Friday, August 28, 2009

Teoriya: baxış bucağı

Teoriya sözünü yəqin bilirisiniz. Nə olduğunu soruşsam, nəzəriyyə deyəcəksiniz. Teoriya nəzəriyyədir. X-in, Y-in nəzəriyyəsi. Söz yunancadan gəlir və elə yunancandan da başqa dillərə bu mənasıyla keçib: nəzəriyyə. Ancaq teoriya sözünün altda qalan, tarixin toz basmış keşməkeşlərində it-bata düşən başqa mənası da var və məncə həmin bu məna daha maraqlıdı. Teoriya həm də Teosun yəni Allahın, İlahinin, Tanrının, Yaradanın baxışı deməkdi. Allahın baxışı, Allahın baxış bucağı – teoriya. Nəzəriyyə sözünün ərəbcədən gəldiyini bilirəm, ancaq bu sözdə kimin nəzərindən danışıldığı bəlli olmur. Teoriya, nəzəriyyə deyəndə ilk ağla gələn çağrışdırım (assosiasiya), bir şeyin əsaslandırılmış, ciddi düşünülmüş, bir sistem halına salınmış izahı, şərhidir.

İnsanlar elə düşünür ki, bir şeyin teoriyasını bilməklə onun dərinliyini anlayırlar, onun sirrlərinə vaqif olurlar. Az-çox postmodernizmlə tanışlığı olanlar və onu qəbul edənlər bunu yəqin rədd edərlər – yəni bir universal həqiqət deyilən bir şeyin mövcudluğunu güman şübhə altına alarlar, onun fərqli düşüncə və görüş bucaqlarında sınıb it-bata düşdüyünü və həqiqətin yoxa çıxdığını vurğularlar. Ancaq teoriya sözü özündə bütün bu fikirləri qıcıq verərcəsinə cəmləyər məncə. Əgər Allahın varlığına inanırsaq o zaman onun baxış bucağının da mövcudluğunu qəbul edərik. İlahinin hər şeydən üstün və dərin teoriyası var, insanlarsa varlığın, gördüklərinin, hiss etdiklərinin və görməyib bilmədiklərinin (məs, Big Bang) teoriyasını ovlamağa çıxıblar. Bizlər teoriya yaradıb şeylərin necəliyini, özünü anlamağa, çalışırıq, ancaq unuduruq ki, Teoriya elə Teoriyadı, vəssəlam. Teoriya Allaha məxsusdu. Onu insana məxsus etmək olar, ancaq bu zaman o elə sadəcə teoriya olaraq qalacaq. Onlarla, yüzlərlə baxış bucağı çıxacaq və sonda da həqiqəti, şeylərin dərinliyini bunların arasında itirəcəyik. Əlbəttə həqiqəti teoriyaların arasında itirmək bizə bir şeylər verir həm də. Gerçəkliyin insan ağlına və sonsuz baxış bucaqlarına sığmadığını görürük ən azından. Həqiqəti itirməklə, həqiqəti tapırıq - bizim teoriyalar, Onun Teoriyasının əlçatmaz olduğunu göstərən bir şeylər, qırıntılar halına gəlir. Teoriya yaradıb Onun nəzərinin dərinliyini almağa çalışırkən, öz teoriyalarımızda onun dibsiz nəzərinin dərinliyini müşahidə edirik. Yeni – yeni teoriyalar yaradırıq ki, bu sonsuzluqdan daha da çox yararlanaq. Həqiqəti itiririk ki, həqiqəti tapaq, həqiqət bizim teoriyalarda sınır, itir ki, onun tapılmazlığını, sonsuzluğunu anlayaq.
Həqiqət haqq-hesabı, teoriya, Yuhənnanın İncilində də özünü göstərir. Pontius Pilatın İsa Məsihə sorduğu “həqiqət nədir?” sualına İsa Məsih sükutla cavab verir. Onun cavabsızlığı cavaba dönür. Kim bilir bəlkə elə Onun Teoriyası da sükutdu...
.

No comments:

Post a Comment

gündəlikdə axtarış