Azərbaycanlılar yenə də 20 yanvar şəhidlərinin ildönümünü qeyd edirlər. Şəhidlər xiyabanına gedirlər, kimisi gerçəkdən, kimisi yalandan üzündə qəm- kədər qəbirlərin önündən keçib gedir və bununla da hər şey bitir. O xiyabana çox getmişəm istər 19-20 yanvarda, istərsə də qeyri-yanvarda. Ora gəlib ağlayandan tutmuş, mazaqlaşana qədər bir çox insanları seyr etmişəm. Hər il insanları çəkib gətirən, tarixi hadisələri dönə-dönə yaşamağa vadar edən şəhidlik ilginc tarixi və sosial-siyasi təcrübədir. Bu maraqlı nəsnə yalnız Azərbaycan mədəniyyətinə, dünyagörüşünə xas deyil. Dünyanın bir çox ölkələrində, dinlərində, hadisələrində şəhidlik var, olub və olacaq. Bəzi ölkələrdə şəhidlik demək olar ki, qavram kimi işlədilmir, hardasa yoxa çıxıb. İndiyə qədər önümə çıxan vətənpərvər amerikalıların heç birinin bu sözü hətta qəhrəmanlıqla ölmüş məşhur şəxslər barəsində işlətdiyini eşitməmişəm. Çağdaş dünyanın yəqin ki, kökünə qədər sekulyarlaşmış, fərdiyyətçiləşdirilmiş ölkələrində şəhidlik qavramına ya az önəm verilir, ya da tamamən unudulub. Gəlin şəhidliyə birlikdə göz ataq.
Şəhidlik qaçınılmaz olaraq üç əlaməti (başqaları da ola bilər) içinə alır (yeri gəlmişkən, müharibəyə gedib döyüşdə təsadüfən ölənlərin şəhid olub-olmadığını burda bir kənara qoyuruq. Bu yazı ancaq şüurlu və birbaşa ölümü seçən əməldən bəhs edir). Bunun biri könüllü ölüm və ya canından keçməkdir. İkincisi isə bu aktın, yəni könüllü canından keçmənin buna əl atan şəxs üçün önəmli bir dəyər, düşüncə və s. üçün edilməsidir. Mənə elə gəlir ki, üçüncü əlamət kimi şəhidlik qavramına bir də belə əməlin və dəyərin, daha doğrusu uğrunda ölümə gedilən dəyərin toplumda tanınması, qəbul edilməsi göstərilməlidir. Şəhidlik yalnız fərdin dəyərlərinə deyil, həm də toplumun tanıdığı dəyərlərə bağlıdır ki, bunun da nəticəsində ölümə gedən şəxs toplumda kefindən ölmüş birisi kimi deyil, məhz şəhid birisi kimi tanınır. Əks təqdirdə intihar edənlə şəhid arasında fərq olmazdı.
Şəhidlik bir əməl kimi topluma, qəsd edənə və elə şəhidin özünə də bir sıra anlamları göstərir. Bu anlamlardan birincisi gücdür (güc hər zaman asıb-kəsməklə olmaz). Canından keçmək kimi çətin bir qərar qəbul etmək və özünüqoruma instinktini iradə gücünə aşmaq asan deyil. Bu mənada şəhid olan özünə və başqalarına nəyə qadir olduğunu anladır. Bundan başqa şəhid olan qəsd edənə özünün yenilməzliyini göstərir. Canı bahasına qəsd edənin tələbini rədd etmək və onun istədiyini yerinə gətirməmək (tankı adamın üstünə sürməkdə məqsəd onu qorxutmaqdı, lakin şəhid bundan qorxmadığını və tankın yalnız onu öldürməklə irəliləyə biləcəyini anladır) mütləq qələbə, yenilməzlik əzmidir. Bu qəsd edənin məqsədinə çatmağa qadir olmadığını, qorxutmaqda şəhid olanı yenə bilmədiyini və dolayısı ilə qəsdçinin gücsüzlüyünü anladır. “Ölərəm amma vaz keçmərəm” deyimi məhz bunu ifadə edir: yəni məni öldürə bilərsən, lakin məni sənin istəyini yerinə gətirməyə vadar edə bilməzsən. Şəhidliyi qəbul edənin ölməsi ilə qəsd edənin də şəhid olacaq şəxsdən istədiyini almaq cəhdləri puça çıxır. Başqa sözlə şəhid canı