Lakin biz həmin qapıdan içəri keçə də bilərik. Sosial qəribçiliyin ağuşuna atılmaq sonu bilinməyən təcrübəyə bənzəyir. Başqalarından ayrı olduğunuzu, içində olduğunuz rus, yapon, alman, fransız, çin, hind və s. mədəniyyətinin tam bir parçası olmadığınızı, onlardan fərqləndiyinizi qəbul edirsiniz. Lakin həm də onların bir parçası olmağa can atırsınız bir yerə qədər, çünki Yaponiyada, Rusiyada, ABŞ-da, Braziliyada tam bir azərbaycanlı kimi və sanki Azərbaycandaymış kimi yaşamağa çalışmağın yalnız özünü cəmiyyətdən tam təcrid hesabına başa gələcəyini anlayırsınız. Buna lüzum varmı? Onlardan öyrənirsiniz, onlara öyrədirsiniz. Qəribçiliyin sizə gətirdiyi psixoloji çətinliklərlə savaş verməyin yollarını tapırsınız.
Onların sizi yalnız bir yerə qədər qəbul etməsilə razılaşırsınız – anlayırsınız ki, bu elə belə də olmalıdır, çünki istəsəniz də belə onlardan tam biri kimi olmaq ancaq keçmişinizi, öz əski mədəniyyətinizi tam öldürmək hesabına ola bilər – bu da yeni ölkədəki özünüzün vətəndən gətirdiyiniz özünüzü rədd etməsidir. Hətta bu halda belə kimsənin sizi məhz yapon, fransız kimi qəbul edəcəyinə heç bir təminat yoxdur. Və siz barışırsınız. Lakin bu qəribçilik, sizin ala qarğa fərqiniz, həm də sizin üstünlüyünüzə çevrilir. Bunun dadını isə önünüzdəki bir sürü insanın dünyadan xəbəri yoxmuş kimi, alternativlər haqqında heç bir təcrübəsi olmadan yaşadığını və anlayışlarının elə öz ölkələrinin sərhədlərinə qədər olduğunu gördüyünüzdə hiss edirsiniz. Qərib(ə) olduğunuz cəmiyyətdəki insanlar kimi hadisələrə baxmaq və bir də vətən gözünüzlə bir azəri kimi olaylara baxmaq yetənəyini qazanmaq ətraf dünyanı fərqli mədəniyyətlərin gözü ilə görə bilmək və analiz etmək yetənəyi sizi öz ölkəsindən ayağını kənara qoymamış hər kəsdən fərqləndirir. Siz öyrənirsiniz ki, Bakıdakı kimi dostun evinə ərklə, bəzən xəbər vermədən getmək olmaz, çünki, deyək Amerikada belə deyil. Bunu xoşlamaya bilərsiniz, ancaq bunun arxasında şəxsi həyat kultunun durduğunu anlayıb azərilərin çağrılmamış qonaq praktikasının gətirdiyi çətinlikləri də görə bilirsiniz. Eyni zamanda da Amerikadakı qəddar fərdiyyətçiliyin insanları necə biri-birinə yadlaşdırdığını anlayıb Azərbaycandakı insani münasibətlərin üstünlüyünü də görürsünüz. Bunlar artıq yalnız sosial qərib(ə)çiliyin qapısından içəri keçmiş, sosial qərib(ə)çiliyə üz tutmuş birisinin tam anlayıb hiss edə biləcəyi şeylərdir. İnsan münasibətlərinin mürəkkəbliyini qavramaq, olaylara fərqli mövqelərdən baxmaq, bir neçə mədəniyyətin ortasında balans qurmaq üçün savaş vermək və dəyərləndirmək sizi yetişkənliyə çağırır və sizin davranışınız da yavaş-yavaş dəyişir. Sosial qərib(ə)çilik artıq özünü dalğa-dalğa sizdən ətrafa yayır. Siz vətəninizdə də qərib(ə) olursunuz yavaş-yavaş, çünki hər şeyi rüşvətlə həll etməyə alışmış, anadan müsəlman doğulmağı qürur hesab edən insanlar deyək sizin sosial həyatda aktiv iştirakınızı, İlahi ilə münasibətlərinizi cəmiyyətin əzici inhisarı altından çəkib çıxarmağınızı anlamırlar. Onlar axı sizin kimi qərib(ə) olmayıblar. Onlar axı başqa cür görməyiblər. Bax siz bunu anladığınız andan sosial olaraq da qərib(ə) olduğunuzun fərqinə varırsınız. Siz qəribələşirsiniz – qərib ölkədə öz mədəniyyətinizdən gəldiyiniz üçün, öz vətəninizdə isə başqa mədəniyyətdən bir yerə qədər öyrəndiyiniz üçün. Sosial qərib(ə)çilikdən dönüş yoxdur. Çoğrafi-məkan qəribçiliyindən dönüş var.
No comments:
Post a Comment