Thursday, August 27, 2009

Tanrının insan adı

Bir zamanlar müsəlman dostlarımın birindən eşitmişdim ki, Allahın 100 adı var, 99 məlumdur, 100-cüsünü isə heç kim bilir. Bunun İslamda belə olub-olmadığını bilmirəm. Lakin İlahinin bir çox adlarının olması və bu adlardan bəzilərinin bəlli, bəzilərinin isə bilinməzliyi haqqında fikir əslində kifayət qədər qədimdir, tanışdır və bir çox cəmiyyətlərdə, dinlərdə rastlanır. Bunun da özünə görə səbəbləri var. Ad hər zaman önəmli olub. İndi də önəmlidir. Ad sizin formal nişanınız, işarətinizdir. Əskidən adı şəxsin önəmli özəlliyinə baxıb qoyardılar. Dədə Qorquddan tutmuş Bibliya da daxil olmaqla bir çox istər dini, istərsə də qeyri-dini mənbələrdə bunu anladan hekayətlər, sübutlar var. Dədə Qorqudun məşhur “adını mən qoydum...” haqq-hesabını, Buğacın buğa öldürüb bir hərf fərqilə buğa adını almasını hamımız bilirik. Bibliyaya baxsaq, yalnız insanlara deyil, yerlərə, məkana da bu və ya digər hadisəyə dayanaraqdan ad verilməsinin şahidi oluruq.Əgər bu tarixi, dini mənbələrə baxış adın çağdaş dönəmdə də önəmini sizə anlatmaq üçün yetmirsə, onda dönəmimizdə yazarların, müğənnilərin özlərinə ad, təxəllüs götürmə praktikasını, xalq arasında kənd-kəsəkdə insanlara ayama taxılmasını xatırlayın. Mən Bakıda işlədiyim dövrdə iş yerimizdə 4-5 nəfər Anar adlı şəx vardı. Birinə balaca Anar deyərdik, birinə yekə Anar, birinə mütəxəssis Anar və s.

