Friday, August 28, 2009

Xeyirxahlıq işi yaradıcılıq şəklində

Bu günlərdə CNN şirkəti “CNN-in qəhrəmanları” adlı bir proqram təqdim etdi və həmin proqramda CNN-in, belə demək mümkünsə, qəhrəmanları seçildi. CNN qəhrəmanları bu və ya digər şəkildə cəmiyyətdə, toplumun müxtəlif təbəqələrində, sosial ehtiyaclara və s. cavab verən, qısacası, yaxşılıq etməyə çalışan insanlardı. CNN bu adamları hardan tapıb bir araya gətirib deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, onların hamısı maraqlı işlərlə, daha doğrusu bəhrəsi bu və ya digər şəkildə yaxşılıqla yoğrulan işlərlə məşğuldu.

Mənim hər şeydən çox diqqətimi çəkən bu qəhrəmanların xeyirxahlığa bağda yer belləmək, kənddə su daşıyan nənəyə kömək etmək və ya şəhərdə ədalətsizlik əleyhinə mitinqlərə gedib bağırmaq kimi deyil, daha başqa şəkildə yanaşmaları oldu. Əlbəttə, ədalətsizliyə qarşı danışmaq bir də ədalətsizliyin elə ədalət kimi çox mücərrəd, həm də konkret, əl altından balıq kimi sürüşüb düşən özəlliyə malik olduğu ölkələrdə bunu etmək özü elə bir qəhrəmanlıqdır və heç kim bunun pis və ya önəmsiz olduğunu iddia etmir. Bağda yer belləmək, nənəyə su daşımaqda kömək etmək də bunun kimi. Lakin bütün bunlardan fərqli olaraq CNN-in qəhrəmanları xeyirxahlığa bir yaradıcılıq kimi yanaşırlar. Xeyirxahlıq bir yaradıcılıq kimi nə ilə xarakterizə oluna bilər? Başqalarının görmədiyi və ya görsə də gözardı etdiyi ehtiyacları görüb etiraf etmək və onların ödənilməsi üçün bir şeylər icad etmək və ya bir layihə, orijinal bir fəaliyyət tapıb həmin ehtiyacı ödəməyə çalışmaq. Maraqlıdır ki, bu adamların söylədiklərinə, etdiklərinə baxsaq məlum olan, xeyirxahlığın bir yaradıcılıq kimi puldan daha çox şəxsin istəyinə, o işi görmək üçün ehtirasına, problemi həll etmək üçün fərdi və maraqlı yanaşmasına bağlılığıdı. Bir dayənin ona verilən 5-10 dolları toplayaraq Malavidə kasıblar üçün kiçik bir məktəb açması puldan öncə, arzunun, daha doğrusu ehtirasın (ehtiras hər zaman cinsəl olmaz) gərəkdiyini vurğulayır. Başqa bir qadının özünün həbsxanaya girib – çıxdıqdan sonra məhbuslarla onların azadlıqda olan ailə üzvləri arasında videoismarış sistemi qurmağa çalışması da buna misaldı. Başqa birisi isə evini, əmlakını satıb özünü kiçik bir dəstəsi ilə birlikdə ölkədə (Amerikada) baş verən təbii fəlakətlərdən zərər çəkənlərə yardım etməyə, daha doğrusu ən tez, cəld reaksiya verməyə həsr edir. Yəmənli vəkil qadının ərə verilmiş azyaşlı uşaqları zorla ərə verilməkdən qarşılıqsız müdafiə etməsi də elə bu cür puldan çox arzunun önəmini göstərir. Bu insanları görmək insanı həm sevindirir, həm də düşündürür. Sevinirsən ki, belə insanlar var, başqalarına yardım edirlər və ya bir ehtiyacı, çatışmazlığı görüb öz gücləri daxilində bir şeylər etməyə çalışırlar. Düşünürsən ki, bəs görən sən, mən biz nə edə bilərik belə? Yaxşılıq etmək üçün hara qədər və necə öz çıraxımızdan vaz keçə bilərik və ya öz çıxarımızı içtimai mənafe ilə əlaqələndirməyə çalışarıq? Məsələn, deyək ki Bakıda və ya Azərbaycanın hər hansısa bir guşəsində insanlara öz imkanlarımız daxilidə nədə, necə, nə zaman, kimlə, nə ilə xeyirxahlıq etmək olar? – özü də orijinal, maraqlı bir iş kimi. Sizi də düşünməyə dəvət edirəm. Bəs siz nə edə bilərsiz?

No comments:

Post a Comment

gündəlikdə axtarış