Wednesday, December 29, 2010

Elə və Belə


Ekkleziologiya – Kilisə haqqında teoloji təlimlərin məcmusuna və Kilisəni teoloji baxış bucağından araşdıran sahəyə verilən addı (Ekklesia – kilisə). Dilimizdə buna yəqin Kilisə bilimi və ya Kilisəşünaslıq deyilə bilər. Ekkleziologiyanı icmaşünaslıqdan ayırmaq lazımdı. İcmaşünaslıq konkret icmaları insan qrupu, sosial orqanizm kimi və sosioloji, psixoloji baxış bucağından araşdıran bir sahədi (congregational studies). Kilisəşünaslıq daha çox doqmalara bağlıdı. İcmaşünaslıq isə daha çox pastora və ya icma rəhbərlərinə yardım etmək və ümumiyyətlə kilisələri, icmaları elmi məqsədlə öyrənmək məqsədi daşıyır.
Kilisəşünaslıqdakı suallar təxminən buna bənzəyir: Kilisə-icma necə idarə olunmalıdı və bunun teoloji əsasları nədi? Kilisə İsa Məsihin bədəni kimi, bizim İlahi ilə əlaqələrimizdə necə rol oynayır? Bir kilisəni kilisə edən nədir?
İcmaşünaslıqdakı suallar təxminən belədi: İcma üzvləri arasındakı münasibətlərin dinamikası necədi? İcmalardakı konfliktlər nədə görünür? Konkret bir icmanın kimliyini nə təyin edir? Bir icmanın özəlliklərini anlamaq üçün nələrə fikir vermək lazımdı və s.? 

Friday, December 24, 2010

Budaq cümləsinin təzəsi hansı ki dilimizdə yenidi


Mənə maraqlıdı, dilimizdə nə vaxtdan hansı ki sözüylə başlayan budaq cümlələr işlədilir, hə? Məsələn belə, mən Bakıda yaşayıram, hansı ki Xəzərin sahilində bir şəhərdi. Ara-sıra mətbuatda harda ki ilə başlayan budaq cümlələrə də rastlamaq olur. Bakıda harda ki Xəzərin sahilində bir şəhərdi cinayət hadisəsi baş verib. Artıq şifahi nitqdə də eşitmək mümkündü belə danışığı.
Məncə bu dilimizdə doğru-düzgün danışammayanların və rus, ingilis digər dillərdən tərcümə edərək yazanların yol verdiyi səhvdi – ordan şifahi nitqə keçib.
Danışıq dili, yazı dilinə nisbətən daha az formaldı, daha çox dəyişkəndi və yazı dilindən fərqli olaraq onun normaları, qayda-qanunları rigid deyil. Ancaq danışıq dili ilə yazı dili arasında əlaqə var, onlar biri-birinə təsir edirlər. Bu gedişlə biri gün sabah hansı ki ilə başlayan budaq cümlələri danışıq və yazı dilində tam qəbul olunmuş, normal bir özəlliyə çevriləcək.  

Monday, December 20, 2010

Milad


Milad gəlib.
Bir neçə günə dünyanın hər tərəfində kilisələr İsa Məsihin doğuluşunu qeyd etməyə başlaycaqlar. Məni hər zaman Miladda özünə çəkən ideyanın arxasında duran radikallıq, ağlasığmazlıq və tərsinəlikdi. Milad insan ağlına tərs düşən yox, əksinə insan ağlını lağa qoyan bir inancın oluşmasını anladır. Milad nəyi iddia edir? Milad iddia edir ki, tövlədəki kiçik beşiyin içində yatan köməksiz, ana döşündən süd əmən uşaq İlahidi, Allahdı. Küfrdür, deyilmi? Ancaq Milad daha dərin radikal ideyaları içərir. Həmin körpə həm də Xilaskardır. O Xilaskar ki insanları günahkar təbiətdən xilas etməyə gəlib, onları ədalətə səsləməklə və özü də onlar üçün qurban getməklə ağlasığmaz bir ümidi gözlər önünə sərib. Körpənin özünü soyuqdan, aclıqdan, hətta kəskin hərəkətdən xilas edən lazımdı o ki qaldı o başqalarını xilas edə. Gülüncdür, deyilmi?

Thursday, December 16, 2010

Çoxsəsli Dua


Aşağıdakı şərtlərə cavab verən dua etmək sizcə necə olar: 1) Birdən çox insan, 2) bir yerdə (biri-birini eşidikləri məsafədə) 3) ucadan (ürəklərində deyil),   3) eyni anda, 4) sərbəst (hər kəs istədiyi mövzuda, asinxron) dua edirlər? Söhbət içtimai, öncədən sözləri və şəkli razılaşdırılmış, xorla edilən (eyni anda, eyni sözləri deməklə) qrup dualarından getmir. Söhbət “hər ağızdan bir avaz gəlir” üslubunda duadan gedir.
Mən dəfələrlə bəzi Məsihilərlə bir araya gəlib bu cür dua etmişəm və belə bir dua şəklinin çox maraqlı, özəl olduğundan yazmaq istəyirəm. Ancaq öncə belə bir duanın kənardan nəyə bənzədiyini yazım. Təsəvvür edin ki, bir qrupda hamı eyni anda, ucadan danışır. Siz də danışırsınız. Ara-sıra qulağınız başqalarının sözlərini eşidir, lakin tam anlamırsınız, çünki diqqətiniz tam onlarda deyil. Bəzən diqqətiniz yayınır, bəzən diqqətinizi cəmləyə bilirsiniz.

Friday, December 10, 2010

Hicablamalımı, hicablamamalımı?


Son günlər mətbuatı izlədikcə, Azərbaycanın əslində çox maraqlı və hətta gözəl bir şansı əldən çıxardığı qənaətinə gəlirəm. Yəqin xəbəriniz var, ölkəmizdə artıq başıörtülü və ya hicabla təhsil müəssisələrinə girmək problemə çevrilir və ya çevrilib.  Əlbəttə, papaqla, qeyri-dini məqsədlə başınızı bağlayıb məktəbə, universitetə getsəniz yəqin ki problem olmaz, ancaq elə ki dini inancınızın tələblərinə görə başınızı bağladınız, problem başlayır.

Thursday, December 2, 2010

Teoloji Bilgi

İnanc bilgisi ilə bağlı ara-sıra rastlaşdığım yazılarda sözügedən bilgini elmlə, özəlliklə də dəqiq elmlərlə müqayisə edirlər ki, inancın əslində anlamsız bir şey olduğunu göstərsinlər. Məncə, inancın daha doğrusu inanc bilgisinin təbii elmlərlə, digər elmlərlə kəsişdiyi, uyğun gəldiyi, hətta tərs düşdüyü sferalar var ancaq bunlar təbii elmlərlə, ümumiyyətlə çağdaş dönəmdə elm anlayışı altında başa düşülən bilgilərlə inanca dayanan bilginin tam və qəti olaraq eyni tərəziyə qoymağa əsas vermir.

Friday, November 26, 2010

Cəhənnəm Düşüncələri

Bu gün bir kitab mağazasında əlimə Tomas Mortanın yazdığı bir kitab keçdi və açıb vərəqlədim. Tomas Mortan müasir Katolisizmin məşhur mistiklərindədi. Onun yazdığı kitablar indi də sevilərək oxunur. Kitabın elə birinci səhifələrindən Mortan cəhənnəmdən bəsh edir.
Orda oxuduqlarım, məni bu postu yazmağa vadar etdi. Maraqlıdır ki, son əsrdə Katolik teologiyasında və ümumiyyətlə Məsihi teologiyasında ölümdən sonrakı yaşamla, varlıqla, olub-bitənlərlə bağlı ilginc baxış bucağı, təxəyyül oyunu, incəlikləri ortaya çıxmaqdadır. Ancaq öncə bir az keçmişə göz ataq ki, fərqi anlamaq mümkün olsun.

Sunday, November 21, 2010

Azadlıq

Bloqqerlər Adnan və Emin azadlıqdadırlar. Bu, sevinməli hadisədi. Sevinməlidi ona görə ki, haqsız yerə sıxma-boğmaya salmışdılar və bu haqsızlığı aradan qaldırıblar. Ancaq Azərbaycanda belə şeylərin baş verməsi insanı üzür. İnsanları kefləri istəyən zaman həbs edib, ürəkləri istəyən zaman sərbəst buraxırlar.

Monday, November 15, 2010

Deyilənlərə görə...


