Qutsal Kitabda seksi təxəyyülü içinə alan, lakin qeyri-seksi münasibətdən bəhs edən daha bir haqq-hesab Tanrının bilavasitə özü, onun insan dünyası ilə bir hadisə çərçivəsində girdiyi əlaqədən qaynaqlanır. Allah İsəvilikdə Ata, Oğul və Müqəddəs Ruh kimi anladılır. Oğul atadan olar. İsa Məsih İlahinin oğlu olduğuna görə, belə çıxır ki, Atanın belindən gələn və Məryəmdə bəşəriləşib (cismaniləşib) insaniləşən Odur.
Lakin bu seksi çalarlı təxəyyül bir də bunu Loqosun - əqlimizin işığına gətirir ki, Əgər Allah İsa Məsihin atasıdırsa, və əgər İsa Məsih həm də Məryəm Ananın oğludursa, o zaman müsəlman üstəgəl Azərbaycan qaydasınca desək, dilim-ağzım qurusun, qulaqlara qurğuşunJ, Allahla Məryəm arasında bir seksi münasibət olub. Nə müqəddəs yazılar, nə də kilisə şərh ənənəsi bu motivi o həddə qədər gəlişdirmir, çünki ilahi söyləm özü buna o qədər əsas vermir. Ümumi izah belədir ki, İsa Məsih Müqəddəs Ruh – Tanrının Nəfəsi-eqosu vasitəsilə Məryəm Anadan doğulub. Necə deyərlər, arada insansayağı “ikisi bir köynəkdə” məsələsi olmayıb. İlahi ilə insan arasında hərfən cinsəl münasibət olduğunu və İsa Məsihin də bundan doğulduğunu iddia etmək Məsihilikdə ən yaxşı halda ədəbsizlik və İlahi mistikaya hörmətsizlik sayılır. Lakin elə isə, niyə cinsəl təxəyyül istifadə edilir? Bu suala çox ümumi və dolayı şəkildə və bu seriya ilə bağlı sonuncu postda cavab verəcəm, ancaq məsələnin incəliklərinə varmaq istəmirəm, çünki bunun üçün geniş konteksti bilmək tələb olunur: onu da bura yazacaq deyiləm. Qısaca onu qeyd edim ki, Allahın oğlu söz birləşməsi Xristianlıqdan əvvəl də mövcud idi. Ancaq bu sözün arxasındakı ideya və vəhy İsa Məsihdə ən yüksək inkişaf nöqtəsinə çatır.
No comments:
Post a Comment