Yalnız dinin deyil, qeyri-dini fenomenlərin, ideya və baxışların da fundamentalizmi, radikalı olur. Çox zaman məsələn, deyək ki dini fundamentalizmdən danışarlar. Lakin sekulyarist baxışın da fundamentalizmi olur. Bu yazı sekulyarist fundamentalizmin ümumi ştrixlərlə portretini çəkir. Mən bilərəkdən dünyəvilik sözünü işlətmirəm.
Düşünürəm ki, dünyəvilik və sekulyarizm hər nə qədər yaxın və əlaqəli olsalar da eyni deyillər. Dünyəvilik sekularizmin dövlət sisteminə, hüquqa proyeksiya edilmiş şəklidir və qanun çərçivəsində dinlər – dövlət arasındakı münasibətlərin kökünü müəyyənləşdirir. Sekulyarizm daha geniş və daha çox içtimai çaları olan fenomendir, cəmiyyətdəki insanların ümumilikdə din və cəmiyyət, din və həyat haqqındakı baxışlarını sözügedən qavramların hüquqda rəsmi təzahürünü arxa plana ataraqdan ifadə edir.
Məncə sekulyarist fundamentalizm aşağıdakı ana müddəalarla səciyyələndirilə bilər:
1.Dinin bu və ya digər bir şeyə müncər edilməsi. Fundamentalist sekulyarizm dini mürəkkəbliyi ilə qavramır. Onu topdan görür, bu və ya digər faktora müncər edir. Din bir çox hallarda həm də dəyər-əxlaq baxımından da mənfi xüsusiyyətli bir şeyə müncər edilir. Bütün din ya geridəqalmışlıq, ya nağıl ya da başqa bir şey olur. Bu cür səciyyələndirmənin hamısında da din mənfiləşdirilir. Dinin tarixi fenomen kimi izahına inanc belə yanaşmanın kökündə durur. Bu mənada sekulyarist fundamentalizm həm də təkəbbürlü yanaşmadır.
2. Önəmli olanın sadəcə və sadəcə bu dünyaya bağlı kateqoriyalara, gerçəkliyə müncər edilməsi. F.S. “burda və indi olsun” prinsipinə dayanır. Önəmli olan bu dünyada, hər hansı şəkildə qavranılan və bilavasitə əldə edilmə potensialı olan nemətdir-gəlir-qazancdır. O biri dünyaya inanc önəmsizdir və fövqəltəbiiyə inanc bu dünyadakı davranışlar üçün prinsip şəklində çıxış etməməlidir, çünki onun olub-olmadığını fundamentalist sekulyarizmin qavramları daxilində sübut etmək mümkün deyil. Bu mənada F.S. həm də şübhəyə (bəlkə Yaradan yoxdur?) və son nəticədə ağır empirik çaları olan bilgiyə (əgər vardırsa, onda sübut edin) dayanır.
3. Azadlığın tükəticilik və seçimlərin çoxluğu şəklində anlaşılması. Dini qaydalar və prinsiplər insanın həyatını məhdudlaşdıran şeylər kimi qavranılır çünki onlar insanların bağlı olduğu prinsip, ideya və normaları müəyyənləşdirir. Dini qaydaların olmaması istədiyini etmək, daha çox əldə etmək, daha çox qazanmaq, öz arşınıyla ölçmək və öz arşınından yola çıxmaq fürsəti kimi başa düşülür. Din mahiyyətcə məhdudiyyətə çevrilir. Bunun əksi isə nə qədər çox seçimin varsa, nə qədər çox istədiyini edə bilirsənsə, bir o qədər azadsan kimi anlaşılır və buna da azadlıq adı verilir. 4. Dinin və onun müxtəlif təzahür şəkillərinin sosial və içtimai həyatdan sıxışdırılması. Din, dini danışıq, fövqəltəbii inanca və Yaradana ciddi şəkildə, mübahisə zamanı və s. qərar qəbulu üçün istinad etmək lazımsız, etibarsız, geridəqalmışlıq kimi görünür. Dini dil yəni Allaha istinad edən və bunu ciddi qəbul edən danışıq tərzi kimi ciddi görülmür.
5. Ateizmlə, naturalist elmi dünyagörüşünə dayanaraqdan dini sahəni əvəz etməyə çalışmaq. Din elmin girə bilmədiyi kola girir məncə. Başqa sözlə din öncəliklə inanca dayanır və inanc perspektivindən dünyanı və insanları qavrayır. Halbuki F.S. bunu göz önünə almadan dinin yerinə naturalist dünyagörüşünü gətirməyə çalışır, insanın ruhaniyyat qavramını din, mistika və fövqəltəbiiyə inanc olmayan başqa bir sistemlə doldurmağa çalışır.
No comments:
Post a Comment