Uşaqlar biri-birilə əl-ələ tutub sağa-sola qaçır, atılıb-düşürdülər. Ara-sıra şən səsləri məhəlləni başına götürürdü. Ancaq Yaşarın səsi qəfildən hər kəsin səsindən daha gur çıxdı: Ay uşaqlar gəlin görün nə tapmışam... . Bir anın içində məhəllədə sağa-sola qaçan uşaqlar onun ətrafına yığışdılar. Yaşar barmağıyla torpağın üstündəki canlını göstərib dedi: “görün nə qəşəngdir. Heç belə balaca tısbağa görübsünüz?” hərə bir tərəfdən mızıldandı, biri yox dedi, biri hə dedi, o biri də heç nə demədi. Hər kəs tısbağanı əlinə alıb oxşadı, bir az oynatdılar. Yaşarın səsi yenə aləmi başına götürdü: “ay uşaqlar gəlin gedək gizlənqaçdı oynayaq”.
Məhəllə uşaqları əvvəl duruxdular, sonra bir-bir, iki-iki artıq məhəllənin o biri başına qaçmaqda olan Yaşarın arxasınca qaçdılar. Bir Kamaldan başqa. Kamal hələ də tısbağa ilə oynayırdı. Onu tək buraxmaq istəməyən Solmaz bu dəfə onları arxada buraxan uşaqların arxasınca bağırdı: “Kamal gəlmir axııı..”. Onun səsini eşidən Yaşar dayandı və geri dönüb Kamalı səslədi: “Kamal gəl gedək...” Kamal tısbağanı cibinə dürtüb geri, Yaşara uca səslə cavab verdi: “Yoooox....mən tısbağanı evə götürəcəm...”Yaşar bir anlıq fikirləşdi, sonra Kamala tərəf gəldi: “Tısbağanı evə aparacaqsan?...niyə...?”
- Saxlayacam ona görə - Kamal yoluna davam edə-edə cavab verdi.
- Yooo...o balacadı axı...ölər...onun da papası, maması var daa..
- Yox ölməz...mən ona yemək verəcəm, su verəcəm, o da böyüyəcək və mənimlə oynayacaq... – Kamal inad edirdi.
Yaşar Kamalla bir az yanaşı addımladıqdan sonra dedi:
- bilirsən nə var, o mənim tısbağamdır, ver bura onu.
- Sənin? Sənin niyə oldu ki?
- Ona görə ki, onu mən tapmışam. Birinci mən görmüşəm. Yadındadı, keçən dəfə məhəllədə yerdə qəpik tapdın, o sənin oldu? Bu da mənim oldu, çünki onu mən tapdım..ver bura onu, yoxsa cığallığını hər kəsə danışacam, anana da deyəcəm.
Kamal tərəddüdlə cibindən tısbağanı çıxarıb Yaşara verdi. Yaşarsa özü öz söylədiklərindən məmnun halda, tısbağanı aldı və həyətin o biri başında buraxmaq üçün hər kəsi arxada buraxıb qaçdı.
No comments:
Post a Comment