Bir dindarın özünə və inancına ilişgin yol verə biləcəyi ən önəmli səhvlərin bəzilərini cilallanmamış şəkildə bloqa yerləşdirirəm. Yeri gəlmişkən, pastoral sözünün nəyə istinad etdiyini lütfən özünüz müəyyənləşdirin. Geniş mənası var və bir az əziyyət çəkib axtarsanız bu barədə maraqlı yazılar tapacaqsanız.
1. Dindarlığından dolayı, özünü Yaradana hamıdan və ya bir çoxlarından yaxın görmək.
2. Dindar olub kilisəyə və məscidə getməsindən ibadət etməsidən və ya namaz qılmasından dolayı başqalarını və onların dinə münasibətini açıq, aqressiv və kateqorial şəkildə mühakimə etmək.
3. Insanların əxlaqi davranışlarını özünü hər zaman haqlı, başqalarına dərs verməyə yetənəyi varmış kimi görərək qiymətləndirmək.
4. Dini qayda və prinsiplərə əsasən başqalarına göstərsin deyə əməl etmək.
5. Niyyətinin heç zaman günahla və ya arzuolunmaz niyyət-motivlə qarışmadığını və qarışmayacağını düşünmək və hər zaman saf ürəkli, təmiz olmasından şəkk-şübhəsiz əmin olmaq – bu təkəbbürə yol açır.
6. Allahı bütləşdirmək. İlahi büt deyil. Ona büt kimi ibadət olunmaz və İlahi bütmüş kimi davranılmaz. Allahdan dolayı insan öldürmək, insanlara rəhmsiz davranmaq İlahini bütləşdirmək deməkdir. Çünki belə davranış eyni Allahın başqalarını da yaratdığını, onların da Allahı olduğunu və həqiqəti də ən yaxşı şəkildə Onun bildiyini nəzərə almır – bu cür yanaşma Allahı bizim malımız kimi qavrayır. Allah büt kimi sadəcə bizə məxsus deyil, İlahi də bizi insanlardan və onların inanclarından dolayı vəkil tutmayıb. Bu cür yanaşma tayfa-qəbilə allahlarına inancda müşahidə edilir. Allahı bütləşdirmək həyatı kompleksiyi ilə nəzərə almamaq və hər şeydə İlahi – insan münasibətlərini mexanikləşdirib, bəsitləşdirib özümüzə haqq vermək, İlahinin adından danışmaq iddiasında bulunmağı da içərir.
7. İnancı ciddiyə almamaq, onunla yüngül rəftar etmək və onu kefimizin istəyinə, marağımızın çıxarına təslim etmək – inanc uşaq oyuncağı deyil. İnanmaq hər zaman şad-xürrəm yaşamaq, hər zaman həyatımızın kef və maraq dolu bir şey olacağını vəd etmir. İnanc darıxdırıcı, çətin, bəzən də insana acı verən bir aura ola bilər. İnanc şübhələrdən xali deyil. İnanc şübhəni və şübhəylə yaşamağı, şübhədə yetişməyi, şübhə və inanc tarazlığını içərir bir yerə qədər.
8. Dini məsələlərdə hazırcavab olduğunu düşünmək və hazırcavablıq etmək. Dini inanc insanların davranış və həyatına təsir edir. Hətta az da olsa araşdırmadan hər hansı dini məsələdə bir qərara varmaq və başqalarına öyüd vermək arzuolunmazdır.
9. Tövbə etməmək və vicdanı boğmaq. Vicdan bütün cəmiyyətlərdə var. Bütün cəmiyyətlərdə vicdan fərqli qavranıla, yol verilən və verilməyən, rəhmli, qəddar qavramları, normaları fərqlənə bilər. Lakin ən bəsit cəmiyyətlərdə belə bu qavramlar bir kökə - vicdana bağlanır. Vicdan intuitivdir. Vicdan etməli olub-etmədiklərimizdən dolayı acı çəkməyi də içərir. Vicdanı boğmaq özünə hər zaman, hər yerdə haqq qazandırmaq üçün bir rasional səbəb, bəhanə tapmağı bacarmaq deməkdir. Tövbə hələ ölməmiş vicdanın səsidir.
10. Dini inancı və dəyərləri mütləqləşdirib şəraiti, konteksti, şəxsi və s. nəzərə almadan yaşamaq və hərəkət etmək. Dini inanc öz-özüylə mübarizəni də ifadə edir. Öz-özüylə mübarizə isə dini inancla dialoqda olaraqdan yaşamaq, ətraf və dini prinsiplər arasındakı münasibətləri tanıyıb, orta yolu tapmağa deyilir.
No comments:
Post a Comment