Maraqlı mülahizələrdi. Təəssüf ki, fikri yayımlanan müsahib Xristianlıqdakı müxtəlif konfessiyalara aid şəxslərin evlənməsinin yolverilməzliyini təsdiqləyən mənbələrini göstərmir. Müqəddəs Kitabda bununla bağlı müxtəlif fikirlər var, ancaq ümumilikdə söhbət Bibliyadan gedirsə, Qutsal Yazı fərqli dinlərə məxsus insanlar arasındakı evliliyi ardıcıl və qəti pisləmir - ona birmənalı qiymət vermək bir az çətindi.
Oxumağa dəyər.  

Thursday, November 11, 2010

Çiy Seçkilər


Saxta seçkilərlə razılaşmadığımız zaman dini inanc susmağı önə sürmür. Əksinə, seçkilərin saxtalaşdırıldığını anlatmaq, onun əleyhinə vəəz oxumaq və insanları bundan xəbərdar etmək lazımdı. Ona görə ki, sosial-içtimai həyat hər bir inanclının marağındadı və seçkilərin nəticələri vətəndaş kimi inanclıya da təsir etdiyindən saxta seçkilərə qarşı durmaq, istər dini, istərsə də sekulyar baxış bucağından, inanclının haqqıdı.
Hər vaxt olduğu kimi, yenə də saxta seçkilər keçirildi və parlamentə quzu dərisinə girmiş qurdlar təşrif buyurdu. Bu cür seçkilər daha öncə bəhs etdiyimiz içtimai çüysüdəmmişliyin bir parçasıdı və xeyirli gələcəkdən başqa hər şeyə xidmət edir.   

Sunday, November 7, 2010

Rəbb Qarşısında Vəsatət Qaldırırıq!


Bu günlərdə intercessory prayer sözünün dilimizə vəsatət kimi tərcümə olunduğunu gördüm. Vəsatət hüquqi termindi. Məhkəmə qarşısında vəsatət qaldırılar, bu və ya digər bir sübutun məhkəmə sübutlarına əlavə edilməsi üçün.
Sözün düzü, intercessory prayer sözünün vəsatət kimi dilimizə çevriliməsi bir az qəribə gəldi. İnancın isti, ilıq, bəzən ehtiraslı hisslərdən, yaşantılardan xəbər verən özəlliklərini, bu halda duanı, ifadə etmək üçün quru hüquqşünaslıqdan çoxluğun anlamadığı bir terminin istifadə edilməsi mənə leqalizmi xatırlatdı. Elə bil İlahi hakimdi, biz də hər hansı məsələ ilə bağlı onun qarşısında, kim bilir hansı qanunvericiliyinin, hansı məcəllənin hansı maddəsinə görə vəsatət qaldırırıq. İlahini və bizi biri-birimizi hər ikimizin tabe olması gərəkən bir gözəgörünməz, məşum qanunvericilik bağlayır. Talemi, özündənrazılıqmı, Rəbblə quru-quru danışmaq, formallaşdırmaq qanunvericiliyimi, yoxsa nə deyim, heç özüm də bilmirəm.

Sunday, October 31, 2010

Toplum çiysüdəmmişliyi

Yazılarımızı davamlı izləyənlər çiysüdəmmişliyin nəyi ifadə etdiyini bilirlər. Odur ki, sözü hansı anlamda işlətdiyimi bilmək istəyənlər köhnə yazılara göz ata bilərlər. Bu postda isə məni çiysüdəmmişliyin bir növü maraqlandırır: gəlin onu toplum çiysüdəmmişliyi adlandıraq. Ürəyinizdən keçirsə, buna içtimai çiysüdəmmişlik də demək olar. İçtimai çiysüdəmmişlik qavramı Azadlıq teologiyasında ətraflı işlənib və onun kökü İncillərdən gəlir.
Toplum çiysüdəmmişliyi içtimai strukturlarda, toplumun özündə, toplumdakı münasibətlərdə əks olunmuş və toplumun mövcudluq şəklinin bir halına gəlmiş ədalətsizliyə deyilir. Ədalətsizlik günahkarlıq olduğuna görə, toplum çiysüdəmmişliyi günahkarlığın içtimai tərəfi, onun içtimai yönüdür söylənə bilər. Bununla belə, toplumun çiysüdəmmişliyi ilə günahı qarışdırmaq lazım deyil. Toplum çiysüdəmmişliyi günahdan fərqli olaraq konkret fərdlərin konkret əməllərini-günahı, ya günah əməlini yox, ümumilikdə bütün cəmiyyətə sirayət etmiş, adət-ənənədən, dövlət strukturlarından, insanların verilən konkret cəmiyyətin üzvü kimi müəyyən özəlliklərindən qaynaqlanan ədalətsizlikləri, yolsuzluq özəlliyini anladır. Toplum çiysüdəmmişliyi toplumdakı hər şeyə hopub, insanlar onun bir parçasıdır və insanlar öz fəaliyyətləri ilə onu törədir, yaşadır, davam etdirirlər. Bununla belə, onun konkret bir törədicisi, sahibi yoxdu.   

Saturday, October 23, 2010

TV-lər və inanc

Kultura.az saytında Almaniyada inanc və telekanallarla bağlı maraqlı məqalə verilib.
Məsləhətdi. Oxuyaq, görək axırı hara gedir.
Bu aralar, iki həftə bloqu yeniləmək imkanım olmayacaq.
Hər kəsə səbr arzulayıram.




Monday, October 18, 2010

İsa Məsih, İlahi və İnsan - 2



Bəs əgər Tanrı öz tanrılığını itirmədən, insan da öz insanlığını itirmədən biri-birinə dönsələr, girsələr, keçsələr necə olsun? İslamın bu varianta, belə bir şeyin olabilmə imkanına cavabı “yox”dur. Başqa sözlə, İslamda yaradanla yaradılış arasındakı münasibət “ya Yaradandır, ya da yaradılmışdır” şəklində qoyulur. Xristianlıqda isə İsa Məsihin timsalında sözügedən məsələ, “həm Yaradandır (İsa Məsih Rəbbdir), həm də yaradılmışdır (İsa Məsih insandır)” şəklində ortaya çıxır. Lakin Xristianlıqda sözügedən “həm belədir, həm elədir” münasibəti bütün yaradılışla Yaradan arasındakı münasibətlərə deyil, yalnız özəl, bir dəfə baş vermiş hadisə kimi, Fələstinli Yəhudi İsa ilə İlahi arasındakı münasibətlərə şamil edilir. Məhz buna görədir ki, İsa Məsihin İsəvilikdə özəl yeri var. İsa Məsihdə İlahi və insan qovuşub görüşüb birləşiblər və bir olublar. Bəs bu necə baş verə bilər? İsa Məsihin həm insan, həm də İlahi kimi necəliyini anlatmaq üçün İsəvilik tarixində fərqli bənzətmələrdən istifadə edilib. Bunlardan bəzilərini aşağıda yazıram. Ancaq nəzərə alaq ki, bütün bənzətmələr qüsurludur və sözünü etdiyimiz inancın bir tərəfini aydınlatsa da digər tərəfini qaranlıqda buraxır:

Wednesday, October 13, 2010

İsa Məsih, İlahi və İnsan - 1


Məsihiliyin ən önəmli və İslamla kökündən tərs düşən özəlliklərindən biri bədənləşmə inancı, qavramı və doqmasıdı. Sözügedən inanc-doqma həm də Musəvilik inancına bir qavram kimi tərs düşür. Bədənləşmə İsa Məsihdə Allahın insaniləşdiyini yəni insana dönüb, insan kimi yerə gəlib aramızda yaşadığını bildirir. Latınca, İngiliscə inkarnasiya sözündə ideyanın, inancın kökü görülür: inkarnasiya – bədənə çevrilmə, bədən alma, anlamına gəlir.
Ancaq bədənləşmə əslində iki nüansı birləşdirir. Bunun biri İlahinin bədən alması, həm də məhz insan bədəni alması, insaniləşməsi, digəri isə Rəbbin cismaniləşməsidi. Məsələ, burasındadır ki, bədən həm də cismdi. Bədən ət-qan, materiya deməkdi. Bu mənada, bədənləşmə əslində bir neçə nüansı içinə alır: Allahın insaniləşməsi (1), yəni Allahın insan kimi bədən-forma alması (a) və Allahın insan cismində təzahürü, insan kimi cismaniləşməsi (b). Sözügedən inanc insan üçün də müəyyən bir şeylər anlamına gəlir. İlahinin insana dönməsi, insanın İlahi məbədi olmaqla şərəfləndirilməsi, insanın öz insanlığını itirmədən müqəddəslik özəlliklərindən bəzilərini əldə etməsi, Allahla içi-içə olmaq səviyyəsində yaxınlaşması imkanı deməkdi. Bundan başqa, özəl olaraq Məsihilik kontekstində bu, insanın öz çiysüdəmmişliyindən qurtarmasıdı.
Məsihilik teologiyasında niyə İlahi insaniləşdi və niyə insan ilahiləşdi sorusuna ürəyiniz istəyən qədər cavablar-fikirlər-mübahisələr var. Uzun əsrlər boyu gəlişdirilən, özünəməxsus zəngin, dərin və şirin metafizik-fəlsəfi, inanca dayanan cavablarla maraqlanmaq istəsəniz araşdırmanızı məsləhət görərdim. Məni isə başqa şey maraqlandırır.

