Vəftiz və ya xaç suyuna salınmaq/çəkilmək Məsih inancının önəmli gizləntilərindən biridir. Mürəkkəb mənaya malik olan vəftizin anlamı haqqında çoxlu fikirlər var.
Bir qayda olaraq bir insan Məsihiliyi qəbul etdiyi zaman və ya özünü Məsihə həsr etmək barədə qərar qəbul etdiyi halda vəftiz olunar. Həm yaşlıları, həm körpələri vəftiz etmək mümkündür. Məsihiliyin əsas qollarında yalnız bir dəfə vəftiz olunmağa haqq tanınır.
Vəftizin önəmli anlamlarından biri İsa Məsihin ölümündə və dirilişində onunla birləşməkdir. Bizim Məsihlə birləşməyimiz və ya ona qovuşmağımız, bir mənada Məsihin başına gələnlərin bizim də başımıza gəlməsi və Onun əldə etdiklərinin bizə də aid olmasını anladır. Önəmli olan hansı mənada onun başından keçənlərin bizim də başımızdan keçməsini anlamamızdır.
Bizim Məsihlə birləşməmiz bizə İlahinin verdiyi yeni bir kimlik kimi anlaşıla bilər. Biz bu kimlikdə yetişir və bütün həyatımızı bu kimlikdə keçiririk. İsəvi kimliyi bizim keçmişimizdən deyil gələcəyimizdən, Məsihin artıq bizim adımızdan həyata keçirdiyi işlərdən qaynaqlanır. İncildə Məsihlə birləşməyin vəftizlə əlaqələndirilməsi bu deməkdir ki, bu kimlik bizə İlahi tərəfindən vəftizdə verilir.
Vəftiz sadəcə bizim Məsihlə birləşməmizi deyil, həm də günahlardan təmizlənməmizi anladır. Vəftizin günahlardan təmizləmə anlamı bizim Məsihlə onun ölümündə birləşməmizdən qaynaqlanır. Müqəddəs Yazıda vəftiz suyuyla, Məsihin qanı arasında yaxın əlaqə vardır. Təmizlənmə bizim həyatımızı bir fərd və bir qrup olaraq Məsihin surətində, Ona görə, Müqəddəs Ruhun gücüylə yenidən düzüb-qoşmağımızı anladır. Bu barışdırılma (İsa Məsihdə İlahi ilə insanların barışdırılması), təmizlənmə (İsa Məsih vasitəsilə gedərək Yaradana yaxınlaşma) və Əhd (İlahinin İsa Məsihin xətrinə və onun adından insanlarla bağladığı Əhd – başqa mənaları da var) anlamlarını da içərir.
Vəftizin təmizlənmə anlamı bizə indiki zamanda bir hədiyyə olaraq təklif edilmişdir və bir verilmiş söz (İlahinin Məsihin həyatı və şəxsiyyətində insanlara verdiyi söz) olaraq bizi həyatımız boyu ayaqda tutar.
Vəftizdə biz Müqəddəs Ruhu – bizi İsa Məsihə birləşdirəni qəbul edirik, onu alğılayırıq. Müqəddəs Ruh İsa Məsihə aid olanı bizə və bizim üçün yaşantımızın bir parçası halına gətirir. Vəftizdə Müqəddəs Ruh bizi İsa Məsihdəki yeni həyata calayır, bizi Məsihin dərin və içdən sevgisinə və İlahi sözünün güclü və insanı dəyişdirən bilgisinə ayıldır. Vəftizdə biz Müqəddəs Ruhun yeni dünyasına daxil olarkən eyni zamanda da biz İsa Məsihin bədəninə (kilisəyə) qoşuluruq, onun bir əzasına çevrilirik və burada İlahi Ruh bizi gücləndirib İlahinin işində onun yoluyla gedənlərtəki bizə bir İlahi üçün bir şeyləri yerinə gətirməyi həvalə edir. ------------------------------------------------------------------- * Bu yazı James V. Brownson-un “The Promise of Baptism: an İntroduction to Baptism in Scripture and the Reformed tradition” kitabından seçmələrin tərcüməsidir. Yazı dilimizə müəllifin razılığı ilə çevrilmişdir.
No comments:
Post a Comment