bahasına, qəsdçinin niyyətini, istəyini puça çıxarır ki, bundan o tərəfə qəsdçi üçün yol yoxdur (şəhidi danışmağa, qorxutmağa və s. vadar etmək olmaz ki). İkinci anlam budur ki, şəhid ümumiyyətlə həyatın fəda edilə biləcəyi bir dəyərin, anlamın, mənanın olduğunu anladır. İnsan övladının canında ölüm qorxusu, özünüqoruma instinkti var. Həyatda etdiyimiz bir çox şeylər ölümü bizdən bacardıqca uzaq tutmağa yönəlib. Hər gün yediyimiz yeməkdən tutmuş min-bir dona girərək cəmiyyətdə ac qalmaq təhlükəsini bizdən uzaqlaşdırmaq dolayısı ilə sağ qalmaq yəni ölümü uzaqlaşdırmaq instinktinin təzahürdür. Bunu əmin-amanlıqda hiss etmərik ancaq həyatımız üçün təhlükə yarananda bütün qüvvəmizi başqa fəaliyyətlərdən alıb öncə həyat üçün təhlükəni uzaqlaşdırmağa can atarıq. Həyat önəmlidir axı. Həyatdan yüksək dəyər tapmaq və bunu sözdə deyil, əməldə bəyan etmək hər qızın və oğulun işi deyil. Bu mənada şəhidlik həyatdan daha uca tutulan dəyəri ortaya qoyur. Bu ikinci əlamət bizi şəhidliyin anlatdığı üçüncü anlama gətirir. Şəhidlik şahidlik deməkdir. Əməliylə şəhadət vermək ifadəsi buna işarə edir. Maraqlıdır ki, qədim yunancada da şəhid qavramı ilə məhkəmdə şahid olmaq qavramı eyni sözlə ifadə edilirmiş: martureo. Şəhidliyin şahidlik yönünü tam anlamq üçün şahid qavramına göz atmaq gərəkir. Ancaq dərinə getməmək üçün sadəcə bunu qeyd edim ki, şahid yalnız konkret, özünün bildiyi, gördüyü şeylərə və ya hadisəni, olanı bilavasitə görüb-bilənlərdən aldığı bilgiyə şahidlik edə bilər. Başqa sözlə, dənizin rənginə şahidlik etmək olaz, Azərbaycanda Konstitusiyanın olmasına şahidlik etmək mümkün deyil, çünki bu bilgiyə, informasiyaya, hadisəyə hər kəsin girişi var. Şahid yalnız onun bildiyi, gördüyü və s. şeyə şahidlik edə bilər, onun şahidliyinə başqalarının o açmayınca digər mənbələrdən girişi ya yoxdur, ya da məhduddur. Bu mənada şəhid konkret şəxs kimi özünün həyat(ın)dan uca tutduğu bir dəyərinin olduğuna və şahidlik edir. Birisi şəhid olana qədər həmin o şəxs üçün nəyin (dəyərin) necə (ölümə dəyər ya yox) olduğunu anlamağımıza fürsət yoxdur. Ölümüylə şəxs onun haqqında bilmədiyimizi açır, anladır.
Burda dayanaq və icazənizlə dinlərə baxaq. Şəhidlik hər zaman dinlər üçün daha önəmli olub, çünki dinin sekulyar və ya ateist düşüncədən fərqli olaraq vəd edə biləcəyi bir şey var. Şəhid olmaq ölümdən sonra yaşamın mövcudluğunu qəbul edən dinin ardıcılı üçün hələ son demək deyil. Əksinə şəhid olan həmin konkret dinin dəyərləri çərçivəsində ölümdən sonra cənnətlə və s. ilə mükafatlandırılır. Odur ki, bir dindarın şəhid olması sırf nəzəri baxımdan daha çox gözləniləndir. Ateist və bir az da sekulyarist üçün isə şəhidlikdə yenə də sırf nəzəri baxımdan həvəsləndirici heç nə yoxdur. Ölümlə onun varlığı tamamən bitmiş olur. Buna görədir ki, ən azından nəzəri baxımdan bu dünyadakı yaşam heç bir şəkildə vaz keçilməz və şəhidliyi qəbul etmək ölümlə varlığın bitdiyini düşünən birisi üçün daha da ağır olur. Bundan çox dinlərdə şəhidlik haqqında bir şey yazmağa məncə lüzum yoxdur, odur ki gəlin dinləri buraxaq gedək Azərbaycana.
