Thursday, August 27, 2009

Din biznes kimi - 2

Lakin mən oxucunun belə suallar sormasına həm də haqq verirəm. Biznes, əgər dar mənada, mənfəət əldəetmə məqsədilə resursların yönədilməsi şəkli kimi başa düşülsə, onda o, əsas məqsədi bu dünyada iqtisadi mənfəət əldə edilməsi olmayan dini fəaliyyəti sadəcə baş-ayaq etmə, yəni onu nüfuzdan salma, onu qurutma, onu əxlaqsızlaşdırma potensialına malikdir. Çünki bir qayda olaraq nəticələri birbaşa müşahidə edilən pul qazanmaq arzusu insanlara gözlə görünməyən, bu dünyada və nağdı olmayan İlahiyə yaxınlaşmaq fəaliyyətindən daha çox təsir edir və onları sadəcə kütləşdirir. Bu arzu üstün gəldikdə isə insanlar çox rahatlıqla dini bütövlükdə və əsasən pul qazanmaq üçün vasitəyə çevirirlər və din ilkin təyinatını itirir.

Göründüyü kimi, məsələ bəsit deyil. Dini fəaliyyət çoxüzlüdür, bunlardan biri biznesdir və biznesin də dini pozmaq kimi potensialının olması dindarı və din xadimini sirac körpüsündən keçirmiş kimi hərəkət etməyə çağırır. Bir din xadimi və toplum bu ikibaşlı fəaliyyət özəlliyi ilə necə rəftar etməli və din-biznes məsələlərində nəyə diqqət etməlidir? Məncə aşağıdaklara diqqət edilməlidir: 1) Din xadiminin dini fəaliyyətdə əsas motivi, 2) Dini fəaliyyətdəki motivlər, niyyətlər və davranışlar arasında tarazlıq, 3) naqisliyin qaçınılmazlığı və onun azaldılması cəhdləri 4) din və iqtisadi\biznes fəaliyyətinin tənzimi, 5) toplumun maarifləndirilməsi.
Öncəliklə bunu qeyd edim ki, maliyyə marağı olmadan dini xidmət göstərmək əlbəttə maliyyə marağıyla göstərilən dini xidmətdən ümumilikdə daha üstündür və təqdirolunasıdır. Lakin bir din xadiminin peşəkar kimi göstərdiyi xidmətdən qonorar alması da hər zaman, hər yerdə və hər şəkildə mənfi xarakterizə oluna bilməz. Fərdin din sahəsindəki davranışında, istər din xadimi olsun, istəd qeyri-din xadimi mənfəət qazanmaq motivi ilkin, üstün və əsas olduqda və şəxs göstərdiyi xidmətlərdə özünün maddi maraqlarını dini normaların ondan tələb etdiyi dini və içtimai, legitim fərdi-psixoloji maraqlardan önəmli hesab etdikdə və yaranan maraq münaqişələrini əksərən maddi maraqlarının xeyrinə həll etdikdə dini də bu məqsədlə vasitə kimi qavradıqda şəxs, xüsusən də din xadimi ikiüzlülükdə və ya yarımçıq, qeyri-səmimi, keyfiyyətsiz dini xidmət göstərməkdə şübhələnilə bilər. Allahına, özünə, toplumuna və inancına hörmət edən din xadimi üçün üstün maraq, niyyət göstərdiyi dini xidmətdə öncə dininin əsas hesab etdiyi maraqları önə çəkməkdir. Maddi maraqları, dinin tələb etdiyi ruhi məqsəd və niyyətlərlə, maraqlarla tarazlaşdırmağa çalışmaq və bacardığı qədər, hər zaman dinin legitim hesab etdiyi ruhi-psixoloji maraqları öz maddi maraqlarından üstün tutmaq və ya heç olmasa bunları tarazlaşdırmaq bilgili, vicdanlı və reallığı nəzərə alaraq yaşayan din xadiminin ruhi intizamının bir parçasıdır. Beləliklə, bir fərdin dinlə bağlı fəaliyyətində maraqlarının necə və hansı şəkildə olduğunu, həyata keçirildiyini anlamaq üçün onun niyyətinə, motivinə önəm verilməsi gərəkdir. Din xadimləri də öz növbəsində bu məsələləri açıq müzakirə etməli, özlərini və dinlərini sosial-psixoloji, iqtisadi kateqoriyaları ələ alaraqdan öyrənməli, mümkün qarışıq hallarda necə, niyə, nəyə və nə zaman reaksiya veriləcəyini araşdırmalıdırlar. Cəmiyyətə gəlincə, toplum qaçınılmaz biznes-din qovuşuq fəaliyyət sahələrində sui-istifadəyə yol verməmək üçün müxtəlif qeyri-hökümət təşkilatları vasitəsilə din xadimlərinin və dini müəssisələrin fəaliyyətini müşahidə edib dəyərləndirməlidir, çünki fəaliyyətlər bir yerə qədər niyyət və motivlərin təzahürüdür. Bu şəkildə toplum dini fəaliyyətdə din xadimi fərdlərin, dini müəssisələrin din-biznes maraqlarını tarazlaşdırmağa