Saturday, October 9, 2010

Balıqdan kimə nə? (zarafatsız)


İxtus yunancada balıq anlamına gəlir. İsəvilikdə həm də bir simvol kimi işlədilir, ancaq o qədər də geniş yayılmayıb. İxtus sözündəki hər hərf həm də qədim yunancada İsa Məsih, İlahinin Oğlu, Xilaskar (İesus Xristos, Teu Uiu, Sodzon) adındakı hər sözün baş hərfinə uyğun gəlir. Bu mənada, İxtus sözü bir abbreviaturadı.  

Monday, October 4, 2010

Günümüzün Elçiləri


Peyğəmbər deyəndə ilk ağla gələn nə olur? Allahla əlaqəsi olan və İlahidən vəhy alıb onu insanlara çatdıran şəxs. İslama görə, Məhəmməd son peyğəmbər olub, onun da insanlara gətirdiyi əsas vəhy İlahinin təkliyi və bu tək ilahiyə təslimiyyətdi. İslama görə bütün peyğəmbərlər İlahinin təkliyini və ona təslimiyyəti öyrədiblər.

Wednesday, September 29, 2010

DuaLogia

Dua,

Düşünülür,
Pıçhapıç olur,
Söylənir,

Qəfildən gəlir,
Ağızdan qaçdı olur,
Sözlənir.

Friday, September 24, 2010

Olsun, Olmasın?

Azadlıq radiosu Katolisizmin problemlərindən biri haqqında yazır. Kilisə xadimlərinin evliliyinə/cinsəl həyatına gətirilən yasaq və onun aradan qaldırılması ara-sıra Katolisizmdə müxtəlif qalmaqallara, mübahisələrə yol açır. 
Kilisə atalarının, xadimlərinin cinsəl həyatdan imtina etməsi və ya bakirə həyatını seçməsi Pravoslavlıqda, Protestantlıqda könüllü, Katolisizmdə isə məcburi xarakter daşıyır. Pravoslavlıqda az-çox görülsə də Protestantlıqda bakirəlik əhdi rahiblik yaşam tərzinin çökməsiylə birgə iflasa uğrayıb. Bununla belə, indiyə qədər ara-sıra Protestantlarda bakirəlik əhdi götürmüş insanlara rastlanır. 
Yəqin ki, gələcəkdə bakirəlik əhdi Katolik kilisə xadimləri üçün də könüllü olacaq və bir müddət sonra tamamən unudulacaq. Sosial həyatın, mətbuatın gedərək cinsəl mövzulara daha çox yer ayırdığı, cinsəl yaşamın gedərək ortaya çəkildiyi bir dönəmdə belə bir institutu saxlamaq və gəlişdirmək çox çətindir.   

Sunday, September 19, 2010

Pastoral Genəşikdən bir parça


Pastoral genəşiyin dərininə getdikcə, insanlarla görüşüb problemlərini, dərdlərini dinlədikcə bir-iki nüansı yavaş-yavaş aydınlanır. Həmin nüanslar bir pastorun tanıması, qəbul etməsi və izləməsi gərəkən pastoral nəzakət və ruh özəllikləridi. 
Birincisi, insanları dinləmək asan deyil. Bu azmış kimi, insanları hər zaman eyni və ya yaxın mövzularda dinləmək heç yerli-dibli asan deyil. Odur ki, insanların dərdini, problemlərini müntəzəm dinləyən pastorun insan dərdlərinə kütləşmə, problemlərə, insan yanğısına yadlaşma ehtimalı artır. Pastor bundan xəbərdar olmalı və bunu önləməyə çalışmalıdı. İnsanların canyanğısına, ürəkboşaltmalarına yadlaşma, pastorun İlahi ilə münasibətini zəiflədir. Odur ki, pastor, birincisi, yaxşı, aktiv və dərindən dinləməyi bacarmalı, ikincisi də insanları dinləyərəkdən, onların dərd-sərinə aydınlıq gətirərkən onlara və özünə yadlaşa biləcəyinin fərqində olmalı və bunu önləmək üçün tədbir görməlidi. 

Monday, September 13, 2010

Göz: Gözəllik və İlahi Nəsiminin Gözündə - 2



Burda bir haşiyə çıxaq. Soruşula bilər ki, niyə gözəlin gözəlliyini anlamaq üçün Haqqı - İlahini bilməyə ehtiyac var? Axı Haqqı tanımayan yəni İlahiyə inanmayan birisi də gözəlin gözəlliyini anlaya və tanıya bilər. Bu suala, əgər biz Nəsiminin dünyası ortamında və Nəsiminin gözüylə baxsaq “yox” cavabı verəcəyik. Ona görə ki, Haqqı tanımayan gözəlliyə baxır, ancaq onu görmür, çünki Nəsimi demiş, gözəlliyi-məhliqanı görmək üçün Haqqı görən göz gərək. Rəbbə inanmayan, İlahiyə inanmayan materialist, ateist üçün gözəllik son nəticədə materiyanın məmnunluq verən fiziki-sosial özəlliyindən başqa bir şey deyil. Nəsiminin dünyasında isə gözəllik sadəcə fiziki gözəlliktək görülmür. Gözəllik, özəlliklə məhliqanın gözəlliyi, yaradılmışın, bir yaratığın gözəlliyidi.

Wednesday, September 8, 2010

Göz: Gözəllik və İlahi Nəsiminin Gözündə - 1



Haq görən bir göz gərək, görsün səni, ey məhliqa,
Yüz baхa, görməz хudanı, göz əgər хudbin оla. (Nəsimi)





Yuxarıdakı beyt Nəsiminindi.  Çox maraqlı beytdi, bir neçə həftə bundan öncə İnternetdən tapdım, sonra da bilgisayarıma köçürdüm.  Xoşum gəldi, ona görə. Aşağıda həmin beytlə bağlı qeydlərimi açıqlayıram.

Bu beyt göz sözünün mərkəzi qavram-mənayüklü söz kimi istifadəsi üzərində qurulub. Göz sözü iki dəfə, gözlə bağlı başqa sözlər də bir neçə dəfə işlənir (görsün, baxa, görməz və dolayısıyla xudbin).
Bundan başqa beytdə baxmaq və görmək arasında fərq qoyulur. Baxmaq görməkdən öncə gəlir. Görmək üçün baxmaq lazımdı, ancaq baxmaq öz-özünə görməyə səbəb olmaz. Baxmaq fizikidi və görməyin şərtidi, görmək burda qavramaq, fərqinə varmaq, düzgün və yerində dəyərləndirmək anlamındadı. Beyt dolayısıyla görməyin nəylə şərtləndiyi açıqlayır (X-i görmək üçün Y-i görmək lazımdı).

