İsanın bu bayramı qeyd etməsi hekayətində Məsihin insanlarla İlahi arasıda vasitəçi olduğu vurğulanır. Bu vasitəçilik özəlliyi isə, İsa Məsihin Yeni Əhdi gətirməsində, onu başlatmasında və öz bədəni, qanı, ölümüylə möhürləməsində əks olunub. İsa Məsihin çarmıxa gərilməzdən öncə, öz bədənini və qanını Tövratda bəhs edilən Yeni Əhdə bənzətməsi (1) və bunu Qədim Əhdin təzahürü olan hadisənin bayramtəki qeydi zamanı etməsi (2), bundan az sonra çarmıxa gərilməsi (3), Onun çarmıxda ölümü hadisəsi ilə İlahinin insanlara vəd etdiyi Yeni Əhd arasında əlaqə olduğunu ortaya qoyur. İsa Məsih bu mənada İlahinin qurtuluş naminə insanlar üçün verdiyi və öz Ruhuyla bərəkətləndirdiyi Nəzir-qurbandır. İsa Məsih bu mənada insanları Qurtuluşa götürən Yeni Əhd və onun möhürüdür.
Lakin hər şey bununla bitmir. Həm qan, həm də yemək Tövratda önəmli simvollar, bənzətmələrdir. Qədim Yaxın və Orta Şərqdə qanla möhürlənən əhdlər\müqavilələr vardı. Qan yaşamı anladır, qan bizim içimizdən gəlir və bu mənada yaşam maddəsidir, həm də şəxsidir, özəldir. Qan həm də qurbanı anladır, yəni qan ölümü, qurban verilməni, əfv edilməni qan bahasına bağışlanmağı, bir şeyin əldə edilməsini çağrışdırır. Dilimizdəki “qanımı qaraltdı”, “qan yerdə qalmamalıdır” “əliqanlı”, “qanım dondu”, “qan töküldü” və s. ifadələr qanın metafora kimi potensialından, sosial münasibətlərdə simvol kimi önəmindən bəhs edir. Qan kimi, birlikdə yemək yemək də istər insanlar arasındakı əlaqətək, istərsə də müqavilənin bağlanmasının təntənəli qeydi kimi önəmli idi. Biz azərilərdə də bəzən önəmli razılaşmadan-hadisədən sonra, dostlar bir yerə gəldiyi zaman həmin bu hadisəni qeyd etmək üçün gedib oturub yeyib-içmək bu qədim adətin bir şəkli ola bilər. Yemək həm də başqa baxımdan önəmlidir. Anamın söylədiklərindən birini indiyə qədər də xatırlayıram: “at ənginə, çıxsın rənginə” – yəni ye ki, yediyin də rənginə çıxsın, belə demək mümkünsə bazburutlu olasan. Lakin yediyimiz rəngimizə çıxırsa bu sadəcə bazburutlu olmağı anlatmaz, həm də yediyimizin biz olduğumuza, bizə çevrilidiyinə, bizim bir parçamız halına gəldiyinə işarətdir. Yeməyən ölər. Yemək insanın, içinə girir, onun qanına, canına çevrilir, ağlını, ruhunu dəyişir. Yeyilən nəsnə ölür ki yeyən nəsnə olur. Yeyilən nəsnə, başqa bir şəkildə yeyən nəsnədə vücuda gəlir, canlanır, yenidən yaşayır, yaşadır və yeyənə təsir edir. Yalnız ət yeyib yaşayanla, daha zəngin qidaya malik insan nə bədəncə, nə də sağlamlıq gözüylə bir olmadığı kimi, haram malı yeyənlə, halal malı yeyib yaşayan da bir deyil.
Məsihin ardıcılları bu bənzətmələrin hamısından olmasa da, qədim yəhudilər kimi, Tövratın öyrətdiklərindən, onun bənzətmələrindən və bu bənzətmələrin anlatdığı həyat gerçəkliklərindən xəbərdar idilər. Odur ki, İsa Məsih bayram çörəyini öz bədəninə, şərabı da öz qanına bənzədib onların yeyib-içməsini istəyəndə, bununla Yeni Əhdin gəldiyini söyləyəndə, həvarilər onun nə demək istədiyini anlamışdılar. Çarmıxda tökülən qan, rüsvayçı ölüm cəzasına tərk edilən bədən ondan öncə imanla, sözlə, çörəklə və şərabla həvarilərin canına işləmişdi artıq. Onlar hərfən çörəyi, məcazən Məsihi “yeyib” məsihiləşmişdilər. Məsih ruhlarının rənginə çıxmışdı. Yehi Əhd İsa Məsihin sözüylə onlarda yaşayırdı. Dünyanın hər tərəfində isəvilər bunu qeyd edərlər. Onlar Məsihi – Yeni Əhdin mayasız çörəyini və şərabını - içlərinə almaqla özləri məsihiləşirlər, Yeni Əhd və bu Əhddəki İlahi anlaşılmazlığı, sevgisi, Sözü onları qidalandırır və onlarda canlanıb yaşayır.Bax bunu qədim Romalılar bilmirdi.Bax bunu siz bilirsiniz...
No comments:
Post a Comment