yaxınlaşar. Bundan artığına ümid etmək yəni bütün din xadimlərinin mələk kimi təmizliyini tələb edib onların heç bir maddi maraq güdmədən yalnız dini niyyət və maraqlarla dini fəaliyyəti həyata keçirmələrini istəmək həm real deyil (insan niyyət və motivləri çox qarışıqdır və qarşılıqlı əlaqədədir), həm təmin oluna bilməz, (bütün din xadimlərinin düşüncələrinə kim və necə nəzarət edə bilər və bu əxlaqidirmi?), həm də sosial münasibətlərin gerçəkliyini göz önünə almır. Bu cür (yəni davranışları təşkilatlar vasitəsilə monitorinq) sosial yoxlamaya cəhd etməklə istər toplum, istərsə də fərdlər qaçınılmaz naqisliyi yəni arzuolunan tarazlıqdan qaçınılmaz yayınmanı azalda bilərlər. Sırf xristian teoloji nöqteyi-nəzərindən dinin maliyyə maraqları ilə qarışması və istənilən dinin bir yerə qədər biznesə çevrilməsi hələ inancın insanı İlahiyə götürən yol kimi legitimliyini və gücünü tam məhv etmir və dini də sıradan çıxarmır. Buna səbəb odur ki, insan təbiətindəki günahdan dolayı din qaçınılmaz olaraq maddi və digər korlayıcı maraqlarla qarışacaq. İnsanın bütün fəaliyyətində çiysüdəmmişlik özünü dolayı ya düzünə büruzə verir və bunun insan-İlahi münasibətlərində də müşahidəsi mümkündür. İnsan çiysüdəmmişliyi dini də şəxsi qazanca vasitə etmək potensialında ortaya çıxır və İlahi-insan münasibətlərinin normalaşdırılmış, sistemləşdirilmiş və rituallaşdırılmış şəkli olan dində və bu fəaliyyətlə məşğul olan insanlarda əxlaqi-mənəvi eybəcərliklərə yol açır. Odur ki, nə Xristianlıq, nə İslam, nə də başqa dinlər bu cür korlanmadan, zəhərlənmədən sığortalanmayıb və bu sadəcə qaçınılmazdır – biz axı çiy süd əmmişik. Lakin İsəvilik məsələnin başqa bir tərəfini də ortaya qoyur. Məsihiliyə görə, İlahinin qurtarıcı Lütfü, yəni insanları İlahiyə yaxınlaşdıran şəfqəti, enerjisi məğlubedilməz və qarşısıalınmazdır və bütün varlığı, o cümlədən günahları da dəlib keçməyə qadirdir. Bu mənada, hətta ən qatı günah, korrupsiya belə İlahinin insanları qurtması üçün əl uzatmasına mane ola bilməz və İlahi Lütf İsa Məsih vasitəsilə bütün günahların, eybəcərliklərin, pisliklərin aşılmaz sədd özəlliyini məhv etmişdir. İlahi hətta günahın, naqisliyin ortasında belə insanları qurtuluşa götürməyə, onları bu mühitdən çəkib çıxarmağa qadirdir. İlahi lütfün bu potensialı Məsihiliyi (bəlkə başqa dinləri də) hər nə qədər korrupsiyaya uğrayırsa-uğrasın, legitim din olmaq imkanından məhrum etmir. Bu o deməkdir ki, din hər nə qədər bizneslə çulğalaşsa da özünün mühüm elementi olan İnsan-İlahi münasibətlərində gəlişməni stimullaşdırmaq özəlliyini sonuna qədər qoruyub saxlaya bilər və buna görə də dinin bizneslə qarışması inancı məsxərəyə qoymağa əsas verməməli və tarazlığı tapmaq üçün sosial nəzarət həyata keçirilməlidir. Bu həm də o deməkdir ki, bir pastorun (bəlkə bir axundun da) öz fəaliyyətində sadəcə sizə yardım etmək deyil, həm də evinə çörək aparması üçün maddi motivinin olması onun sizə göstərdiyi dini xidməti avtomatik olaraq çıxdaş etmir və pastor da (axund da?) dərhal ikiüzlülükdə ittiham edilməməlidir. Məgər biz hamımız çiy süd əmməmişik? Məgər İlahi bizi məhz çiysüdəmmişliyimizə rəğmən qurtuluşa çağırmı? Odur ki, naqislik yəni sırf maddi maraqları olan din xadimləri və onların işi hələ dini önəmsizləşdirmir. Lakin bu qaçınılmaz naqisliyi azaltmaq üçün sosial nəzarətə ehtiyac vardır.
Bundan başqa dini və biznes fəaliyyətinin qanunla tənzimi də gərəklidir. Qanun hər halda özbaşınılığı azalda bilər. İnsanları din-biznes barədə maafirləndirmək, dindarları və din xadimlərini də bu barədə oxutmaq zəruridir ki, biri gün sabah mürəkkəb gerçəkliyin incəliklərini yalnız ağ-qara şəklində görməsinlər
.

No comments:

Post a Comment

gündəlikdə axtarış