Saturday, September 4, 2010

Şəkilli Qurani-Kərim


Məncə, Azərbaycandakı müsəlmanların, özəlliklə də modern düşüncəyə yaxın olan müsəlmanların kitab, şəkil, müqəddəs söz, bir sözlə, vəhy və onun materiyada ifadəsi qavramlarını zənginləşdirmək və ümumiyyətlə ağlı olan hər kəsi, xristianı, musəvisi, krişnaçısı da daxil olmaqla düşündürmək üçün müqəddəs kitabların komiksini hazırlamaq olar.
Deyəcəksiniz öncə Bibliyanın komiksini hazırlayın. Onu artıq hazırlayıblar, çap ediblər və yayıblar. Özü də bir deyil, dəfələrlə. Sadəcə bizimkilərin yəqin ki, əlinə keçmir. Komiks janrı Azərbaycanda yayğın deyil. Ancaq əminəm ki, onun da marketini yaratmaq olar, çünki ölkədə istədiyiniz qədər potensial komiks oxucusu var. Komiks, qısacası, şəkilli-sözlü hekayət deməkdi, vəssalam. Hər hansı bir komiksdə hekayə, kitabın anlatmaq istədiyi sadəcə sözlə deyil, həm də şəkillərlə anladılır. Bu, (şəkillərin, rəsmlərin hekayəni anladan əsas vasitəyə çevrilməsi) komiksi digər növ şəkilli kitablardan ayıran başlıca özəllikdi. Odur ki, oxucu cümləni oxuyub, həmin cümlədə bəhs edilən məsələnin təsvirini, şəklini də görmək imkanında olur. Şəxsən mən indiyə qədər bütöv Bibliyanın komiksini tapmamışam, ancaq tapsam böyük məmnuniyyətlə oxuyardım. Ona görə yox ki, komiks həvəskarıyam, ona görə ki, komiks vasitəsilə sözün yanısıra oxucuya əlavə informasiya ötürmək və oxumaq (və baxmaq) yaşantısını zənginləşdirmək olar. 

Monday, August 30, 2010

Tanrıcıl Seçərilik - 3

Üçüncüsü, son nəticədə hər şey İlahiyə aiddir və konkret seçimlərimizdə öz hədlərimiz tanımalıyıq. Bu meyarı, qulluqçu Davudun Abişaya verdiyi cavabda görmək mümkündür. Diqqət etdinizsə, Davud deyir ki, “Rəbbə and olsun, Rəbb onu mütləq vuracaq. Elə gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq.” Onun bu sözlərində iki nüans özünü göstərir: a) Ölüm son nəticədə Tanrının əlindədi-onu öldürməsəm də belə, sonucda o öləcək, İlahinin iradəsi yerinə gələcək. 2) “Rəbb onu mütləq vuracaq.” Bu cümlələr mənə belə hiss aşılayır ki, Davud Tanrının padşah Şaulu cəzalandıracağına, Tanrının geniş perspektivdə əslində ona qələbə gətirəcəyinə səmimi inanırmış. Bu, həm də İlahiyə inancın ifadəsidi. Davudun bütün seçimlərinin arxasında İlahiyə inanc və həmin bu inancdan qaynaqlanan şərh durur. Qulluqçu Davudun onun bu qaçaqaçında günahkar insanları lənətləməsi üçün verdiyi səbəb və son xitabı bunu anladır (1 Şamuel 26:19, son cümlə, 23-24).     

Wednesday, August 25, 2010

Tanrıcıl Seçərilik - 2

Soru yaranır: Nəyə görə Davud öz dünyəvi və birbaşa maraqları üçün əlverişsiz seçənəyi seçir və bundan nə öyrənə bilərik? Davud özü soruya cavab verir: ““Yox, onu öldürmə! Bax Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı?” Davud yenə dedi: “Var olan Rəbbə and olsun, Rəbb onu mütləq vuracaq. Elə gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq.”” Davud verdiyi cavabla Abişayın padşah Şaulu öldürməsinə imkan vermir, ancaq Abişay sadəcə icraçıdı. Padşah Şaulun ölümü ya yaşamı əslində buna qərar verən şəxsə, qulluqçu Davuda bağlıdı. Davud da bu öldürmək təklifini-seçənəyi rədd edir. 

Friday, August 20, 2010

Tanrıcıl Seçərilik - 1



İstənilən bir hekayəni müxtəlif şəkillərdə şərh etmək və ondan dəyişik məqsədlərlə, müxtəlif baxış bucaqlarından bir çox şeylər öyrənmək olar. Odur ki, hardan vurub hardan çıxacağımı öncə bir azcıq açıqlayım. Məni sözügedən hekayədə (1 Şamuel 26) ən çox maraqlandıran seçim konsepti və onun necə işlənməsidi. Elə hekayənin önəmli ortanc qavramlarından biri də budur. Seçim, seçmək, seçimin ortamı və s. bu kimi mövzuları ələ almaqla mən inanc və inanclının – İsəvinin seçiminə göz atacam. Göz atmaqda niyyət ümumiyyətlə hekayənin elmi-ədəbi və ya hər hansı akademik analizi-araşdırılması deyil. Hekayəni seçimlə bağlı xırdalamaqda məqsəd inanc (teoloji) baxış bucağından güncəl yaşamımıza gətirə biləcəyimiz bir-iki şey öyrənməkdi.

Sunday, August 15, 2010

Davudun yenə Şaula rəhm etməsi (Birinci Şamuel 26)

Əziz dostlar, aşağıda Bibliyanın Birinci Şamuel kitabından 26-cı bölümü (1-25) tapacaqsınız. Gələn yazımızda həmin bu bölümdən öyrənilməsi mümkün bir-iki qeyd yazacağıq.

1) Ziflilər Giveaya, Şaulun yanına gəlib dedilər: “Davud Yeşimon şəhəri ilə üzbəüz olan Xakila təpəsində gizlənmirmi?” 2) Şaul durub Davudu axtarmaq üçün özü ilə bərabər İsraildən üç min seçmə adam götürərək Zif səhrasına endi. 3) O, Yeşimonla üzbəüz olan Xakila təpəsindəki yol kənarında ordugah qurdu. Səhrada qalan Davud Şaulun onun ardınca düşüb gəldiyini gördü. 4) Davud kəşfiyyatçılar göndərdi və həqiqətən, Şaulun gəldiyini öyrəndi. 5) O,  qalxıb Şaulun ordugah qurduğu yerə gəldi və Şaulla ordu başçısı Ner oğlu Avnerin yatdığı yerə baxdı. Şaul ordugahın içərisində yatırdı. Xalq onun yanında düşərgə salmışdı.


Friday, July 30, 2010

Dinc Əl

Yorulmuşam, əzizlərim. Dincəlmək vaxtı gəlib. Bir müddət heç nə yazmaq istəmirəm. Yəqin ki, 10-15 gün heç nə yazmayacam. Hamıya, özüm də içində olmaqla səbr arzulayıram.

Friday, July 23, 2010

Azərbaycanda Alternativ Tanrıcıllıq Düşüncəsi

Azərbaycanda teoloji düşüncə ölgündü. Bunun bir sıra səbəbləri var, mən onlardan üçünə toxunacam. Birincisi, Azərbaycanda teoloji düşüncə, həmişə İslam dininə dayanıb, onun ideyaları üzərində gəlişib. Arada başqa dinlərlə, inanclarla, ideologiya və s. ilə bir görüşmə, alış-veriş olmadığına görə bu ilahiyyatçılıq düşüncəsi cırlaşmağa başlayıb. Doqmaları nə qədər dönüb-dolaşıb təkrarlamaq olar? İkincisi, Azərbaycanda Sovetin təsiri ilə ilahiyyatçılıq düşüncəsi və dərin ilahiyyatçılıq ənənəsi demək olar ki, ölüb. Əslində Sovet hökumətindən öncə də çox ciddi, dərin bir şey yox idi, çünki Azərbaycan İslam dünyasının qırağındadı dərin ilahiyyatçılıq axınlarından uzaqdaydı, bundan başqa İslam ilahiyyat düşüncəsi özü bir çöküş dönəminə girmişdi və indiyə qədərdə bu belə qalmaqdadı. Sovet hökumətinin sistematik təsiri ilə olan-qalan ənənə də zəiflədi.

Saturday, July 17, 2010

Təbrizli missioner: yaxın tarixdən bir səs

Əziz oxucular, bir müddət öncə, sizi maraqlandıracaq bir şəxsdən müsahibə almışam. O, Güney Azərbacanda teokratik rejim qurulmazdan öncəki dönəmdə missioner olub. Təbrizdə böyümüş bu şəxs Azərbaycanca da danışır-onun şirin Təbriz ləhcəsini eşitmək lazımdı! Qutsal Sözün toxumlarını qarışıq bir dönəmdə Güneyli qardaş və bacılarımızın ürəyinə əkən bir şəxslə danışmaq istəsəniz, o, həmin dövrün canlı tarixi kimi sizə maraqlı bilgilər verməyə ən yaxşı mənbədi. Gəlin onu Tat adlandıraq. Aşağıda Tatın müsahibəsi verilmişdir.

Monday, July 12, 2010

İsəvi yaşamı

Məsihi yaşamı İsəviliyin öyrətdiyi kimi yaşamağa çalışmaq və bu çalışmaq cəhdlərindən doğan sonucdu. Məsihi yaşamı bir prosesdi.


