Azərbaycanda seçim etməyin vaxtı gəlib keçir artıq. Bir azdan camaat seçim edəcək – önlərinə çıxarılmış insanlardan hansının onları yönətməyə daha layiq olmasıyla bağlı. Namizədlərimiz yetişib daha biri seçki ağacından qopub yerə düşəcək ki, camaat da nübar eləsin. Seçki sosial-siyasi münasibətlərdə ümumi, kollektiv seçimin siyasi-hüquqi şəklidir deyilə bilər məncə. Bizim insanların seçkilərə getdiyi görülsə də seçim etdiyi görülmür. Səbəblərini əminəm məndən yaxşı bilirsiniz. Gerçək seçki üçün seçim etməyə real fürsətin, imkanın olmalıdır. Əgər yoxdursa, seçki eləmək olar, ancaq seçim etmək olmaz. Bu, siyasi maskalanmadan başqa bir şey deyil.
Azərbaycanda da belədir məncə. Seçkilərə gedəcəklər, ancaq hamı kimin qutudan çıxacağını bilir. Qutudan çıxanın kimliyi bəlliysə, onda seçkiyə getmənin anlamı nədir? – sıravi vətəndaş belə sualı verməkdə haqlıdır. Cavabını hər birimiz tapmalıyıq – özümüz üçün, başqalarına ürək-dirək vermək və ya onların olan-qalan ümidini də qırmaq üçün deyil.
Yəqin bir təsadüfdür ki, Azərbaycanda seçki haqq-hesabının axsaya-axsaya getdiyi, ABŞ-da seçim və seçki oyunlarının qızışdığı vaxtda Bibliyadakı “Hakimlər” kitabını oxuyuram. “Hakimlər” kitabı monarxiyaya keçidin, savaşın, etnik konfliktlərin və s. və ia qələmə alındığı dövrümüzlə heç uyuşmayan bir yazıdı. Hətta o qədər uyuşmur ki bu kitabdan nəyi etməyi deyil, nəyi etməməyi və necə yaşamamağı öyrənmək gərəkdiyini düşnürəm ara-sıra. Maraqlı özəlliklərindən biri təsvir etdiyi bütün hakimlərin daha da dəqiq desək, şahların, idarəedənlərin hər birinin özündən öncəkindən daha zəif, daha çox korrupsiyaya və s. və ia kimi sosial eybəcərliklərə qurşanmış olmasıdır. Başqa sözlə kitabdakı hekayətlərdə, hadisələrdə obrazların zəifliyi, yönətmə yetənəyinin olmaması, bu hakimlərin biri gedib digəri gəldikcə durmadan dərinləşir, əcaibləşir və əndazədən çıxır. İnsan, hakimiyyət, tayfa, qohum, qisas, yönətmədəki intriqaların və s. yığcam, düzünəqulu, çiy şəkildə əks olunduğu bu kitab dövrümüzə də işıq tuta bilər. Bir sistemin, özəlliklə də dövlət və s. və ia kimi sistemlərin çürüməsi idarəetmə institutlarının çağdaş dönəm üçün yararsız hala gəlməsindən öncə, bu institutlarda, strukturlarda çalışan insanların özünün əcaibləşməsi, toplumun və fərdin taleyinə biganələşməsi ilə başlayır. Prezidentlər gəlib-gedər, ancaq toplum özü artıq çürüməyə və ya əskinin can verdiyi, yeninin isə hələ doğulmadığı dövrə girməyə başlamışsa, gəlib-gedənlərdən ciddi dəyişiklik gözləmənin də bir anlamı yoxdur. Gəlib-gedənlər də toplumun zəifliklərinin göstərgəsindən başqa bir şey olmayacaqlar. Bu cür toplumlarda seçimsiz seçkilər keçirilər, çünki seçiminə dəyər verən və dəyəri üçün də çarpışan insanların – fərdlərin sayı çox azdır. Seçimsiz seçkilərin sonucu olaraq hakimiyyətə gələn hakimlərdən və s.-dən də insanlara seçimli seçki haqqı tanımasını düşünmək sadəlövhlüyə bənzər.
Nəsə...gedək səs verək bəlkə səsimizi eşidərlər...necə deyərlər Allaha təvəkkül...
No comments:
Post a Comment