Azərbaycanda şəhidlik özəlliklə də 20 yanvar şəhdiliyi məncə sosial-siyasi, tarixi və kültürəl abidədir. Sosialdır ona görə ki, o toplumun bir təfərini əks etdirir, insan münasibətlərinin şəhid qavramına proyeksiya olunmuş kölgəsini göstərir. O sosialdır, çünki şəhidlik, xüsusən də 20 yanvar şəhidliyi bir sıra sosial institutlar generasiya edib. O həm də siyasidir ona görə ki, şəhidlik Azərbaycan toplumunda baş verən siyasi proseslərin mərkəzində durur. Müstəqilliyin əldə edilməsində, insanların Sovet İttifaqına inamının sınmasında 20 yanvar şəhidlərinin önəmli rolu var. O elə indi də siyasidi, çünki Dağlıq Qarabağ probleminin toplumda aktual saxlanmasında, emosiyaların oyadılmasında və bunun güc, hakimiyyət münasibətlərinə ötürülməsində mühərrik rolunu oynayır. O həm də tarixidir, çünki keçmişdə baş verib, günümüzdəki toplumumuzun düşüncə və varlığının yaradılmasına önəmli rol oynayıb. O həm də kültürəldir. Şəhidlik azərbaycanlıların dövlətə, torpağa şamil etdiyi müqəddəslik qavramının barometridir. Bu həmin müqəddəslikdir ki, dini qavram olsa da sekulyar sistemin çağdaş dönəmdəki dəyərlərinə transformasiya olunub və din, cəmiyyət, dövlət, sekulyarizm arasında mövcud olub şüurumuzun, tariximizin dərinliklərində yatan münasibətləri əks etdirir.
Hərdən düşünürəm, günümüzdə şəhidlik gedərək ucuzlaşır. Ən azından iki səbəbə görə. Əvvəla, toplumda baş verən dəyişikliklər və şəhidlərin artıq uzaqlaşmaya başlayan, gedərək daha çox keçmişləşən olaylarda qalması buna yol açır. Tarixi hadisə bizdən zamanca nə qədər uzaqdırsa, bir o qədər də ona emosional bağlılığın (həmin bağı saxlamaq üçün özəl cəhd olmazsa) zəifləmə şansı var. İkincisi, Azərbaycanda şəhidlik kütləviləşib. Dağlıq Qarabağda hər ölən şəhid olur. Şəhidlərin sayı-hesabı yoxdur. Üçüncüsü şəhidlik eşitdiyimə görə sosial dəyərlərin qara bazarında satlıq maldır. Pulunu verirsən, şəhid adını verirlər. Bəzi dəyərlər vardır ki, onların iqtisadi kateqoriyaya çevrilməsi və ya hər hansı şəkildə insandan insana digər resurslar (pul, xidmət) əsasında ötürülməsi onları ucuzlaşdırır, çünki belədə həmin dəyər şəxssizləşir, onun oluşması üçün gərəkən fərdi qatqı qavramı zəifləyir. Şəhidlik də bunlardan biridir və yuxarıda sadaladığım hallar onu ucuzlaşdırır.
Bundan başqa toplumun ümumiyyətlə gəlişmə istiqaməti də şəhidlik qavramını zəiflədir. Toplumda dəyərlər nə qədər fraqmentarlaşarsa, insanlar nə qədər fərdiyyətçi olarsa şəhid olmaq istəyənlərin sayı bir o qədər az olar. Çünki şəhidlik həm də başqaları ilə paylaşılan dərin bağın olmasını, hər kəsin güzəştə gedilməz hesab etdiyi dəyərlərin varlığını istəyir. Fərdiyyətçi və dəyərcə fraqmentarlaşan cəmiyyətlərdə isə bu ilkin şərtlər çox zəif olar. Azərbaycanda o yöndə gəlişdiyindən şəhid olmağa hazır olanlarında sayı gedərək azalacaq. Bu mənada 20 yanvar hadisəsi çağdaş Azərbaycan tarixində təkrarsız, bir xalqın bir daha qadir ola bilməyəcəyi bir hadisəni anladır. Bütün şəhidlərə rəhmət....
No comments:
Post a Comment