Müsəlman qardaş və bacılar qurban bayramını qeyd etdilər. Hamısını bayram münasibətilə təbrik edirəm və özləri özlərinə nə arzulayırsa mən də o diləklərinə qoşuluram. Qurban bayramının kökünün İslama görə hara gedib çıxdığını təxmini deyə bilmərəm: bildiyimə görə İbrahim peyğəmbər oğlu İsmayılı....yox üzr istəyirəm İshaqı...bir dəqiqə....hə, İslama görə İsmayılı Allahın əmrilə qurban kəsməyə aparır və qurban kəsmək vaxtı gəldiyi zaman Allah İsmayılın yerinə qurban kəsiləsi bir qoyun göndərir. Bu da Qurban bayramının əsası olur.
İbrahim peyğəmbərin öz oğlunu Allahın istəyindən dolayı qurban kəsməyə götürməsi Musəvi və İsəvi inancında da əks olunub. Həmin bu dinlərə görə də Tanrının əmrilə İbrahim peyğəmbər oğlu İshaqı (İsmayılı deyil) qurban kəsməyə götürür və İlahinin qurbanlıq qoyun göndərməsinə görə də oğlunu deyil, qoyunu qurban kəsir. Lakin hekayətlər arasındakı ümumi oxşarlıqla yanaşı, onların fərqi də var və bu fərq həm də ümumilikdə Musəviliyin, İsəviliyin və İslamın qurban və qurbanlıq qavramına, ritualına yanaşması nəticəsinə daha da qəlizləşir. Yəhudi dini mənbələrində “aqida” (əski ibranicədə “bağlama” anlamına gəlir – İbrahim peyğəmbərin İshaqın əl-qolunu qurban kəsmək üçün bağlamasına işarə edir) adıyla keçən bu hadisə tarix boyu istər teoloji-dini ədəbiyyatda, istərsə sonralar yaranmış din, fəlsəfə və qurbanlıq haqqında sekulyar - elmi ədəbiyyatda bir çox spekulyasiyaların, araşdırmaların mövzusu olmuşdur. Tarixi dəlillər də məsələnin bəsit olduğunu deyil, mürəkkəbliyini ortaya qoyur: eramızdan əvvəlki Yaxın və Orta Şərqdə insanları qurban vermək adətləri varmış və bəzən qurban verərkən insanı yandırarlarmış – Bibliyada insanı qurban vermənin əleyhinə bəzi müddəalar da gözə dəyir.
Ancaq qayıdaq İbrahim peyğəmbərə və onun oğluna. Qurani Kərim İbrahimin hansı oğlunun – İshaqın yoxsa İsmayılın qurban kimi seçilməsi məsələsində susur. Bildiyimə görə, (yanlışım varsa bağışlayın və bilirsinizsə düzəldin) bəzi hədislər, özəlliklə də İslamda “İsrailiyyat” yəni yəhudi əsilli müsəlmanların söylədiyi bəzi hədislərə görə qurbanlıq seçilən oğul İshaq imiş. Lakin başqa qrup hədislərə görə qurbanlıq seçilən övlad İsmayılmış. Bibliya birmənalı şəkildə kəsiləcək növcavanın İshaq olduğunu söyləyir. Ümumiyyətlə, Bibliya İbrahimin hekayətini və övladının qurbanlıq hadisəsini daha incəliklə anladır. Yaradılış kitabının 11-ci fəslindən 23-cü fəslinə qədər Avramın, yəni sonralar İbrahim olacaq şəxsin hekayəti danışılır. Lakin bu anlatma və İshaqın birmənalı şəkildə qurbanlıq kimi seçilməsinin açıqlığı, seçilmiş oğulun (İshaq ya İsmayıl?) digər oğula (seçilməyən) münasibətdə (İshaqın seçilməsi İsmayılın varlığı kontekstində necə olub?) necəliyi məsələsinin yəhudi dini ədəbiyyatında araşdırılmaması və ya buna etinasız davranılması anlamına gəlməz.
Atanın, iki övladdan birinin, Allahın və dinin-etnik qrupun bu qurbanlıq məsələsində biri-birilə münasibəti bəzi məsələlər qaldırır.
İbrahimin hansı oğlunun qurban verilməsi məsələsi özündə kimin seçilmiş olması və seçilmişin hansı xalqa, ərəblərəmi yoxsa yəhudilərəmi aidiyyəti haqq-hesabını ehtiva edir. Zahirən bunun dərin anlamı yoxdur, lakin sırf dini aspektdən və ya ideoloji-tarixi gözlə baxdığımız zaman bunun ərəblər və yəhudilər (xüsusən də dindarları) üçün bir önəmi vardır. Tanrı kimi seçmişdir (İshaqımı, İsmayılımı)? Hansı etnik qrup seçilmişin soyundan gəlir (Ərəbmi, Yəhudimi)? Xristianlar üçün də bu, bir yerə qədər teoloji-doktrinal önəm daşıyır: hansı oğul Əhd üçün seçilib? İsa Məsih seçilmişin soyundanmı gəlir və s.? Yəhudi dini ədəbiyyatında da seçilmişliklə bağlı bəzi spekulyasiyalar var. Bibləvi mətnə görə Allah İbrahim peyğəmbərdən bircə oğlunu qurbanlıq üçün götürməsini istəyir. Müqəddəs Yazıda işlənən “bircə oğlunu” sözünü 5-ci əsrdə yazılan bir midraş (midraş – yəhudilikdə müqəddəs yazıları şərh edən kitabların bir növü) ucundan tutub ucuzluğa gedərəkdən xəyali hekayət kimi araşdırır. Hekayətə görə, Allahla İbrahim arasında bir dialoq olur:
Allah: Oğlunu götür.
