Friday, August 28, 2009

Beyindən ürəyə, ürəkdən beyinə

İnsanları bu və ya digər əlamətə görə bölməyi sevmərəm, ancaq hər halda gerçəkliyi inkar etmənin bir anlamı yoxdu məncə. Gerçəklikdə isə insanları biz istəsək də, istəməsək də müxtəlif əlamətləri üzrə bölürlər. Və bu universaldı. Pis insan, yaxşı insan bölgüsünə nağıllardan tutmuş, günümüzə qədər hər yerdə rast gəlinə bilər. Sadəcə nağıllarda, folklorda bölmürük insanları. Rənginə, yaşına, cinsinə, ağlına görə də bölürük insanları. Cağdaş dövrün sosial-siyasi institutları da insanları bu və ya digər əlamət əsasında bölür: vətəndaş, əcnəbi və s. və ia.

Ara-sıra düşünürəm ki, insanları bir də beynilə ürəyi arasında ilişki və beyninin yəni düşüncələrinin və bir də ürəyinin yəni hisslərinin, bəsirətinin geniş-darlığına görə bölmək olar. Necə? Bax beləcə: 1) Beyni və ürəyi geniş insanlar, 2) Beyni və qəlbi dar insanlar, 3) Beyni geniş, ürəyi dar insanlar, 4) Beyni dar, ürəyi geniş insanlar.
Ola bilsin, gerçək həyatda bəzilərinə rast gəlmisiniz. İcazənizlə bunların bəzilərindən söz açım.
Beyni və ürəyi geniş insanlara çox nadirən rast gəlmişəm. Belə adamların ağlı dərin və geniş olur. Onlar yaşadıqları dünyanı gözlə görülənə, hiss üzvləri ilə qavranılana müncər etməzlər, yaşamın başqa ölçümlərinə açıqlar. Gerçəkliyi detalları ilə seyr edərlər. Düşüncələri yumşaqdır, bir dəfə öyrəndikləri şeylərin daşlaşıb beyinlərdə düşüncə kiri yaratmasına fürsət verməzlər, çünki başqa düşüncələrlə beyinlərinin təmizlənməsinə açıqdırlar. Həyatı yalnız ağ-qara deyil, bütün rəngləriylə qavrarlar. Belə insanların ürəkləri də elə beyinləri kimidi və ya beyinləri elə ürəkləri kimidi. Onlar təvazökardılar, içdə hiss etdikləri və anladıqları ilə ətraf dünyaya açdıqları, göstərdikləri və anlatdıqları arasında bir uyğunluq tarazı tapmağa çalışırlar ki, çölləri ilə içləri arasında fərq onları özlərinə və başqalarına yadlaşdırmasın. Onlar insanları sevgi ilə dəyərləndirərlər, özlərinə münasibətdə sağlam tənqidi münasibətləri var. Bəzən başqasının xeyrinə, qazancına, və ya başqasının utancdan qurtarması üçün özlərinin aldadılmasına göz yummağı bacaracaq qədər alicənabdırlar.
Beyni geniş ürəyi dar insanlar nə qədər istəsəniz var ətrafınızda. Bu insanların bilikləri qulaqlarından tökülür, ancaq boğazlarından yuxarıdır həmişə bu bilik – boğazdan aşağı, sinələrinə enib ürəklərinə sinməz o bilik. Onlar “Nikomaxın Etikası”nı, “Əxlaqi-Nasir”i, Nisbilik nəzəriyyəsini, Termodinamikanın qanunlarını, Ali riyaziyyatı izah edərlər, Fen-Şuydan dəm vurarlar, gərəkdiyi zaman natiqlik hesabına sizə ağlınıza gəlməyən əxlaq dərsi keçərlər. Onlar ağıllıdırlar. Ciddi də ola bilərlər. Sosial institutların yalan-palanlarına özlərini satmazlar, başqalarının heç ruhunu da incitmədən sağa-sola göndərməyin yollarını pis bilmirlər. Ancaq onların ürəyi dardı. Bildikləri onlara başqalarına yuxarıdan aşağı baxmağa haqq verir, başqalarını qapazlamaq üçün fürsətə çevrilir, bilməyənin, avamın, fəqir-füqəranın hesabına həyatda özlərinə yer tutmağa alət olur. Belələri sizə can yandırmaq deyilən şeyin necə olduğunu incəliklərinə qədər təsvir edər, ancaq yanında canını tapşıran üçün bir qığılcım belə can yandırmazlar.
Ola bilsin, beyni dar ürəyi geniş insanlara rast gəlmisiniz. Mən onları sevirəm. Düzdür, onların ortamında olmaq ara-sıra çətindi. Bu insanlar dünyanı ağ-qara rəngdə görərlər. Gördüklərinə tərs düşən dünya rənginə isə rəngdən başqa hər şey deyərlər. Öyrənib-bildikləri ya azdı, ya az olmasa da dərindən və genişcəsinə mənimsənməyib. Onların beyni laboratoriya deyil, anbardı – ağıllıların və hiyləgərlərin ordan götürüb istifadə etmələri üçün. Bu zavallılar nağıl dünyasında yaşayırlar. Ancaq onların ürəyi genişdi. Bilikləri və düşündükləri beyinlərinin yarısını belə doldurmasa da, ürəkləri insancasına yaşam üçün, sevgi və paylaşım üçün sonsuz hisslərə, bəsirətə malikdi. Onlar bir çox hallarda təvazökardırlar, öz məhdudiyyətlərini tanıma imkanları var, başqalarına yardım etməyi sevərlər, səmimi sadəliyi, yalançı ziyalılıqdan üstün tutarlar. Özləri də bilmədən başqalarına yaxşılıq edərkən özlərinə baha oturan şeylər edərlər.
Mən həm beyni, həm də ürəyi dar insanlara həyatda heç rast gəlməmişəm. Çünki həm ürəyi, həm beyni dar olmaq yaşamamaq deməkdi. Belə insanlar üçün həyat zülm olar, ancaq onlar bunun fərqində olmazlar. Beyinləri dünyanı bir yerdən, bir şəkildə, bir şeyin vasitəsilə görər, onun da adı mənçilikdi. Ürəkləri də elə beyinləri kimidi, özlərini ağıllı hesab edərlər, bəziləri isə gerçəkdən dahilik illüziyasında boğularlar. Onlar insanları dəyərləndirməkdə cəlddirlər, bir öyrəndiklərini heç zaman buraxmazlar, onlar özləri ilə tək qaldıqda belə, içlərində olan ən gizlin nə varsa onu etiraf etməzlər. Belələrinin kimliyi və şəxsiyyəti 4-5 qata bölünüb, hər qatın da acısını həm beyin, həm də ürək daşıyır. Onların hissləri, bəsirəti də elə beyinləri kimidi. Özlərini gərəkdiyi zaman hisslərinə verməkdən qorxarlar, o ki qaldı başqaları ilə ruhən zənginləşdirici münasibətlərə girmək ola. Etdikləri yaxşılığın arxasında bir qayda olaraq mənçilikdən qaynaqlanan təmənna durar.
Bu bölgü şərtidi. Beyinlə ürək əlaqədə olduğuna görə, beyni daralanın ürəyinin daralması ehtimalı çoxdu. Ürəyi genişləyənin beyninin də geniş olması ehtimalı gözləniləndi
.

No comments:

Post a Comment

gündəlikdə axtarış