Sunday, August 30, 2009

Cinsi ilhamlar

Nəhayət, Müqəddəs Kitabda cinsəl motivli bənzətmələrlə ilgili yazılarımıza yekun vururuq. Bu yazıları tamamən izləmisinisə, onda seksi motivli bənzətmələrin Qutsal Söyləşidə yer aldığını əminəm artıq bilirsiniz. İndi bu yazılar seriyasına başladığımızda qoyduğumuz suala dönək: niyə cinsəl bənzətmələr? Məncə cinsəl motivli bənzətmələr aşağıdakı səbəblərə görə, Bibliyada yer alır.

1) Anladılanın şiddətini anlatmaq üçün. Seks hər zaman sıradışı bir fəaliyyət sahəsi kimi görülüb. Özəlliklə də qədim Semit mədəniyyətində seks ciddi tənzimləməyə məruz qalan, çox necə deyərlər qıcıqlandırıcı bir şey imiş. İnsanların diqqətini anladılan mövzunun, haqq-hesabın şokedici elementlərinə yönəltmək üçün Bibliyanı yazanlar belə bir üsuldan istifadə edə bilərdi.
2) Anladılanın çoxmənalılığına (polisemiya), mümkün məna yayğınlığına diqqəti çəkmək üçün. Seksi motivli bənzətmələr bir qayda olaraq insanların düşüncələrini həmin metaforun seksual yanlarına yönləndirir. Belə bənzətmələrdə cinsəl elementlər bənzətmənin sadəcə bir tərəfidi, ancaq həm də ən güclü tərəfidi. Cinsəllik necə sirrli, çoxmənalı, təxəyyülə od salan bir qığılcımdırsa, seksi bənzətmələri istifadə etməklə əslində yazarlar metaforu elə o şəkildə, bəzən söylənməyə layiq görmədiyimiz düşüncələr vasitəsilə, şəxsi-intim həyat təcrübəmizi tətbiq edərəkdən soruşdurmamızı istəyirlər. Bunu belə də söyləmək olar: bu cür bənzətmələri işlətməklə yolverilən-yolverilməz, tabu, günah və qeyri-günah, bunlar arasındakı sərhəddin yayğınlığı, birinin digərinə keçə bilmə ehtimalı diqqət mərkəzinə çəkilir. 3) Şəxsilik və yaxınlıq özəlliyinin vurğulanması üçün. Seks münasibətləri, əgər o münasibət fahişəlik, birdəfəlik, təsadüfi deyilsə, iki insan arasında özəl bir yaxınlıq tələb edir. Qəlb yaxınlığı ilə cism yaxınlığı məhz bu cür münasibətlərdə tamamlanır. Cinsəllik iki insanın biri-birinə içdən və tam açılması, özünü verməsi potensialını içərdiyinə görə, bu potensialın sui-istifadə edilməsi (intensiv təsadüfi əlaqələr), və ya içdən yaxınlıq məqsədi olmadan cismini pula satmaqla yaxınlıq etmək (fahişəlik) şəxsiyyətin çökməsinə yol aça bilər. Bunları gözə alsaq, seksi bənzətmələr İlahi-insani münasibətlərdə həm dərin yaxınlığa dəvət edir, həm də bu münasibətlərin sui-istifadəsi zamanı baş verməsi mümkün təhlükələr haqda xəbərdar edir.Bu cür səbəbləri uzatmaq olar. Ancaq məncə yuxarıda bəhs etdiklərim əsas səbəblər olaraq görülə bilər
.

No comments:

Post a Comment

gündəlikdə axtarış