Səmədin Vurğun olması, İsanın Muğannaya çevrilməsi, Anarın Nağılbaza dönməsi və s. adın dolayı da olsa önəmindən bəhs edir. Görəsən, Səməd Vurğunluğuya, İsa Muğannalığıyla, Anar Nağılbazlığıyla nəyi anlatmağa çalışır topluma, insanlara? Heç adını, soyadını bəyənməyən və ya dəyişən insanlara rast gəlmisinizmi? Ad önəmlidir. Ad sizi anladır. Ad sizi xatırladır. Adınızı çəkdiyinizdə qulaq verirsiniz. Ad həm də ona görə önəmlidir ki, onlar insanların xatirələr, təxəyyül, hisslər dünyasının məna dolu simvolu, açarı halına gəlir, toplumun yaddaşını özündə cəmləyir, xoş və pis günləri və s. əks etdirir. Mərhum prezident Əbülfəzin Elçibəy olması, bu adı eşitdiyinizdə sizdə canlanan xatirələr bir zamanlar duyulmayan Səlcuq, Osman və s. kimi adların yavaş-yavaş topluma nüfuz etməsi toplumdakı dəyişən axınların, dəyərlərin güzgüsüdür. Adam var topluma yeni ad verir, yeni ada yaşam verir. Ad da var, topluma...gerisini siz düşünün... . İnsanlar adın inancda da önəmini anlayırdılar və dini məsələlərdə İlahiyə verilən adın, İlahinin insanlara açıqladığı adının dini düşüncələrdə əhəmiyyətini gözardı etməzdilər. Əksinə, ad, xüsusən də Allahın adları tarixən teoloji analiz və düşünümlərin bir vasitəsi halına gəlib. Söhbət Xristianlıqdan gedirsə, Areopaqlı Dionisiusun “Allahın Adları haqqında” (V-VI əsrlər) kitabı İlahinin adlarının teoloji düşünüm üçün tarixən önəmini gözlər önünə sərir. Eyni fikir musəvilik üçün də keçərlidir. Musəvilikdə Tanrının bir çox adları var. Ancaq onlardan birisi İlahinin Musanın sualına verdiyi cavabda özünə istinadən işlətdiyi addır. Bu ad Musəvilikdə müqəddəsdir, onu tələffüz etməzlər. Bu adın indiyə qədər də dəqiq tərcüməsi bəlli deyil. Mənası tam bilinməyən bu ad, İsəvilikdə də özünə görə önəmli yerə malikdir. İsa Məsihin də adı məhz bu cür adın önəmini etiraf edən dünyagörüşü çərçivəsində ona verilən nişandır, əlamətdir. İsa Məsihə İncildə bir çox adlar şamil edilir. Bunların arasında, “İnsan Oğlu”, “Yol”, “Çörək”, “Su”, “Həqiqət” “Həyat”, “Ağa”, “İlahinin Oğlu” və s. xatırladıla bilər. İsa Məsih özünə münasibətdə həm də İlahinin adlarından birini ilginc bir kontekstdə işlədir ki, bu da fərisilərə onu küfrdə ittiham etməyə səbəb verir. Məsihilər İsa Məsihin mahiyyətcə İlahi olduğuna inandıqlarından İsa Məsihə verilən adın İlahinin insani və bəşəri adı olduğunu söyləmək mümkündür. Axı İsa Məsih həm də insandır. İsa Məsihdə İlahi özünü insanlara insan kimi açıb tanıdıb. İncillərin şahidliyinə görə, ona bu adın verilməsi (İsa adının) Tanrıdan gəlir. Əgər bu deyilənləri qəbul etsək, İsa Məsih adına baxaraqdan İlahi haqqında nəyi öyrənmək olar? Əvvəla, onu öyrənmək olar ki, İlahi insanları qurtuluşa dəvət edir, çünki İsa (Yehoşua) sözünün az-çox ümumqəbul olunmuş anlamı belədir. Məsih adına və bu adın tarixinə baxaraqdan iki nüansı anlamaq mümkündür. Birincisi, İlahi tarixən gəlişi gözlənilən birisidir, öz dönəminin dini institutları daxilində seçilmişliyi tanınıb qəbul edilən tarixi və dini varlıq, şəxsdir və fərqlidir. İkincisi, O, bərəkətli birisidir, bərəkət və seçilmişlik simvoludur.
Hərdən düşünürəm, İsa Məsih həm də İlahinin ən tapmacalı, sirli 100-cü adıdır. Ona görə yox ki, onun mənası bəlli deyil, ona görə ki bu adın və bu adı daşıyan insanın ətrafında formalaşan inanc, mifologiya, tarixi gerçəklik və mürəkkəblik hamısı biri-birinə qovuşub bir açmaca kimi sonsuz yozumlara yol açır. Tapmacaların bir doğru cavabı var. Açmacaların isə doğru cavabının olub-olmadığını və olsa da onu – cavabını - ancaq o acmacanın sahibi, yiyəsi bilər. Bizə düşən sadəcə yozmaq, yazmaq və olmaqdır. İsa Məsih həm də İsəvilikdə Tanrının Sözü olaraq görülür. Belədə İsa Məsih Allahın insanlara söylədiyi sözü – adıdır. Bu mənada İsa Məsih istər ad olaraqdan, istərsə də şəxsiyyət olaraqdan bir açmacadır. Tanrının 100-cü adıdır..
.

1 comment:

  1. məşhur ərəb yazıçısı Əmin Məlufun "Baldasarın səyahəti" əsəri ele 100-cü adla bağlıdır. əsər Livanda yaşayan əntiq əşyalar satıcısı Baldasar adlı bir gəncin səyahətindən danışır. o ölkəsini tərk edib dünya səyahətinə çıxır. camaat arasında gəzən söz-söhbətlərə görə gələn il 1666-cı il dünya dağılacaq. artıq qiyamətin işartıları Londonda, İzmirdə baş vermişdi. dunyanı yalnız bir şey- Allahın 100-cü adını bilən şəxs xilas edəcək. səyahəti zamanı Baldasra məlum olur ki, Mazandarani adlı birisi Allahın 100-cü adını tapdığını iddia edir və bununla bağlı bir əsər də yazıb. əlqərəz. Baldssar bu kitabı axtarmaq üçün səyahətini davam etdirdiyi zaman çoxlu qəribə hadisələrlə üzləşir və bunları 4 dəftərdən ibarət gündəliyində qeyd edir.
    Əsər müəmmalarla doludur. müəllif oxucunu bu müəmmaların tapılmasına cəlb edir. oxumaq məsləhətdir.

    ReplyDelete

gündəlikdə axtarış