Wednesday, December 25, 2013

Miladınız Mübarək!

Hamınızın Milad Bayramı Mübarək!
Bizdən biri olmağı, "biz"ləşməyi və insan əzablarını bölüşməyi özünə yad bilməyən Rəbb sizi qorusun!


Friday, December 6, 2013

Məsihə Oxşamaq və ya İmitatio Kristi


Kimliyindən, necəliyindən, hardalığından, nəvaxtalığından asılı olmadan bütün insanlar, heyvanların bir çoxu da daxil olmaqla, təqlid edərək, biri-birindən görüb-götürərək öyrənirlər və yaşayırlar.

Bir körpə ata-anasını təqlid edər. Uşaqkən oynadığımız oyunlar belə təqlid edərəkdən öyrənmənin bir şəklidir. Bir aslan balası, anasının ovlamasını müşahidə edərək, onu yamsılayaraq öyrənər.

Oxşamaq, oxşatmaq, yamsılamaq, təqlid etmək universaldı. Toplumlar biri-birinin nailiyyətlərini təqlid edərlər. Bütöv hərəkatlar bir ya bir neçə şəxsin, qrupun yaşam tərzini təqlid edərlər. Bu, istəsək də istəməsək də belədir. Bilmədən, fərqində olmadan təqlid etmək və ya yamsılamaq da olur.

Monday, November 25, 2013

Ağlınıza Nə Batır?



Sizcə hansı İlahiyə ya Allaha inanmaq daha ağlabatandı?
Özünü güclü, asıb-kəsən, hər şeydən üstün kimi göstərən və tanıdan birisinə? Yoxsa, özünü güclü, asıb-kəsən olmaqdan daha çox sevən, bağışlayan, insan əzablarına şərik olan, özündən bir şeyləri insanlar üçün fəda edən, insaniləşən və təvazökarca bizi özünə dəvət edən birisinə?

Saturday, October 19, 2013

Qohelet nə deyir



“9.İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var? 10.Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. 11.Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki, insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz. 12.Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. 13.Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir.” (Vaiz 3:9-13. Müqəddəs Kitab. Bakı-2009.)

Friday, September 20, 2013

Rəbbin Qoyunları




İncildə və Əhdi-Ətiqdə keçən heyvan adlarından biri qoyundu. Bir sıra hekayə və məzmurlarda çoban bənzətməsi İlahi, İsa Məsih, qoyun bənzətməsi isə inananlar üçün istifadə edilib. Tanrı inanclıların çobanına, inanclılar isə İlahinin qoyununa, bəzən quzusuna bənzədilir.

Wednesday, August 7, 2013

Çoxsəslilik



Müqəddəs Kitabın maraqlı özəlliklərindən biri onun çoxsəsliliyidi. Çoxsəslilik (polifoniya) birdən çox səs, ton, mövqe, yanaşma anlamına gəlir. Deyilə bilər ki, çoxsəslilik hər yerdə və bir çox nəsnələrdə var. Burası doğrudur. Birisinin bir problemə, işə, insana münasibəti zamanla dəyişə bilər. Amma çoxsəslilik zamanla dəyişən münasibəti yox, bir məsələyə eyni bir zamanda bir neçə münasibətin, fərqli yanaşmanın olmasını ifadə edir. 

Thursday, June 27, 2013

Xətasız Qul Olmaz və ya Davudla Betşebanın Hekayəti



Bibliyada keçən maraqlı hekayələrdən biri padşah, peyğəmbər və şair (ənənənin doğru söylədiyini qəbul etsək) Davudun günahkarlığı, loru dillə desək, oğraşlığı və əclaflığı haqqındadı.
Davud tarixi şəxsiyyət olub. İsrailliləri öz ətrafında birləşdirib güclü dövlət qurmağı bacarıb, Bibliyaya görə, şeirlər-ilahilər yazıb, hələ musiqi alətləri də icad edib. Davud həm də qorxmaz olub. Bibliyaya görə, Davud heç kimin təkbətək döyüşməyə cürət etmədiyi nəhəng Qoliyatı öz sapandı ilə öldürüb. Davud hamımızın adını eşitdiyi Süleyman peyğəmbərin (və padşahın) atasıdı. Davud Rəbbin seçdiyi bir insanmış.

Sunday, May 26, 2013

Razısınızmı?



