Wednesday, August 26, 2009

Azərbaycanda dinlər: çoxluq hər zamanmı p-xluqdur?

Mama dilimizdə belə bir qəribanə deyim var: “çoxluq p-xluqdur” özəl bir mövzu, predmet və s.-ni içərmədiyindən sanki universalmış kimi hər haqq-hesabla bağlı işlədilməsi mümkündür bu deyimin. Məsələn, deyək ki, səs-küyün çoxluğu bədənimizdən çıxana çevrilə bilər, bəs fikirlərin çoxluğu necə? Əslində bu deyim çoxluğun problem olmasını və ya problemə çevrilmək imkanını ifadə edir. Necə deyərlər, daha biz nə deyə bilərik ki... . Amma çoxluq hər zaman arzuolunmaz şeyə çevrilməz, çətin də olsa çoxluğu müsbətə, arzuolunana da çevirmək olar. Çoxluq belə demək mümkünsə, sadəcə kəmiyyətcə çoxluq deyil, həm də keyfiyyətçə çoxluq yəni müxtəlifliyin çoxluğu, fərqli olan fikirlərin, ideyaların, düşüncələrin çoxluğudur. Çoxluq həm də bir-iki hərfini oynatmaqla iqtisadi dilə, qavrama az da olsa tərcümə oluna bilər...bolluq şəklində. Çağdaş dünya keyfiyyətli çoxluğu demokratiyanın, keyfiyyətli bolluğu isə iqtisadi gəlişmənin əsası hesab edir.

Çoxluq p-xluğa deyil, arzuolunan bolluğa bir çox sahədə çevrilə bilər, onlardan biri də din və ya cəmiyyətin mənəviyyatı, ideyaları sahəsi, səviyyəsidir. Əslində Azərbaycan cəmiyyəti heç vaxt din baxımından monoton, yeknəsəq olmamışdır. Gəlib-gedən hər kəsin bir şey əkdiyi bu ölkədə Zərdüştiliyin belə ardıcılları var. Bununla belə, bu dinlərin içtimai həyatda görünməsi, fəaliyyəti fərqlidir. İndi ortalıqda ən çox olan və gözə dəyən təbii ki, İslamdır. İslamın həryerdəliyi fonunda ölkə başqa dinlərdən yoxsunmuş kimi görünür. Halbuki belə deyil. Başqa dinlər künc-bucaqdadır və ya marginal dinlərdir. Odur ki, ölkəmizdə dinlərin çoxluğu heç yoxdur demək olmaz. Dinlər var ölkədə və faktiki olaraq ikidən çoxdurlar. Bu kəmiyyət çoxluğudur. Quru faktlara nəzər salsaq, bəli ölkədə müsəlman, isəvi, musəvi və s. və ia vardır. Lakin ortalıqda keyfiyyət çoxluğu yoxdur. Başqa sözlə, quru faktlarda, statistikadakı çoxluq özünü görünən, hissolunan, mənalı çoxluğa, içtimai həyata qatqısı olan çoxluğa çevirmir. İçtimai həyata qatqısı olmaq və beləliklə də kəmiyyət çoxluğunu, keyfiyyət çoxluğuna çevirmək üçün, dinlər üçün içtimai həyata töhfə vermək şansı, biri-birilə dialoqa girmək və biri-biri ilə münasibətdə olmaq şansı yaradılmalıdır. Dinlərin keyfiyyət çoxluğundan həm cəmiyyət, həm dinlər, həm də fərdlər qazanır. Əlbəttə ki, hər bir gerçəklikdə olduğu kimi dinlərin çoxluğu da problemlərdən xali deyil və onun bütün çatışmazlıqlar üçün məlhəm olacağını gözləmək ağılsızlıqdır. Lakin məgər bu, dinlərin keyfiyyətli çoxluğunu rədd etməyə əsas verirmi? Məncə deyil. Dinlərin keyfiyyət çoxluğu cəmiyyətə müsbət bir çox qatqıda buluna bilər və bu essedə də müsbət qatqılara nəzər salacağıq. Bunu göz önünə alaq: Azərbaycanda dini çoxluğa plüralist mövqedən baxılması qaçınılmazdır. Yəni, yalnız İslam mövqeyindən məsələyə yanaşmaq ağılsızlıq olduğu kimi, yalnız xristian baxış bucağından haqq-hesabı anlamaq yanlışdır. Bu dinlərinin hamısının görüşə biləcəyi ümumi ideoloji məkan yumşaq sekularizm deyə biləcəyim bir sosial-mədəni mühitdir. Yumşaq sekularizm, radikal sekularizmdən fərqli olaraq, öz məhdudiyyətini tanıyır və dinlərin həmin bu məhdudiyyətdən irəli gələn boşluğu doldurması üçün yer buraxır. Yumşaq sekularizm dinlə tarazlıqda mövcuddur – o dini əzişdirmir, onu geridəqalmışlıq kimi görmür, əksinə onunla əl-ələ çalışır. Din-dövlət və cəmiyyət münasibətinə plüralist yanaşma (diqqət!: bu xristian teologiyasındakı plüralist-universalist mövqe deyil. Lütfən qarışdırmayın. Bu barədə daha sonra.) cəmiyyətdə dinlərin çoxluğunu toplumun zənginliyi, neməti kimi qəbul edir və bu çoxluğu fakt kimi götürüb, inancların biri-birinə münasibətdə bişməsini, yetişməsini, dəyişməsini təmin etməyə çalışır. Belədə yumşaq sekularizm bu çoxludakı dinlər arasında vasitəçi, yumşaldıcı, ümumi məqsəd üçün stimullaşdırıcı qüvvə rolunda çıxış edir.

No comments:

Post a Comment

gündəlikdə axtarış