ortalıqda biri-biri ilə kəsişən üç dairə var və ya elə bir həndəsi fiqur var ki, o üç obyektdən ibarətdir. Bu halda obyektin bir və ya üç olması ona daxildən, yoxsa kənardan yanaşmağımızdan asılıdır. Əgər daxildən yanaşsaq, o, üç dairənin kəsişməsidir və üç obyektdir. Lakin onlar kəsişir, onların əlaqəsi var və onlara vahid bir fiqur kimi də baxmaq olar. Bu zaman o üç parçadan ibarət birdir, bir bütövdur. Ortalıqda bir fiqur var və ona iki fərqli mövqedən münasibət var. Bir yanaşmada o təkdir, başqa yanaşmada o üçdür. Allahın Təkliyi və Üçlüyü bundan çox daha mürəkkəbdir.
Başqa bir misal. H2O təkdir, birdir. Öz-özlüyündə o birdir. Bununla belə, biz ona ya su şəklində, ya qaz-buxar şəklində, ya da buz şəklində rast gəlirik. Su, su buxarı və buz hamısı H2O-dur, eynidir, birdir. Bununla belə, onlar həm də fərqlidir. Gündəlik həyatda Su, su buxarı deyil, buz isə buxar deyil. Bunlar bir maddənin fərqli şəkilləridir. Burda bir olmaq və bir olmamaq, üç olmaq bir araya gəlir. Fərqli təzahür şəkilləri bir maddədən ortaya çıxdığına görə, onlar birdirlər, eynidirlər. Maddə səviyyəsində onlar eynidir, birdir. Bu maddənin təzahürü, onun mövcudluq şəkli səviyyəsində isə onlar üçdürlər və fərqli qavranılırlar. Allahın Təkliyi və Üçlüyü və ya Tək olmaması bundan daha mürəkkəbdir və incədir.
və son misal: işıq həm müsəlmanların, həm də məsihilərin çox sevdiyi bir şeydir. Allahı hər iki dində işığa bənzədərlər. Yəqin bu da Allahın hikmətindəndir ki, işıq ikili təbiətə malikdir. O həm dalğa təbiətlidir, həm də hissəcik təbiətlidir. O, iki təbiəti bir araya gətirir. Bununla belə, işıq təkdir. Biz onu məhz işıq olaraq, təbiətindəki ikiliyə varmadan qavrayırıq. İşıq birdir, ancaq ikili təbiətlidir. O, həm dalğa təbiətlidir, həm də dalğa təbiətli deyil. Allahın təkliyi və tək olmaması bundan daha mürəkkəb və incədir.
Və ən nəhayət: Bu misallar Allahın Məsihilikdə necə üç və tək olduğunu izah etmir. Bu misallar bizim öz dünyamızda belə bir obyektin təkliyi və tək olmaması arasındakı münasibətin əslində daha mürəkkəb olduğunu və bir çox faktorlardan asılı olduğunu göstərir. Əgər insan dünyasında bu belədirsə, o zaman nəyə görə Allahın ən azından mümkünlük səviyyəsində belə olmadığını və bunun mümkün olmadığını iddia edək? Məgər Allah həm tək olmağa, həm də tək olmamağa qadir deyil? Məgər biz Allahın tək olduğunu iddia etməklə, insan məntiqinin hədlərini Allaha şamil etmiş olmuruqmu? Halbuki əksinə Allahın təkliyinin və üçlüyünün tam anlaşılmaması özü insan əqlinə Yaradanın qoyduğu həddir.
Yaradan yalnız tək olacaq və heç bir zaman qeyi-tək olmayacaq qədər zəif deyil. Əksinə, insan ağlı onun həm bir həm də bir olmamasını tam qavraya bilməyəcək qədər zəifdir.

No comments:

Post a Comment

gündəlikdə axtarış