“Uşağa tərbiyə ver, bundan vaz keçmə,
Tərbiyə kötəyi ona ölüm gətirməz.
Əgər sən onu kötəkləsən,
Canını ölülər diyarından xilas edərsən.”
 (Süleymanın Məsəlləri 23:13-14)

Sunday, May 19, 2013

Nəf(ə)s

Ruax Ha-Qodeş. Pneuma Haqion, Müqəddəs Ruh.
Başlanğıc kitabında (Bibliyadakı birinci kitab) elə ilk cümlələrin birində deyilir ki, yeri və göyü yaratdıqdan sonra Allahın Ruhu suların üzərində süzürdü. Bu həmin Ruhdu ki, İlahi insanı yaratdıqda öz nəfəsindən bir parça kimi onu insanın içinə üfləyib və biz onu nəfəs kimi alıb verməklə həyatı yaşayırıq.
Bu gün (19 May) Ümumbəşəri Kilisə Pentekost bayramını qeyd edir. Bu bayram Müqəddəs Ruhun həvarilərin üzərinə enməsini anladır. Müqəddəs Ruhun Xristian liturgiyasında açılmasını görmək üçün Pentekostal və Xarizmatik kilisələrə nəzər salmaq bəlkə kömək edər.
Bibliyada Müqəddəs Ruhu və ya Rəbbi təsvir edərkən nəfəs, külək, od-alov kimi bənzətmələrdən istifadə edilir. O, təmizləmək, doldurmaq, ümid vermək, həyat rəmzidir.
Qısacası, Tanrı Nəfəsindən əskik olmayasınız!


Monday, April 29, 2013

Rəbbin O Biri Üzü


“Allahınız Rəbb şəhəri sizə təslim edəndə oranın bütün kişilərini qılıncdan keçirin. Qadınları, uşaqları, heyvanları və şəhərdə olan bütün malları isə talan edin.” (Qanunun Təkrarı 20:13-14)


Bir neçə gün öncə biri mənə sual verdi ki, Bibliyadakı qəddar ideya və söyləmələri Allah sevgisi ilə necə bir araya gətirirəm.
Bu və ya buna bənzər suallar üzərində çox düşünmüşəm, vaxt darlığı olmasaydı və bir az da tənbəllik etməsəydim bu barədə fikirlərimi ətraflı yazardım. Ancaq fərqli səbəblərdən bu barədə detallı yaza bilməyəcəm.
Qısacası onu deyə bilərəm ki, Bibliya İlahinin hər iki yönündən, həm qəddar və sevgi dolu yönlərindən bəhs edir. Bunu qəbul etmək, əlbəttə, heç nəyi həll etmir, əksinə daha çox suallar çıxarır. Tanrının qəzəbi ilə bağlı Bibliyada söylənənlər, həm də İlahinin ədalətli olub-olmaması haqqında suallar qoyur, çünki bu mülahizələrin bəziləri bizim ədalətlilik anlayışımıza heç də uyğun gəlmir.

Tuesday, April 23, 2013

Sözün Düzü

Məzmur 32

Davudun Maskili

"1.Üsyankarlığı bağışlanan,
Günahı əfv olunan insan,
Nə bəxtiyardır!
2.Rəbb tərəfindən təqsirkar sayılmayan,
Qəlbində hiylə olmayan insan,
Nə bəxtiyardır!"

(Müqəddəs Kitab. Bakı 2009. səh.740)

Saturday, March 30, 2013

Pasxa bayramınız mübarək!




Sabah Pasxa bayramıdı.
Hamınızın bayramı mübarək! Pasxa bayramında xristianlar Allahın Oğlu İsa Məsihin dirilməsini qeyd edirlər. İsa Məsihin ölməsi və dirilməsi xristianlığa görə tarixi (yəni önəmli), faktiki (yəni görülən və bilinən) və dini (yəni inanca, İlahiyə aidiyyəti olan) bir hadisədi.
Diriliş hadisəsinin Xristianlıqda bir çox şərhləri var. İncillərə görə, İsa Məsihin dirilməsi ilə insanlıq tarixində yeni bir mərhələ başlayır və bəşəriyyətin İlahiyə gedən yolunda önəmli dəyişiklik olur. Onun ölümündə günahlar bağışlandığı kimi, Onun dirilməsində də yeni həyat başlayır və bütün inananlara müjdə verilir. İsa Məsihdə yaşamaq əbədi həyat, Tanrı hüzurunda yaşamaq deməkdi.  
Məsihin dirilməsi elə öz dönəmində də ağlasığmaz, qeyri-adi bir hadisə kimi görünübmüş. İncillərə görə, həvari Toma gözümlə görüb əlimlə onun yaralarına toxunmayana qədər inanmayacağam deyərək Onun dirilməsi haqqında şahidlərin söylədiklərinə inanmamışdı. İncillər vurğulayır ki, İsa Məsih bədəncə dirilib, yəni sadəcə bir ruh kimi insanlara görünməyib, çarmıxdan öncəki halıyla bədənli, yaraları da üstündə olmaqla insanlar görünüb və onlarla yemək yeyib və Tomaya onun yaralarına toxunmasına izn verib (bu həmin həvari Tomadır ki, sonra Hindistana gedir və orda Mar Toma kilisəsinin əsasını qoyur.)
Ancaq O dirildi. Biz də onunla birlikdə, həvari Pavlosun öyrətdiyi kimi, yeni həyatı yaşamaq üçün dirildik.
Rəbbdə yaşayın.

