İsəvilikdə çox maraqlı inanclardan biri İlahinin həm də Ruh olmasına inancdı. Allah Ruhdu, Ruh Allahdı, Allahın Ruhu var və Ruh Müqəddəs Üçlüyün bir üzvüdü. Başqa sözlə deyilsə, Allah ruhdu, ruh da Allahdı, ancaq Allahla ruh arasında İlahinin təkliyinə xələl gətirməyən fərq də var.
Qısacası Müqəddəs Ruhla bağlı ümumbəşəri kilisənin inancını belə ifadə etmək olar: 1) İlahinin Ruhu var: Ruh Tanrıdı, Tanrı da Ruhdu, 2) Müqəddəs Ruh Üçbirin üzvüdü: O təbiətən İlahi Ata və İlahi Oğulla eynidi, yəni onlarla eyni təbiəti, mahiyyəti, cövhəri (“materialı” demək olar yəqin) bölüşür, lakin həm də onlardan fərqlidi: o İlahi Atadan və İlahi Oğuldan hər ikisindən birgə qaynaqlanır. Bu günlərdə kilisələr Pentekost gününü qeyd edirlər. Pentekost sözü yunanca “əllinci” anlamına gəlir. “Həvarilərin Əməlləri” kitabına görə, Müqəddəs Ruh İsa Məsihin ölümündən sonra 50-ci gündə həvarilərə gəlib onlarda özünü göstərib. Lakin məsələ burasındadı ki, Müqəddəs Ruh heç vaxt insanlardan ayrılmayıb hələ bir onun dönüşünü də qeyd edələr. Elə isə bəs bu qeyd edilən nədir? Qeyd edilən, Müqəddəs Ruhun İsa Məsihin doğruluğuna şəhadət verməsi və daha kəskin, dramatik təcəllasıdı. Lakin öncə Müqəddəs Ruh haqqında.
Bibliyada, həm köhnə, həm də yeni Əhddə Müqəddəs Ruhdan bəhs edilir. Köhnə Əhddə Müqəddəs Ruhun mövqeyi bir az qəlizdi. Müqəddəs Ruh hər şeydən öncə Tanrının insanlara verdiyi həyatdı və bu nəfəsdə ifadə olunub. Qədim yəhudicədə Nəfəs sözü Nefeş şəklindədi – dilimizə bunu nəfs (təsəvvüfdə işlədilən mənasında) kimi tərcümə etmək mümkündü. Bu söz həm də “külək” anlamına gələ bilər. Allah öz nəfəsindən insana verib deyə, insan həyata malikdi. Bu mənada nəfəs – Ruh həmişə bizimlədi. Bu sözlə yanaşı Əhdi-Ətiqdə ruah yəni ruh sözü də işlədilir. Ruah sözü də külək, nəfəs anlamına gəlir. Tanrının küləyi, nəfəsi, Ruhu, bir sözlə, İlahinin ahı və ya Özü Əhdi-Ətiqə görə yandırır, məhv edir, eyni zamanda həyat verir, dirildir, fövqəladə güc verir, ilham verir, ağıl verir və s ilə bərəkətləndirir. Ancaq Əhdi-Ətiqdə Müqəddəs Ruhun ayrıca bir şəxs olması, yəni müstəqil iradəli agent – subyekt-persona(lity) olması məsələsi demək olar ki, açıqlanmır. Yeni Əhddə Müqəddəs Ruh sözü pneuma və psüxe sözləri ilə ifadə olunur. Hər iki sözü də tanıyırsınız. Pneuma (pnevmatologiya sözündən boylanır) nəfəs, külək anlamına gəlir, psüxe (psixologiya sözündə gizlənib) isə nəfs, öz, bəzən də eqo anlamındadı. Yeni Əhddə Müqəddəs Ruh Tanrının bir ölçümü, aspekti və ən nəhayət Müqəddəs Üçbirin bir üzvü kimi daha açıq görülür. İncildə Müqəddəs Ruh bəzən İsa Məsihi də bildirir və ya İsa Məsihdə olan ruhun elə Müqəddəs Ruh olduğu anladılır. Bundan başqa Müqəddəs Ruh sözü və ya Ruh sözü (“ruhda hərəkət edin”, “Müqəddəs Ruhda qalın” və s. kimi) insan vasitəsilə hərəkət edən, insan vasitəsilə çalışan İlahini ifadə edə bilər.
Klassik isəvi teologiyasında Müqəddəs Ruh Tanrıdır, ancaq Müqəddəs Üçbirin bir üzvü kimi Ata, Oğuldan bəzi fərqlərə də (ümumiliklərlə yanaşı) malikdi. Müqəddəs Ruh peyğəmbərlər vasitəsilə şəhadət verir, eyni zamanda inanclıları hədiyyələrlə (gələcəyi görməkdən tutmuş, qurtuluşa, sevgiyə qədər) bərəkətləndirir.
Müqəddəs Ruha bəzən də Ruhi - Rəvan (Nəsimidən “oğurlayaraq”) demək olar bizim dilimizdə, çünki O insanlara həm də nəzakət, təmkinlilik, özünənəzarət, barışcıllıq hədiyyəsini verir – rəvan olmaq özəlliyi Ruhdan gəlir İsəviliyə görə.
Müqəddəs Ruhun İslamla da alıb-verəcəyi var. Yuhənnanın (bəzən Yəhya deyilir) İncilində (14:16-17) deyilir ki, İsa Məsih göyə qalxmazdan öncə həvarilərinə onlara başqa bir Təsəlliverici göndərəcəyini söyləyir.
Təsəlliverici Müqəddəs Ruhun başqa bir adıdır. Bəzi İslam qaynaqlarında isə bu söyləntinin əslində Məhəmməd peyğəmbəri nəzərdə tutduğu iddia edilir. Qurani-Kərimdə də yanılmıramsa (səhvim varsa, düzəldənə bəri başdan minnətdaram) Müqəddəs Ruhdan bəhs edir. Lakin İslamda bu kəlimə deyəsən Allaha deyil, mələklərdən birinə (Cəbrail?) istinad kimi izah edilir.
No comments:
Post a Comment