Qonaq bloqçu - Məsiağa Məhəmmədi
Nizami dünyası - 2
Nizamiyə görə, öz istək və tələbatları olan ayrı-ayrı fərdlərin məcmusu kimi meydana gələn cəmiyyətdə əsas məsələ fərdi və ictimai mənafelərin düzgün tənzimlənməsidir. Fərd cəmiyyətə münasibətdə müəyyən vəzifələrə malik olduğu kimi, cəmiyyət də fərd qarşısında məsuliyyət daşıyır. Sülh və həmrəylik şəraitinin hökm sürmədiyi cəmiyyətdə nə fərdi, nə də ictimai səadətdən söhbət gedə bilməz.
Eyni münasibət cəmiyyətlə təbiət arasında da mövcud olmalıdır. Nizaminin fikrincə, təbiətdə canlı və cansız nə varsa, hamısı insan üçündür və ona xidmət etməkdən ötrü yaradılmışdır. İnsan onların qədrini bilməlidir, başqa cür o özünü təhlükəyə məruz qoyur. Nizaminin nəzərində, insanların bir-birinə və təbiətə vəhşi münasibəti, cəmiyyəti didib-parçalayan eybəcərliklər, insan mənəviyyatını korşaldan heyvani istək və ehtiraslar, kütləvi qırğınlara səbəb olan müharibələr nadanlıqdan doğan faciədən başqa bir şey deyildir. Nizami dönə-dönə ölüm məsələsi üzərinə qayıdır. Ölüm həyatın labüd və qaçılmaz sonudur. O, heç kəsə fərq qoymur. İskəndərin dirilik suyu axtarışı nəticəsiz qalır. Deməli, «dünyaya gələn hökmən getməlidir». Bu halda, heç olmasa, insan ömrünü süni şəkildə qısaldan amillər aradan qaldırılmalıdır. İctimai həyat elə qurulmalıdır ki, insan ömrünü ləyaqətlə yaşasın və təbii ölümlə başa vursun – şair «İskəndarnamə»də təsvir etdiyi «cənnət şəhər» epizodu ilə bunu demək istəyir.
Nizami – humanistdir. Lakin Avropa humanistlərindən fərqli olaraq, o, insanın bütün təbii istək və arzularını deyil, ilk növbədə onun insan məqamına uyğun olan və mənəvi mahiyyət daşıyan cəhətlərinin reallaşmasının zəruriliyini irəli sürür.
Nizami – müsəlmandır. Lakin bu, onu başqa dinlərin inkarına aparıb çıxarmır. Əksinə, Nizaminin nəzərində müxtəlif dinlər bir məqsədə – vahid Tanrıya doğru aparan müxtəlif yollardır.
Nizami – azərbaycanlıdır. Lakin o, həm də bütün varlığı ilə beynəlmiləlçidir. Özü də bu beynəlmiləlçilik onun üçün ideoloji element deyil, mənəviyyat xassəsidir, təfəkkür genişliyinin labüd nəticəsidir. Şairin nəzərində insanlar irqi və etnik (eləcə də sosial-sinfi) mənsubiyyətinə deyil, yalnız kamillik dərəcəsinə görə fərqlənirlər. Elə bu da insanın qiymətləndirilməsində başlıca meyar olmalıdır.
Ümumbəşəri dəyərlər üzərində qurulmuş Nizami dünyası səkkiz əsrdir ki, öz pozulmaz nizamı ilə yaşayır və hər bir dövrdə insanları düşündürən ən müşkül suallara cavab verir və yəqin ki, səkkiz əsr bundan sonra da belə olacaq!
No comments:
Post a Comment