Məncə bunu qeyd etmək artıqdır ki, Tanrıya inanan və inancını da yaşamının ortaçına çəkən insan həmin inanca, onun öyrətdiyinə uyğun yaşamağı qəbul etmiş olur. Məsihiliyi çox sıx yaşamaqdan tutmuş, ara-sıra, yıxıla-qalxa kimi də yaşamaq mümkündü və məncə hər insan İlahiylə münasibətinə dayanaraqdan, Müqəddəs Ruhun təsiriylə öz yolunu seçir.

Ancaq Məsihiliyi hər necə yaşamağımızdan asılı olmayaraq bəzi ritualllar, ayinlər, təkrarlanması gərəkən praktikalar vardır ki, onlar İsəvi yaşamanı gəlişdirir, bizi ayaqda tutur və kimliyizi Tanrı işığında həm özümüz, həm də başqaları üçün aydınlatır. Bu cür, ritual və praktikalar sadəcə Məsihiliyə aid deyil, bütün inanc sistemlərində, özəlliklə də uzun tarixə malik, gəlişmiş, zəngin dinlərdə görülür. Aşağıda bir çoxlarınıza başqa inanclardan tanış olan və Məsihilikdə də rast gəlinən bu praktikalardan, inanclı yaşam cəhdlərindən bəzilərini sadalayacam.

Monday, July 5, 2010

Vaiz və Vəəz -3

Bu örnək də Protestant pastorun vəəzini göstərir. Digər Xristian budaqlarından fərqli olaraq Protestantlıqda həm tapınmada həm də teologiyada söz və Söz vurğulanır. Buna görə də Protestant kilisələrində vəəzlər digərlərinə nisbətən bir az uzun olar və vaizlik işi daha çox dərindən öyrənilmişdi. Vaizlik həm də daha az formallığa malikdi.


Özlüyündə vəəzlər inanclıya yönəlsə də bəzən vaizlər inancın dışına çıxan, apologetik məqsədli məsələlərə də toxunurlar. Bəzən onlar ölkədəki siyasi-içtimai vəziyyətlə bağlı fikirlər söyləyirlər və s.

Friday, June 25, 2010

Vaiz və vəəz

Əgər Azərbaycan ədəbiyyatına, xüsusən də klassik ədəbiyyata göz atsanız zahid, zünnar, sözüylə yanaşı ara-sıra vaiz sözünün də işlədildiyini görəcəksiniz. Vaiz və vəəz hər ikisi ərəb sözüdü. Sözlərinn kökünün və hərfi anlamının nə olduğunu bilmirəm, ancaq kilisədə pastorun, kahinin Qutsal Kitabı anlatmasının - insanları inanca, barışığa, sevgiyə çağırmasının və bu məqsədlə etdiyi çıxışın - vəəz adlandığını və bunu edən şəxsin də vaiz adlandığını bilirəm. İslamda buna bənzər xütbə və xütbə oxumaq anlayışı var. Burda qısa haşiyə çıxım: zahidlər necə rişxənd və kinayə obyekti - metafor olubsa, vaizlərə də ondan bir pay düşüb (“Zahidin bir barmağın kəssən...”i xatırlayın).
Vaizlik inanca dayanır, o inanclılar və qeyri-inanclılar üçündü. Fərqli Məsihilik budaqlarında vaizlik işi fərqli önəmə malikdi. Söz güləşdirməkdə və deyəsən çox danışmaqda Protestantlar atlanıb hamıdan qabağa düşüblər ona görə də Protestantlar arasında vəəz və vaizlik çox gəlişib. Ancaq ciddi yanaşsaq, bunun özünəməxsus teoloi özəlliklərdən qaynaqlanan səbəbləri var.
Aşağıda mən, Pravoslav kilisəsində bir vaizin (İyerey Sısoev) vəəzini yerləşdirmişəm. Daha sonrakı postlarda Katolik və Protestant vəəzlərini yerləşdirəcəm ki, müqayisə edə biləsiniz. Onlardan sonra da vaizlik üzərinə bir – iki cızma-qara edəcəyik. Vaizlərin danışdıqları ilə razılaşmaq önəmli deyil bu halda, və onları seçərkən də mövzusuna görə deyil, aidiyyətinə əsasən seçmişəm. 


Monday, June 21, 2010

İnancın yolları (Romalılara 12:9-21)

“9.Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. 10.Qardaşlıq sevgisi ilə biri-biriniz sevin. Hörmət göstərməkdə biri-birinizi qabaqlayın. 11.Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. 12.Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. 13.Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.

Sunday, June 13, 2010

Islam və Məsihilik: İlahi üzərinə vəhyin ortancı və qırağı

Həm İslamda, həm də Xristianlıqda İlahinin təkliyi qəbul olunsa da fərqli başa düşülür – bunu bir daha təkrarlayım. Bunun daha dərində yatan kökləri var. Məncə, İslam İlahinin kəmiyyətinə, sayına, Məsihilik isə, İlahinin keyfiyyətinə, necəliyinə diqqət yetirir.

İslamda İlahi təkdir, bunu qəbul elə, bundan sonra da Məhəmmədin Allahın təkliyini öyrətdiyinə və onun peyğəmbəri olduğuna inan, olursan müsəlman.

İsəvilikdə isə, vurğu İlahinin sevgi-mərhəmət keyfiyyətinin olması üzərindədi. İlahinin təkliyini İsa Məsihdən öncə də bilirdilər, ondan sonra da bilirlər. Bunu qəbul etməklə birisi xristian olmaz.

Tuesday, June 8, 2010

Teofani və teo-fani


Teofani yunan sözüdü. Bizim dilimizə təcəlla kimi çevirmək olar. Təcəlla İlahinin özünü insanlara bir şəkildə göstərməsidi. Əslində Rəbbin insanlara danışması da Tanrının özünü insanlara göstərməsidi, lakin təcəllada Tanrının insanlara görünməsi və ya insanlarla əlaqəyə girməsi daha intensiv, sıx və daha yaxın olur. Elə buna görə də təcəllaya vəhyin özəl, daha konkret, daha açıq və görməklə qavranılan şəkli deyilə bilər. Teofani (teofaniya, teofanos kimi şəkilləri də var) və ya təcəlla bütün İbrahim dinlərində tanınan bir fenomendir.

Thursday, June 3, 2010

İnanc hədiyyəsi

Bir insan tanıyıram. Dolayısıyla. Fərqli inanclardan keçib Məsihiliyə üz tutmuş bu adamın son günlər gözlərimin önündə göz görəsi, inancından imtina etməsi, ateistləşməsi, sözün düzü, məni bir az üzdü. Ancaq nə etməli? Görünür, belə də olmalıymış. Önəmli olan onun insanlığıdı, vəssalam. Gerisini biz deyil, Tanrı bilər. Ateistləşməsinin başlıca səbəblərindən biri, özünün dediyinə görə, İlahinin varlığı üçün yetərincə sübutun olmamasıymış. Lakin məsələ burasındadı ki, çağdaş elmi qavramların çərçivəsində axtarılan sübutlar Tanrı haqqında hər hansı birmənalı fikrə gəlməyə əsas vermir. Tanrının mövcudluğunu birmənalı sübut etmək mümkün olmadığı kimi, onun yoxluğunu da birmənalı sübut etmək mümkün deyil. Belədə, birinin seçəcəyi ən yaxşı mövqe ateizm deyil, aqnostisizmdi.


Tanrıya inancını dəlil-sübuta dayandırmağa çalışmaq əslində iradəsinin hesabına tam açıqlanması mümkün olmayan bir məsələdə qərara varmaqdan vaz keçməkdi. Bu da başa düşüləndi, çağdaş dünyamızda inanc bir qayda kimi, o qədər marginal bir məsələdi ki, onsuz da yaşamaq olar, onu həyatımızın qeyri-müəyyən parçasına çevirmək olar. Başqa sözlə Tanrının var olub-olmadığını bilmədən yaşamaq da mümkündü, çünki çağdaş dünyamızda çoxluq üçün bu o qədər də önəmli deyil.

Həmin şəxsin dəyişməsini görmək məni bir daha belə fikrə dönməyə vadar edir ki, inanc, daha doğrusu, iman Məsihiliyin öyrətdiyi kimi hədiyyədi. Rəbbin hədiyyəsi. Rəbb onu verməzsə, zorla onu almaq olmaz. Tanrıdan gəlməyən inanc isə son nəticədə qurumağa məhkumdu.

