Lakin Quran özü həm Xristianların, həm də müsəlmanların eyni bir Allaha inandığını əsas gətirərəkdən onları belə demək mümkünsə biri-birinin bostanına daş atmamağa dəvət edir. Bu azmış kimi, hər nə qədər Allah və Teos fərqli görünsə də onları yaxınlaşdıran əlamətlər də var. Xristianlıqdakı klassik teizmə dayanan Allah təlimi, İslamdakı Allah təliminə yaxındır və İlahinin tək, bənzərsiz, münəzzəh və s. və ia olduğunu anladır. Bundan başqa həm İslam, həm də Xristianlıq İlahinin bizim anladığımıza sığmadığını və bilgilərimizin hər nə qədər vəhyə dayansa da qeyri-mükəmməl olduğunu qəbul edir.
Başqa sözlə, İlahi tam olaraq nə islama, nə də Xristianlığa sığmır və kim bilir, bəlkə, elə o sığmayan, bizim bilmədiyimiz qədərilə əslində Xristianların və müsəlmanların ilahisi birdir. İlahi bilginin bizə verilən qədərində, dərəcəsində fərqləri görə bilirik, lakin elə həmin bilginin bizə verilməyən qədərində, dərəcəsində, tərəfində elə əslində Onun həm İsəvilikdə, həm də islamda eyni bir İlahini içərməsi potensialını göz önünə almırıq. Daha bir arqument: əgər həm isəvilər, həm də müsəlmanlar son nəticədə yalnız və yalnız bir İlahinin varlığı var etməsini iddia edirlərsə, o zaman istər-istəməz həmin bu birin, həm islam, həm də xristianlığın eyni bir İlahisi olduğu ortaya çıxır. Lakin bu heç nəyi həll etmir. Bu sadəcə sualların sayını çoxaldır. Əgər həm müsəlmanların, həm də xristianların Allahı birdirsə, onda nəyə görə həmin bu İlahi biri-birinə tərs düşən vəhylər, ideyalar göndərir insana? Bu kimi sualları uzatmaq olar.
Mənim məqsədim bu sualı cavablandırmaq deyil, sadəcə məsələnin qəlizliyinə bir balaca işıq tutmaqdır. İndi qayıdaq əsas haqq-hesaba. Mən inanıram ki, Allah sözünün Xristianların inandığı İlahinin tərcümədə qarşılığı kimi işlədilməsi mümkündür və bu arqumentlərim var: 1) Ərəb Xristianlar İslam mövcud olmazdan öncə Allah sözünü Məsihilərin inandığı İlahi Varlığı ifadə etmək üçün işlədirdilər yəni bu sözün tarixi islamdan əvvələ gedib çıxır, 2) Allah sözü eynilə Teos sözü kimi müvafiq dinlər ortaya çıxmazdan öncə bütpərəstlər tərəfindən də işlədilmişdir və bu söz hər hansı bir qrupun, dinin, millətin şəxsi malı deyil, 3) Allah sözü yalnız İslamdakı texniki-teoloji mənaya malik kəlam deyil, bu söz həm də bir çox dillərdə ümumişlək söz səviyyəsinə qalxmışdır və bu mənada ümumiyyətlə ilahini ifadə edir. 4) və ən nəhayət…məgər onlar son nəticədə eyni bir İlahi deyil?:)…
Onları yeri gəlmişkən birləşdirmək də olar Teollah sözündə olduğu kimi. Deməsi məndən, açması sizdən…
No comments:
Post a Comment