İbrahim: Mənim iki oğlum var.
Allah: Sənin üçün tək oğul olanı götür.
İbrahim: Bu övladım öz anası üçün tək oğludu, o biri övladım da öz anası üçün bircə oğludu. (İbrahimin Saradan bir oğlu, Həcərdən də bir oğlu olur. Hər iki övlad öz analarının tək və ya bircə övladıdı.)
Allah: Sevdiyin oğlunu götür.
İbrahim: Mən onların hər ikisini sevirəm.
Allah: İshaqı götür.
Diqqət edin ki, Allahla İbrahim arasında dialoq midraşa görə İbrahimin hər iki övladını sevdiyini, hər iki övladının əslində onun tək övladı olduğunu ortaya çıxarır. Sherwood Y. öz məqaləsində bu dialoqun iki övlad arasında ciddi fərq olmadığını, fərqin yalnız adla və İlahinin seçimiylə əsaslandırıldığını göstərdiyini irəli sürür (Sherwood Y. “Binding – Unbinding: Divided Responses of Judaism, Christianity, and Islam to the ‘Sacrifice’ of Abraham’s Beloved Son.” // Journal of American Academy of Religions. 2004 72(4):821-861). Göründüyü kimi, kimin seçilməsi və niyə seçilməsi məsələsi maraqlı spekulyasiyalara yol açıb. İbrahim və onun oğlu hekayəti həm də seçilmişlik haqq-hesabından əlavə istər İslam, istərsə də Musəvilik və Məsihilik üçün Allahın xarakteri, kimliyi və insanın etik davranışları və bunun İlahi xarakterlə bağlılığı haqqında ilginc teoloji problem – suallar qoyur: Allah bir atanın oğluna qıymasını necə istədi? Bir insanı qurban olaraq tələb etmək və qurbanın valideynlərinə mümkün ağrı-acıları yaşatmaq mərhəmət və sevgi dolu Allahın xarakterinə nə qədər uyğundu? Əgər, Allah insanlardan bir şey istəyir (“öldürmək yasaqdır”), özü isə həmin istədiyinə uyğun davranmırsa (“Allah istəyirsə oğlunu da öldürə bilərsən”), bunun İlahi ədalət qavramıyla nə ilişkisi var? Çağdaş qərb teologiyasında, özəlliklə də liberal məsihi teologiyasında bu cür suallar Allahın qatil, İshaqın məqtul, İbrahiminsə viktim (viktim elə qurban deməkdi, ancaq dini mənada qurban deyil, cinayətin, qadağan olunmuş əməlin qurbanı anlamına gəlir) kimi görülməsini irəli sürən spekulyasiyalara yol açıb.
Musəvilikdən və İslamdan fərqli olaraq Xristianlıqda qurban(lıq) qavramı həm İbrahim peyğəmbərin başından keçən bu hadisə, həm də İsa Məsihlə bağlıdı. İsəvilikdə qurban, qurbanlıq qavramı mövcud olsa da, bizlər Allaha hərfən qurban kəsmərik və qurban vermərik. Məsih İnancı öyrədir ki, İsa Məsih İlahi Atanın insanlar üçün son dəfə və birdəfəlik verdiyi qurbandır. Bu, İsa Məsihin Xristianlıqda rolu və yeri ilə bağlı İncillərdəki önəmli təsvirlərdən biridir. İsa Məsih bəşəriyyətin günahlarından dolayı qurban verilib və mükəmməldir. Ondan sonra hər hansı canlını qurban kəsməyə ehtiyac yoxdur. İsa Məsih vasitəsilə həvari Paulosun öyrətdiyi kimi hər bir məsihi yaşayan qurban halına gəlir (Məsihə inanmaq, onuntək düşünüb yaşamaqla) və özünü İlahinin məbədi olaraq Tanrıya qurban verir, ona həsr edir. Bu mənada biz özümüzü davamlı olaraq Yaradana qurban kimi təklif edərik və varlığımız hər zaman onun üzünə məbəd olaraqdan açıqdır: qoyun – quzuya, dəvəyə ehtiyac aradan qalxıb daha, çünki İlahi bizim hər birimizi ona özümüzü yaşayan qurban kimi təslim etməmizi istəyir. Bir İsəvi buna razılaşdığı və çalışdığı zaman onu İlahi öz məbədi kimi qəbul etməklə şərəfləndirir. İsəvi teologiyasında İsa Məsihlə İbrahim peyğəmbərin qurbanlıq oğlu İshaq arasında parallelər tapmaq mümkündü. İbrahim peyğəmbərdən oğlunu qurban istəyən İlahi sonucda özü İlahi Ata olaraqdan Oğlu İsa Məsihi qurban verir. Bu mənada, Allah İbrahim peyğəmbərin yerini, İsa Məsih isə İshaqın yerini alır Məsihilikdə. Bir yerə qədər İlahi İbrahim peyğəmbərlə başlatdığı lakin İbrahim peyğəmbərə övlad acısı yaşatmaq istəmədiyindən dolayı vaz keçdiyi işi İsa Məsihdə sona gətirir. İsa Məsihin İlahi və insani təbiəti olduğundan, İsa Məsihdə həm də İlahi özü insanla birgə bu prosesdən keçir, ölümün ağrı-acısını bir insan olaraq dadır. Bütün bunlara görə də məsihilikdə qurban qavramı olsa da, onlar qurban kəsməzlər.
Məncə bu qədəri hələlik yetər. Hamınızın bayramını bir daha təbrik edirəm.
No comments:
Post a Comment