Friday, May 28, 2010

Məsihi jurnalı


Məncə, Azərbaycanda İsəviliklə bağlı gözəl bir jurnal buraxmaq olar. Həm insanları İsəvilik üzərinə aydınlatan, həm inanclıların mənəvi ehtiyaclarını ələ alan, həm də Azərbaycanda Məsihi teoloji-dini məktəbinin, düşüncəsinin oluşmasına, ölkədəki gerçəkliklərə qatqısı olan bir jurnal. Belə bir jurnalı çap etmək üçün isə hər şeydən öncə savadlı və inanclı insanlar, işinə və seçiminə bağlı adamlar lazımdı.


Aşağıdakı prinsipləri təməl götürmək olar:

Saturday, May 22, 2010

Ruhun Qaranlıq Gecəsi

Ruhun qaranlıq gecəsi haqda yazib-yazmadığımı xatırlamıram. Yazmışamsa, onda bir daha yazım və xatırlayaq ki, ruhunun üstünü qaranlıq alan tək bizlər deyilik.


Ruhun qaranlıq gecəsi bir çox inanclıların keçib getdiyi və ya getməli olduğu şübhə və qorxu, ümidsizlik, tənhalıq, həsrət və sevgi qarışıq böhran dönəmini bildirir. Ruhsal yaşamdakı böhran ruhun qaranlıq gecəsinə bənzədilib və bənzətmə də orta əsrlərin ispan mistiki Xaçlı Yuhənnadan gəlir. O, həbsdəykən yazdığı şeirdə öz ruhunun qaranlıq gecəsindən, sevgili İlahiylə görüşə getməsindən danışır. O gündən bu günə, Məsihilikdə ruhi böhranın və həsrətin metaforu aysız gecədə yolunu azmış ruhdu.

Nəyə görə ara-sıra ruhumuz qaranlıq gecədəymiş kimi işığı itirir və büdrəyir? Niyə insanlar inanclarında böhran yaşayırlar? Məncə, bu, təbii bir (dini) inanc gəlişməsidi və inancını tərs kimi, inadkarcasına tutub buraxmayan, gerçəkliklərin fani ancaq güclü yönünə özünü təslim etməyən hər bir inanclı az-çox inancında böhran yaşamağa layiqdi. Düzdür, yanlış oxumadınız, məhz “LAYİQDİR” yazmışam.

Tuesday, May 18, 2010

İnanclı Təhsil


Günümüzdə Xristian dini təhsili bu inanc üzrə ixtisaslaşmış müəssisələrdə, seminariyalarda verilir. Xristian dini təhsili bir neçə ünsürə dayanır. Bunlara teologiya, bibləvi tənqid və ruhi formalaşma daxildi. Teologiya inanc baxış bucağından Müqəddəs Kitabın anlaşılması və Tanrı – varlıq ilişkilərinin araşdırılmasını içərir. Bibləvi tənqid, Bibliyanın fərqli metodları tətbiq edərək araşdırılmasına və öyrədilməsinə deyilir. Bibləvi tənqid, adından da göründüyü kimi, Bibliyanın fərqli baxış bucaqlarından çək-çevir edilməsini (dini, qeyri-dini, elmi, naturalist və s.) anladır. İslam təhsil müəssisələrindən fərqli olaraq, Bibliyanın sekulyar-ateist nöqteyi-nəzərdən, elmi-tarixi və s. yanaşmalarla da öyrədilir və Bibliyanı tənqid etmək də bunun bir parçasıdı - bir çox seminariyalarda bunlara yer verilir.
Ruhi formalaşma inanc və inanca dayanan yaşamla bağlı müəyyən vərdişlərin formalaşdırılmasını, şəxsiyyətin dini baxış bucağıdan yetişdirilməsini, mənəvi məsələləri içinə alır.

Friday, May 14, 2010

Romalılara məktub 13:8-10

8.Bir-birinizi sevməkdən başqa heç nədə, heç kimə borclu qalmayın: çünki başqasını sevən qanunu yerinə yetirmiş olur. 9.Belə ki, zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma” və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: “qonşunu özün kimi sev”. 10.Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət qanunun tamamlanmasıdır.”  


Qanun deyildikdə, burda ümumiyyətlə hər hansı qanun deyil, qədim İbranilərin riayət etdikləri dini qanun başa düşülür. İslamda buna bənzər bir şey varsa, o da şəriət olar. İsəviliyin kökündə duran və vaxtaşırı ortalığa çıxarılan, müxtəlif teoloqların, pastorların və s. ara-sıra mübahisə etdiyi və bölünməyə səbəb olan məsələlərdən biri qanun (şəriət), inanc, İsa Məsih arasındakı əlaqə və bütün bunların bir inanclı üçün nə demək olmasıdı. 
Şəriət və onun inanclı üçün keçərliliyi məsələsində ən ənənəvi davrananlar katoliklər, ən sərbəst davrananlar isə Protestantlardı. Katolisizmdə qanun/şəriət müəyyən şəkildə indiyə qədər də önəmini saxlamaqdadı. Protestantlıqda isə bu məsələ bir qədər başqadı və qanun/şəriət çox az önəmə malikdi. 

Sunday, May 9, 2010

Uşaqlıq xatirələrindən bir yarpaq


Bir vaxtlar hardasa belə bir hekayə oxumuşdum. Dedim, yazım siz də oxuyun. Anlayana eşq, anlamayana mərhəmət olsun.


Bir gün ədəb-ərkanda məşhur Loğmanın yanına gəlib ona deyirlər: “Loğman ədəbi kimdən öyrəndin?” Loğman cavab verir ki, bəs ədəbi ədəbsizlərdən öyrəndim. Soruşanlar mat qalırlar və bir şey anlamırlar. Nənəmin sözü olmasın, dübarə soruşurlar ki, ay Loğman, sən nə danışırsan, heç ədəbsizdən də ədəb öyrənmək olar? Necə öyrəndin ədəbi ədəbsizlərdən?

Loğman cavab verir: "ədəbsizlərin etdiklərinə baxdım, onların əksini etdim."

Saturday, May 1, 2010

Dilimizin dilimləri - 4

Bundan başqa, dildən alınma sözləri tam, həmişə-fasiləsiz, ardıcıl atmaq və alnma söz olmayan dil qurmaq qeyri-mümkündü. Sözügedən hərəkatın bütün cəhdləri, ən yaxşı halda və son nəticədə dildə mənşəcə alınma sözlərin çəkisini azalda bilər, vəssalam. Bu, ən bəsit, ən ümumi və hər kəsə bəlli olan bir gerçəklikdi. Ancaq buna ehtiyac varmı? Məncə deyil. Bütün dillər söz alış-verişindədir və bütün dillər söz, anlam, konsept, qrammatika elementlərini alıb-verməklə dəyişir, zənginləşir, assimiliyasia olunur/edir, ölür və yeni dilə çevrilir. Keçmiş ölür, onun izindən başqa heç nə qalmır.

Monday, April 26, 2010

Dilimizin dilimləri - 3

Artıq qeyd etdiyimiz kimi, bizim dilimiz bütün sözləri ilə birlikdə, alınma və qeyri-alınma, bizim dilimizdi. Alınma sözlər dilimizdə alındığı dildə olduğundan fərqli tələffüz olunur (eşq sözündə olduğu kimi – biz onu boğazdan gələn “ayn” səsiylə tələffüz etmirik), fərqli işlədilir və fərqli mənalar kəsb edir (müttəhim Ərəbcə ittiham edən deməkdi, biz isə onu ittiham olunan mənasında işlədirik). Hətta bu, bütün sözlər üçün keçərli olmasa da alınma sözlər dilimizdə dönə-dönə işlədilməklə, yeni çalarlar qazanmaqla faktiki olaraq bizimkiləşir.

Saturday, April 24, 2010

Error: "qonshuya umid olan, shamsiz qalar"

Eziz dostlar, bu gunlerde komputerim yene de "xestelenib". En yaxshi halda heftenin birinci gunu yazi yerleshdire bilecem.
Yeni yazi yerleshdirilene qeder siz sag, men salamat.  