Wednesday, March 20, 2013

Yeni Gün

Novruz bayramınız mübarək! Çox belə bayramlarınız olsun!

Sunday, March 10, 2013

Dini Eklektisizm


Bir dəfə bir tələbə mənə dedi ki, həm müsəlmandı, həm də xristian. Bazar günləri kilisəyə, beşinci günləri məscidə gedirdi, özünün dediyinə görə, həm Qurana, həm də Bibliyaya inanırdı.
Sırf praktiki olaraq bu bəlkə də mümkündü, ancaq söhbət inancdan gedirsə, hər ikisini bir arada tutmaq həqiqətən çətindi, hətta mümkün deyil deyərdim. Bu iki kitabın hər biri digərinin dediklərindən bəzilərini düzünəqulu, digərlərini dolayı inkar edir. Razılaşdıqları məqamlar da ürəyiniz istəyən qədərdi, ancaq çox önəmli məsələlərdə fikir ayrılıqlar var.

Tuesday, February 26, 2013

Xocalı Soyqırımı

Xocalı, bizim yaddaşımızda bir yaradı. Sağalıb-sağalmayacağını bilmirəm, ancaq zamanla o da unudulacaq bir yerə qədər. Nəsillər dəyişdikcə, insanlar o tarixdən uzaqlaşdıqca Xocalı soyqırımını ancaq tarix kitablarından oxuyacağıq.
Allah Xocalıda ölən bütün insanlara rəhmət eləsin!


Tuesday, February 12, 2013

Tarixə Düşməyin Bir Yolu




ƏkrəmƏylislinin kitabını yandırdılar, basdırdılar, daha nələ etdilər.
Düz edirsiniz! Yandırın! Basdırın! Söyün! Qoy kitabı altdan-altdan daha çox satılsın, daha çox oxunsun, daha çox bilsinlər.
Əkrəm Əylisinin kitabı tarixə Dağlıq Qarabağ məsələsində tabu mövzuları ələ alan ilk kitab kimi düşəcək. Nə faşistlər, nə inkvizisiya, nə də bizim cılız kitab yandıranlardan dəfələrlə güclü olan avtoritar rejimlər kitabları yandırmaqla istədiklərini əldə etmədilər. Ancaq bizim kitab yandıranlar bundan nəsə qazanacaqlar. Heç olmaza adları tarixə keçəcək. 

Tuesday, January 29, 2013

De da bə!

Dama-dama İsmayıllı olar!

Saturday, January 19, 2013

Həyatından Keçmək

Mən o vaxtları, həmin günü yaxşı xatırlayıram.
Atamın işdən evə gəlib biz eşitməyək deyə asta səslə və nigarançılıqla anama "Bakıda qırğın olub." söyləməsi gözlərimin önündədi. Amma eşitdik və unutmadıq.
Hamısının ruhu şad olsun!


Monday, January 14, 2013

Həyat = Su


Məsih İnancında İlahi ilə bağlı rastlanan bənzətmələrdən biri də sudur. Hamımızın içdiyi, həyatın kökündə duran, hərdən təhlükəsiylə bizi qorxuya salan su. Yühənnanın İncilində İsa Məsih Samariyalı qadına əbədi həyat bağışlayan su verməyi təklif edir (Yühənna 4:10-26).
Su vəftiz üçün işlədilir. Su, elə ata-baba adətinə görə də, aydınlıq deməkdi. Mənim arxamca çox su atıblar.
Aşağıdakı şeiri 2005-ci ildə Rozən adlı bir dostum yazıb. Orijinalda olduğu (dilinə və yazı şəklinə dəyişiklik etmədən) kimi verirəm.

Monday, January 7, 2013

Ürəyimizdəki Toxum




İncillərdə İlahinin Sözündən (yəni İsa Məsihdən) və sözündən (yəni onun öyrətdiklərindən) bəhs edərkən hərdən toxum bənzətməsi işlədilir. Toxumu əkib, suvarmaq lazımdır ki, o toxum kök atsın böyüsün bəhrə versin. Alaq otu toxumunu əkən alaq otuyla əlləşəcək, qızılgül toxumu əkən qızılgüldən zövq alacaq, taxıl əkən taxıl biçəcək.

gündəlikdə axtarış