İlahiylə əlaqə insanın kimliyinin, əsil kimliyinin üzərində qurulduğu bunövrədir. Sən kimsən əziz dost? Düşün bu sualın üzərində. Bu suala verdiyin və ağlından keçən ilk cavab səni xəbərin olmayan içindəki dərin qatlara götürə bilər. Sən kimsən?
Bu suala adını xatırlayaraq cavab verə bilərsən. Mən, məsələn deyək ki, Həsənəm. Qardaşın və ya bacın bu suala milliyyətini xatırlayaraq cavab verə bilər: mən azəriyəm və ya deyək ki, ləzgiyəm. Üçüncü biri bu suala peşəsini xatırlayaraq cavab verə bilər, məsələn deyər ki mən ədəbiyyatçıyam. Hər cavab insan kimliyinin bir aspektini vurğulayır. Hər cavab insan kimliyinin qatlarını açır. Ilk verdiyin cavab, şüurunun üst qatında olan, belə demək mümkünsə əsas kimliyinin qapısıdır deyilə bilər. Bunların bir araya gəlməsi də mümkündür. Həsən, həm də ədəbiyyatçı ola bilər və ləzgi ola bilər. Lakin insan kimliyi yalnız bununla bitmir. Bu kimliklər ötəridir, yəni fanidir və onlar dəyişməz deyil. Sən ingilis də doğula bilərdin. Biri gün sabah ədəbiyyatı tərk edə bilərsən. Kim bilir, bəlkə Azərbaycan yenə də Rusiyanın boyunduruğuna girəndə azəriliyini danmağa da çalışarsan – russayağı və ya rus olmaq üçün. Sənin dəyişə bilməyəcəyin tək bir şey İnsan olmağındır. Səni sən edən, sənin cinsini və yaradılışda yerini müəyyən edən insan olmağındır. Deyəcəksən ki, mən də bilirəm insan olduğumu. Lakin insan olmaq hələ kimliyimin necəliyini tam müəyyən etmir. Razıyam. Doğrudan da belədir. Lakin bunu da qəbul edək ki, hamımızın, daha doğrusu bir çoxlarımızın insan olması güncəl həyatında heç nəyi həll etmir. Biz özümüzü öncə azəri, ədəbiyyatçı, ata, baba və s. və ia. yalnız bunlardan sonra insan hesab edirik. Ancaq mən iddia edirəm ki, çünki belə inanıram, insanın əsas kimliyi sadəcə insan olmasıdır. İnsan olmaq İlahinin surətində yaradılmışığı anlamaq və bunu praktiki olaraq yaşamaqdır. Bu sənin azəriliyini, ədəbiyyatçılığını, kişiliyini və s. inkar etmir. Bu sadəcə, səni İlahinin surəti kimi hər kəslə daha dərin səviyyədə əlaqəyə girməyə dəvət edir. İnsan olmaq və insanlığını etiraf edib, İlahi surətində olduğundan dolayı bunu bütün digər kimliklərimizin kökü halına gətirmək kimliyimizi ilahi ilə əlaqədə tapmaq və ona görə qurmaq deməkdir. İlahi ilə əlaqədə tapılan kimlik sizi başqa dünyaya götürür. Çünki sizinlə başqa insanlar arasında əlaqənin prinsiplərini işin içinə gətirir – axı onlar da sənin kimi Allahın surətidirlər, onun bənzərində yaradılıblar. İlahiylə münasibətə dayanan, bundan qaynaqlanan və başqa kimlikləriniz üçün ana çərçivə rolunu oynayan kimlik dəyişər, lakin itməz. Siz azərilikdən üz çevirə bilərsiniz, ədəbiyyatçılığı buraxa bilərsiniz, lakin alıb verdiyiniz nəfəsi inkar edə bilməzsiniz. İnsan olaraq başqalarıyla bir ümumiliyə və insan kimi bir fərdiliyə sahib olduğunuzu dana bilməzsiniz. Bunu İlahiyə inanc kontekstində etməniz (İlahi surətində yaradılmışlıq) sizi varlığın transsendental ölçülərinə açır. Halbuki bütün başqa kimliklərinizi İlahi ilə münasibətdəki kimliyinizə ala bilərsiniz. Beləliklə, əziz dost, İlahi surətində, onun bənzərində yaradılmaq, sənin üçün həm də əsil, bütöv və dərində yatan kimliyini tapmaq, onu kəşf etmək və qurmaq şansıdır.
No comments:
Post a Comment