Sunday, April 18, 2010

Dilimizin dilimləri - 2

Dildəki müəyyən leksikonun dəyişdirilməsi uğrunda hərəkat isə, məhz bu faktı elə beləcə də dəyərləndirməkdən başlayır. Dilimizdə alınma sözlər var (fakt), bu heç də xoş deyil (dəyərləndirmə) və bunları təmizləmək lazımdı ( dəyərləndirməyə uyğun reaksiya). Bu cür yanaşmada dilimiz ifadəsi dilimizi bütövlükdə deyil, özünün bir komponenti ilə, türk-altay, mənşə komponenti ilə eyniləşdirir. Nəyə görə, dildəki müəyyən leksikonun dəyişdirilməsi uğrunda hərəkatın tərəfdarları belə edir? Ona görə ki, onlar dili yalnız və yalnız bir komponenti, mənşə (Türk-Altay dil ailəsi) və qrammatika (aqqlünativ dil, türk-Altay dil ailələrinin özəlliyi) dilimi ilə eyniləşdirir və burdan da məntiqi sonuca varır: bu komponentdən kənar sözlər alınmadı (tamamən doğru nəticə), alınma olduğuna görə yaddı (yanlış dəyərləndirmə) və dildən çıxarılmalıdı (yanlış dəyərləndirmədən gələn yanlış reaksiya).

Tuesday, April 13, 2010

Dilimizin dilimləri - 1



Bəziləriniz xatırlayar yəqin, bir vaxtlar gündəlikdə dilimizin adı haqqında yazmışdım. İndi də dilimizdə baş verən, daha doğrusu, bir çox tanış-dostun, yazarın fəaliyyətində görülən başqa bir axım haqqında yazmaq istəyirəm. Sözün düzü, bu axımı, cəhdi, necə adlandıracağımı bilmirəm. Məsələn, buna “dilin təmizlənməsi” demək olar və yəqin ki bəziləri elə belə də deyir: “dilin alınma sözlərdən təmizlənməsi”. Bəziləri bu axıma, ara-sıra rastlanan özəlliyə bir ad verməsə də yazılarında bu axımın içində üzdükləri bəlli olur. Məsələn, Niyazi Mehdi, sevdiyim düşüncə insanı, öz yazılarında bir qayda olaraq adda-budda yeni sözlər, neologizmlər işlədir və ya dilimizdə türk mənşəli, vulqar, ədəbsiz sayılan sözləri bu özəllikdən qurtarmağa və dilimizdəki uyğun ərəb-fars sözünün əvəzedicisi kimi aktivləşdirməyə çalışır. Onun “geydirmə” sözünü saxta sözünün əvəzləyicisi kimi işlətməsi buna örnək ola bilər.

Thursday, April 8, 2010

Qığıltı

Göydən üç alma düşdü.


Ardınca üç kəlmə.

Arxasınca da üç nöqtə.

İnsanlar almaları yedilər,

Sözləri,

Gördülər və eşitdilər

Nöqtələri götürdülər.

Sözünü verən Tanrıya

Açıqca yazdılar.

Dedilər: “sağ ol nağıl üçün –

-Dalınca üç nöqtə -

İnanaq buna?”

Göydən üç damla düşdü...

Sunday, April 4, 2010

Diriliş 2010



Bu gün bir çox kilisələrdə İsa Məsihin ölümdən dirilməsi qeyd edilir. Onun ölümdən dirilməsi xristianlar üçün özəl rola malikdi. Tarixi fakt olmasına xristianların inandığı diriliş bayramı İsa Məsih kimi bütün inanclıların ölümdən diriləcəyinə işarət edir. Bundan başqa diriliş İsa Məsihdə insanların çəkdiyi ağrı-acıların anlamca dəyişdiyini, yeni məna kəsb etdiyini anladır.

Bu bayramı qeyd edən hər kəsin bayramını təbrik edirəm.

Tuesday, March 30, 2010

Azərbaycanın içtimai yaşamında kilisələr


Azərbaycanda İsəvi icmaları içtimai həyatda necə iştirak edə bilərlər və buna ehtiyac varmı? Məncə, buna ehtiyac var. Kilisələr insanları müəyyən dəyərlər əsasında birləşdirən qruplardı. Bu qruplardakı insanlar öz inanclarını yaşamağa çalışaraqdan içtimai həyatda fəal rol ala bilərlər. Bu icmalardakı insanlar həm də Azərbaycan Respublikasının vətəndaşlarıdı. Vətəndaşın isə öz ölkəsinin içtimai yaşamında iştirak etməyə haqqı tanınır.


Kilisələr nə edə bilər? Çox şey. Məsihilik inancını yaymanın yanısıra, kilisələr Azərbaycan Respublikasındakı çağdaş problemlərin həllində yaxından iştirak edə bilər. Bunun üçün isə əlbəttə kilisələrdə liderlərin yetişməsi qaçınılmazdı.

Thursday, March 25, 2010

Pastoral genəşik



Tamam, “genəşik” sözünü oxuyub qaşlarınızı çatmazdan, dodaqlarınızı büzməzdən və “bu nə farmazonluqdu” düşünməzdən öncə, deyim bu nədi. Genəşik, dilimizdəki genəşmək felinindən gəlir, birisi ilə məsləhətləşmək, anlamındadı. Özü də necə lazımdı öz sözümüzdü. Millətçilərimizə muştuluq aparın, ay oxucular!:)

Genəşmək sözündən genəşik yəni məsləhət sözünə çıxmaq üçün çox farmazonluq eləməyə də ehtiyac yoxdu. Elə sözün kökündən də göründüyü kimi (gen+əş+mək daha doğrusu genəş – mək), ən az iki adamın qarşılıqlı münasibətə girib biri-birilərinin dünyasını sözlə, biliklə, hisslə genişlətməsi və daralmışlıqdan qurtarması genəşik ünsiyyətində baş verir. Bunun ən geniş yayılmış şəkli sözlədi. Hər hansı haqq-hesab üçün sözlə bilgi-hiss alış-verişinə girməyin başqa adı məsləhətləşməkdi.

Söz oyununu burda qoyaq, keçək pastoral genəşiyin nəliyinə. Pastoral genəşik pastorluğa çağrılmış insana Qutsal Ruhun verdiyi bir işdi. Bu iş pastorla məsləhətləşməyi, pastorla şəxsin və ya şəxslərin (ailə, kiçik qrup) danışmasını və bilgi, dəstək, alış-verişini bildirir.

Thursday, March 18, 2010

İbadət etməyin



İbadət etməyin. Ibadət sözüylə “ibad”, yəni “qul” sözü arasında əlaqə var. İbadət edən qul(luq)luğunu qəbul edir. Türkcədə isə ibadət anlamında həm də “tapınmaq” sözü işlədilir. Niyazi Mehdi bu sözün tapmaq sözündən yarandığını yazmışdı bir dəfə və həm də çox maraqlı bir fikir söyləmişdi: tapınmaq yəni ibadət etmək, Allah tərəfindən tapılmaq deməkdi. Tanrı sizi tapır tapındığınız zaman. Məncə ikinci sözü işlətmək daha yaxşıdı.
Allahın qulu olmağına hamımız Allahın quluyuq, buna söz yox. Ancaq Məsihilikdə bir də Allahın övladı olmaq vurğulanır. Tanrı bizi İsa Məsihdə həm də öz övladı kimi qəbul edir, bizim daha bir mərtəbə ona yaxınlaşmamız üçün İsa Məsihdə yol-yer hazırlayır. Yəni, biz hər nə qədər Allahın qulu olsaq da Tanrı bizi öz uşağı kimi görməyə və bizimlə belə davranmağa açıqdı. Tanrının övladı olmaqla tapınmaq arasında nə əlaqə?

Saturday, March 13, 2010

İman Haqqında Bir-İki Söz

"1. İman ümid edilənərə etibar etmək, görünməyən şeylərdən əmin olmaqdır. 2.Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar.
3. İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi. 4.İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban tədqim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır.
5.Xanok ölümü görməsi deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb. 6.İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir." (İbranilərə məktub 11:1-5)

Monday, March 8, 2010

Oxumalılar


Bir neçə gün bundan öncə bir başqa şəhərə getmişdim. Yolüstü bir kitab mağazasına girdim və fərqli səbəblərə görə ilkin qiymətindən daha ucuz qiymətə satılan kitablar bölümündə bir müddət ilişib qaldım. Bir neçə kitab aldım. Yəqin aldıqlarımın hamısını oxumağım vaxt alar. Yazmağa bir şey tapa bilmədiyimə görə, o aldığım kitabların adlarını bura yazacam. Gələcəkdə Məsihiliklə maraqlananlarınız olsa, xəbər edər, oxumaq üçün tapıb göndərərəm.

