Wednesday, August 26, 2009

Teollah - 1

Teos yunanca ilahi, deməkdir. Bizim dilə Allah kimi də tərcümə oluna bilər. Xristian teologiyasında bu söz uzun tarixə malik olub, Yaradanı anlatmaq üçün işlədilən sözdür. Allah ərəbcədə əl-(i)lah yəni ilahi deməkdir. Bu sözün də islamda özünəməxsus tarixi var və bütün varlığı var edənin adıdır.
Ara-sıra istər xristianlar, istərsə də müsəlmanlar arasında islamdakı Allah sözünün xristianlıqdakı Fövqəltəbii Qütbü – Tanrını (Allahı?) anlatmaq üçün istifadə edilməsinin arzuolunan olması və ya olmaması haqda fikirlərə rast gəlirəm. Bəzilərinə görə Allah sözü Xristianların ilahisi üçün işlədilməməlidir. Bəziləri isə əksinə bunun yolverilən olduğunu qəbul edir. Bəzi dövlətlərdə bu məsələ sadəcə dindarların müzakirə haqq-hesabı deyil, daha önəmlidir və birbaşa dövlət müdaxiləsi ilə yoluna qoyulmuşdur. Məsələn, Malayziyada xristianların Allah sözünü özlərinin ilahi deyə səcdə etdiyi Bir üçün işlətmələri qadağandır. Hətta iş o yerə gəlib çatıb ki, xristianlar dövləti bu sözü işlətmək haqqından dolayı məhkəməyə veriblər. Bir müddət bundan öncə xəbərlərdə bu barədə oxudum və elə o vaxtdan da fikrimi məşğul edir.


Daha öncələri bir iranlı məsihi ilə də bu məsələni müzakirə etmişdik və həmin şəxs bu sözü işlətmənin əleyhinə olmuşdu. Başqa bir iranlı isəvi ilə bu məsələyə toxunmasaq da adamın hər zaman Allah sözünü İlahiyə münasibətdə işlətməkdən yan keçməsi diqqətimdən yayınmayıb. İngilis dilində olan isəvilik ədəbiyyatına nəzər salsanız, xüsusən də incilçilər (evangelistic movement) və mühafizəkar xristianlar arasında bunun müzakirə obyekti olduğunu görəcəksiniz. Doğrudanmı bu məsələ bu qədər önəmlidir?
Allah sözünün isəvilikdəki Teos kəlamı üçün hər hansı müsəlman etnik qrupun dilində tərcüməsi kimi işlədilməsinin önəmini özünüz təyin edin.
Mənsə burda öncə bu haqq-hesabın ortaya çıxmasına qatqısı olan faktorlar barədə yazım, ondan sonra da fikrimi bildirib, arqumentlərimi verəcəm.
Nəyə gör bu məsələ önəmli ola bilər? Fərqli faktorlara görə. Ən önəmlisi, Teos (God, Boq) sözünün müsəlman xalqın dilinə onun artıq işlətdiyi Allah kəlamı kimi tərcüməsi və işlədilməsi onların eyni Yaradan, Fövqəltəbii Başlanğıc olması ideyasının yayılmasına yardım edir. Bu isə öz növbəsində xristianlığı qəbul etmək istəyənlərin işini asanlaşdıra bilər və ya bu fikirlə razılaşmayanlara görə dini inanc və düşüncədə qarışıqlıq yarada bilər. Bəzilərinə görə, xristianların inandığı ilahi ilə, müsəlmanların ilahisi eyni deyil (həm xristian, həm də müsəlmanların arasında bu cür düşünənlər var), ona görə də Teos sözü Allah kimi tərcümə olunmamalıdır. Bəzilərinə görə isə bu sadəcə xristianların “kələyi”dir və xristianlığı yaymağın asan yoludur. (Bu arqumentlər birləşdirilə də bilər) Birinci arqument teoloji, ikinci arqument isə siyasi-içtimaidir. Hər iki halda məsələ teoloji və sosial önəm qazana bilər – xüsusən də dini monotonluğu ölkənin bütövlüyü və sabitliyi üçün qarant görənlərin arasında.
Sırf teoloji müstəvidə məsələ göründüyü qədər sadə deyil. Müsəlmanların inandığı varlığın Məsihilərin siyatiş etdiyi varlıqla eyni olması Teos sözünün Allah kimi tərcüməsinə əsas verir. Lakin doğrudanmı onlar eyni fövqəltəbii Başlanğıca siyatiş edirlər? İlk baxışdan belə deyil, çünki məsihilərin inandığı Allah bir və qeyri-bir, müsəlmanlarınkı isə yalnız və yalnız birdir. İsəvilərin inancında İlahi insan şəkli ala bilər, insan təbiəti ilə, İlahi təbiət və ya mahiyyət bir araya gələ bilər və İlahi(nin bir parçası, şəkli) hətta bəşəriləşib, insaniləşə və yer üzünə gələ bilər. İslamda isə Allah yer üzünə gəlmir, Allah insan təbiəti və mahiyyəti ilə birləşməz və onun təkliyi özünü çoxluqda ifadə etmir. Beləliklə, ilk baxışdan onlar fərqlidir.

No comments:

Post a Comment

gündəlikdə axtarış