Nəfəs insanı İlahiyə bağlayan əlaqənin ikinci – daha dərində yatan - aspekti, ölçüsüdür. Nəfəssiz insan varlıq kimi tam olmur. İlahi özü yaşayan varlıqdır, Allahın özü canlıdır və onun surəti nəfəssiz, həyatsız tam olmazdı.
Lakin Nəfəs – içimizdəki İlahi Ruhun parçası - sadəcə bununla bitmir. Nəfəs həm də bizi hər an, hər saniyə, İlahiyə bağlayır. O İlahiylə insan arasındakı əlaqənin ikinci teoloji əsasıdır. Hər an nəfəs alıb vermək hər an İlahinin verdiyi yaşam hədiyyəsini realizə etmək, onu yaşamaq deməkdir. Yaşamı yaşamaq lazımdır. Hər an, hər nəfəs, hər ah, hər köks ötürmək İlahiylə əlaqənin bərpası şansıdır. Həyatda olduğumuz müddətcə, canlı qaldıqca, Rəbbin hədiyyəsi bizimlədir, Rəbb bizi canlı tutur. Rəbb bizi bu dünyadan aldığı zaman onunla bu həyatda əlaqə şansı da itir. Nəfəs bizi hər an bu həyatda, Tanrının hədiyyə verdiyi yaşamda İlahiyə bağlayan andır, cəhddir, möcüzədir.Nəfəs, həm də səni ətfara bağlayır. Aldığın hər nəfəsdə havadakı rütubəti, quruluğu və cəmiyyətin ab-havasını, Bakı küçələrinin tozuyla birlikdə, metrodakı insan istisinin enerjisini içinə çəkirsən. Ətraf sənlə bir olur. Ciyərlərin, için, bədənin ətraf dünyanın, bəzən sənin seçiminə bağlı olan, bəzən özünün anlamadığı talenin şıltaqlığını bədəninə hopdurur. İçin, bədənin, Ruhunla birlikdə yalnız İlahiyə bəlli güzgü halına gəlir. Beləliklə, əziz dost və İlahinin bənzəri, İlahinin surətində yaradılmaq və nəfəs alıb vermək, yəni həyatda olmaq bir insan kimi, bəşər övladı kimi Tanrıyla və ətrafla, dünyayla əlaqənin – münasibətin əsasıdır. Sən bunu tanımaya bilərsən, sən bunu qəbul etməyə bilərsən. Lakin ölüncəyə qədər sənin İlahiylə əlaqəyə girmə, ona yaxınlaşmaq və ona açılmaq şansın var, çünki bu sənin mahiyyətindədir. Sənin cövhərin, zatın bu əlaqədədir.
No comments:
Post a Comment