Wednesday, March 3, 2010

Susmayan Sözün xətrinə



Mən onu xatırlayıram. Onun "Monitor" jurnalını oxumağımı da xatırlayıram. Ölümündən düz beş il keçir. Qatillərsə hələ də tapılmayıb. Yəqin tapılmayacaq da. Kiminin əvvəli, kiminin axırı... .

Saturday, February 27, 2010

Xocalı soyqırımı

Tanrı Xocalıda ölənlərin hamısına rəhmət eləsin. Xocalı özlüyündə ağlamalı, üzərində düşünməli bir hadisədi. Xocalıdan çox şey öyrənmək olar.

Bu kiçicik yazıda mən Xocalıdan tarixi, sosial-siyasi hadisə kimi bəhs edəcəm.

Monday, February 22, 2010

sosial soğanşünaslığın əsası


İnsanlar biri-birilərinə münasibətdə soğan kimidilər. Şəxsiyyətləri, kimlikləri qat-qat, lay-laydı. Soğanı soyanda necə gözünu acışdırırsa, insan da elədi. Dərinə gedib biri-birilərinin qatlarını, laylarını açdıqca gizlətdiklərindən gələn iy aləmi başına götürür – gözlərinə dolur. Gərək bir az ehtiyatlı olasan. Ən dərin laya getmələri üçün (buna nə zaman, kiminlə və necə ehtiyac var?) bütün qatları açmaları gərəkdi - dərin münasibət dərin güvənc, dərin sorumluluq və dərin niyyət istər. Bütün qatları açmaq isə hərdən o gizlətdiklərinin qoxusundan gözlərinin dolması anlamına gəlir.


Hər soğanı soymağın anlamı yoxdu. Hər kəsə soğan olmaqda da bir anlam görmədim.

Thursday, February 18, 2010

Tanrını Soruşdurmalı?



- “Ok, God is guilty, now what we do?”

- “Now we pray.”

( - “Yaxşı, Allah günahkardı, bəs biz indi neyləyək?”

- İndi biz dua edəcəyik.”)

Bu cümlələr "God on Trial" filmindəki son dialoqlardan birində öz əksini tapıb. Çox maraqlı filmdi, o mənada ki, bu dramatik hekayətdə çox praktiki bir situasiya ələ alınaraqdan fəlsəfi-dini və tarixi gerçəkliklər, ideyalar sorğu-sual edilir, dartışılır. Bəri başdan qeyd edim, bu, qaçdı-qovdu (action movie) filmi deyil. Bombalı-partlamalı, “speçeffektli”, gurultulu filmlərə öyrəşmiş oxucular üçün bəlkə baxmaq bir az çətin olar. Ancaq dinlər tarixini az-çox bilən, dini-teoloji-fəlsəfi məsələlərlə maraqlanan və düşündürücü sualların üstündə baş sındırmağı və hiss cilallamağı sevən oxucular üçün əla filmdi. Bəs bu film nədən bəhs edir?

Sunday, February 14, 2010

"Kəs sözünü və əbsəm ol..."(Nəsimi). "...Bil ki, Mən Allaham." (Zəbur 46:10) - 2


Susğunun önəmi Qutsal Kitabda anladılır. Məzmurların (46:10) birində Rəbb insanlara, özəlliklə də ibraniləri yox etməyə çalışan qonşu hökmdarlara və dolayısıyla hər kəsə deyır:


“...“Sakit olun, bilin ki,

Mən Allaham,

Millətlər arasında ucayam...”...”

Wednesday, February 10, 2010

“Kəs sözünü və əbsəm ol...” (Nəsimi) “...Bil ki, Mən Allaham.” (Zəbur 46:10) - 1


Tanrının bizə açdığı açılımda Tanrıya yaxınlaşmanın önəmli yollarından biri, vəhyin bir şəkli də susğudu. Susğu, səssizlik, sükut. Qutsal kitabda susğunun özəl yeri var. Niyə susmalı? Susğu niyə belə önəmli olmalı?
Susğunun İlahi açılımında önəmi üzərinə bir çox yanaşmalar ortaya qoyulub. Məni onlardan bəziləri maraqlandırır. Tanrı açılımı söz şəklində verilsə də sözü Tanrı açılımının tək, yeganə şəkli saymaq özünü doğrultmur. Tanrı insana təbiətdə, tarixdə, başımıza gələn hər şeydə, özümüzdə özünü tanıdır. Tanrı açılımının fərdə, onun içdüynasına, bəsirətinə, yönəlmiş qolu susğudu. 

Friday, February 5, 2010

Bir "ah"lıq Nəfəs



Daha bir cızma-ağ. Məşhur birinci misranın (deyəsən bir az dəyişdirmişəm...) hardan gəldiyini yəqin xatırlayarsınız... . Sevgilərin ən üzgünü, ən dərini və ən çox çəkdirəni, ehtirasdan nəf(ə)si yandırıb yaxanı Gözəllər Gözəli, Sevgilər Sevgisi, Yanğılar Yanğısı, Onda(n)dır... .  

Sunday, January 31, 2010

Wednesday, January 27, 2010

Adam, Bəşər, İnsan


Bunlar arasında fərq varmı? Anlam olaraq elə bir fərq görməmişəm. Ola bilsin, işlənməsində, anlam çalarlarında fərq olar. Məncə, hər üç söz Xristian teologiyasında insanın fərqli yönlərini vurğulamaq üçün böyük imkana malikdi. Sözün düzü, bu sözlərin orijinal dillərindəki dəqiq mənalarını tam bilmirəm. Adam və bəşər sözlərinin qədim yəhudi, ibrani dillərindəki köklərdən gəldiyini bilirəm. Bu, əlbəttə, bu sözlərin ərəb dilində olmadığı anlamına gəlmir. Ərəbcə ilə yəhudicə qohumdu və bir çox söz köklərini paylaşırlar. İnsan deyəsən ərəbcədən gəlir. Adam və Bəşər də bunlardan ola bilər. Mənim üçün bu önəmli deyil. Mənim üçün aşağıdakılar önəmlidi.

Saturday, January 23, 2010

Gündəliyin son günləri














O biri gündəliyim can çəkişir. Daha bir neçə gün öncə artıq ölüm ayağında olan gündəliyin olan-qalan materiallarını da siləndə bu ağlıma gəldi. Gündəliyin ölümü. Ancaq birdən, qəfil deyil, can verərək, yavaş-yavaş ölməsi.

Tuesday, January 19, 2010

Monday, January 18, 2010

Thursday, January 14, 2010

Xristian İlahiləri: Necə Yazmalı





Bu yazımda İsəvilərin öz ibadətlərində istifadə etdikləri ilahilərə göz atmaq istəyirəm. İlahi isəvilikdə, İslamda olduğu kimi, dini məzmunlu musiqi və (ya) mahnı deməkdi və əsasən kilisə ibadətində və ya kilisədən kənarda İlahiyə ibadət etmək üçün qeyri-formal ortamlarda işlədilir. Bəri başdan deyim ki, ömrümdə bir dəfə də olsun ibadət üçün ilahi yazmamışam. Yəqin sizə qəribə gəlir: necə olur ki, heç ilahi yazmayıbsan, indi qalxıb necə ilahi yazmağı öyrədirsən? Cavabım belədi: əvvəla İlahi yazmasam da özüm ilahi potensialı olan şeirlər yazıram – gündəliyimi daimi izləyənlərdənsinizsə onda nədən yazdığımı bilirsiniz. İkincisi, ilahilər oxuyan və bu haqda az-çox öyrənmiş birisi kimi belə düşünürəm ki, ilahi haqda təcrübəmi və düşüncələrimi bölüşmək üçün mütləq ilahi yazmağa ehtiyac yoxdu. Indi keçək əsas məsələyə.


Saturday, January 9, 2010

nəsnə vurğunluğu



Nəhayət ki, bilgisayarım düzəldi. Daha doğrusu, düzəltdilər. İki həftə bilgi saymağa bilgisayar olmadığına görə necə deyərlər əlim hər yerdən üzülmüşdü. Düzdü, dostların kompüterləri bilgi və başqa şeylər saymağa fürsət verirdi, ancaq bu adamın öz bilgisayarı kimi bir şey deyil.
Bu arada başqa məsələlər barədə bir qərara varmalı oldum. Azeribloqun işi məni qane etmədiyinə görə, ordakı bloqumu bağladım. İndi artıq sadəcə bu gündəliyim var, odur ki, burada həm inanc, həm də başqa mövzularda yazılar görəcəksiniz.

gündəlikdə axtarış