Friday, August 28, 2009

Ted Haqqard kimdi və onun başına nə gəldi?

Ted Haggard Milli Evangelistlər Assosiasiyasının (NAE) belə demək mümkünsə, rəhbəri idi. Başına da o gəldi ki, homoseksualist haqq-hesablara qarışdığı ortaya çıxdı və onu 20 minin üstündə adam toplayan kilisəsindən, Assisiasiyadakı işindən və s. və ia çölə atdılar. Bu axşam CNN-in məşhur jurnalisti Larry King onu - belə deyək – dilləndirəcək. İncilçi hərəkatının məşhurlarından, homoseksualizm əleyhinə moizəçilərdən olan Ted Haggardın adının cinsəl qalmaqalda hallanması çağdaş dövr Amerikasının məsihilik səhnəsindəki dərinləşən uçurumlardan xəbər verir. Bu və ya digər bir fəaliyyəti əxlaqi qüsur kimi rədd edən bəzi pastorların sonradan özlərinin həmin əxlaqi qüsuru həyat tərzi kimi yaşamasının aşkarlanması ABŞ-da ara-sıra ortalığı qarışdıran xəbərlərdəndi. Ted Haggardın haqq-hesabı da bunlardan biridi.

Dünyanın başqa ölkələrindən fərqli olaraq ümumdünya məsihi icmasının ən çox parçalandığı ölkə, hər istəyənin bir şey etdiyi dini təşkilatlar, ağla gəlməyən şou-biznes – din qarışıqları məhz Amerikadadı. Bu ölkədə siz şalvar geyməyi haram hesab edən xristian qadınlardan tutmuş, marixuana çəkən və xristian olduğuna inansa da İsa Məsihə inanmayan hər növ dindara, xristiana (və ya xristian olduğu iddia edilən) rast gələ bilərsiniz. Bunun hardan qaynaqlandığını dəqiq bilmirəm, ancaq bu prosesə qatqısı olan faktorlardan bəzilərini göstərə bilərəm.
Bunlardan birincisi, ifrat fərdiyyətçilikdir. İfrat fərdiyyətçiliyin nəticəsi isə toplumdakı normativ inanc şəkillərinin laxlamasına və istəyənin istədiyinə, istədiyi şəkildə, istədiyi zaman inanması ideyasının gəlişməsinə yol açır. İkincisi, tükəticilikdi. Tükətici (inkişaf etmiş) olaraqdan amerika cəmiyyəti dini dəyərləri də bazar məhsulu kimi qavrayır və buna uyğun davranır. Bunun müsbət yanları, mənfi tərəfləri də var və təəssüf ki, mənfisi müsbətini bir çox hallarda olduğu kimi ağır basır. Azərbaycanda məsələn, telekanallar İslamı sabun reklam edirlərmiş kimi tanıtmazlar. Amerikada isə dini təşkilatlar, özəlliklə də liberal qanad kilisələrini konsert kimi və s. bənzər şəkildə reklam edirlər. Reklam isə bir qayda olaraq özünü və malını sizə uyğunlaşdırır, sizi özünə və satdığına deyil.
Üçüncüsü, əyləncəyönlülükdür. ABŞ-da əylənmək nəhəng bir iqtisadi sahə, biznesdir. Əylənmək burda insan həyatının yarıdan çoxu, bir çoxlarının həyatının mənasıdı. Dini inanc və kilisələr isə TV-lərin, İnternetin və s. bu kimi alternativ sosial gerçəkliklərin təklif etdiyi əyləncəylə sadəcə rəqabət apara bilmir, çünki onun təbiəti əyləncə ideyasına dayanmır. Nəticəsi bu olur ki, ağır rəqabət və, əyləncə mühitində sağ qalmaq üçün bir çox kilisələr özləri dini və əyləncəni qarışdırırlar. T.Haggardın təmsil etdiyi İncilçi hərəkatı bu yöndən özəlliklə mahirdi. Bu dini inancı maraqlı edir, onu canlandırır, onun geniş auditoriyaya çıxmasına şərait yaradır, ancaq Pirr qələbəsi kimi çox ağır başa gəlir.
Bu faktorların sayını artırmaq olar. Bu faktorlar məncə Azərbaycanda din və Amerikada din gerçəkliyinin müqayisəsi üçün maraqlı ideyalar verir
.

No comments:

Post a Comment

gündəlikdə axtarış