Thursday, August 27, 2009

Qərib(ə)çilik haqqında düşünümlər - 4

Sosial qərib(ə)çilikdən dönüş olmasa da sosial qərib(ə)liyin başqa bir növ qəribçilikdə qarışıb itdiyi vardır. Ətraf dünyanı və bütün gerçəkliyi İlahinin biz insanlara verdiyi güzgü kimi görməyi qəbul edən birisi sosial qəribəçilikdən daha dərinə qapı açır. Həmin bu dərinə açılan qapı bizim öz ölkəmizdə və fərqli ölkələrdə görüb-öyrəndiklərimizi fraqmentar, biri – biri ilə əlaqəsiz həyat təcrübəsi anları olmaqdan qurtarır. Bu qapıdan keçdiyinizdə siz artıq həyat təcrübənizi, qəribçilikdə yaşadıqlarınızı və olduqlarınızı bir araya gətirəcək, onları bir təmələ, birləşdirici prinsipə hörən baxış bucağı əldə edirsiniz. Bu ruhi qərib(ə)çilikdir. Ruhən qərib(ə) olmaq yaşadıqlarınızın sizin kimliyiniz və həyatda yeriniz üçün sizə fundamental, çətin, cavabı olmayan suallar verməsini qəbul etməniz deməkdir.

Özünə bomba qoyub partladan insanlarla, hər həftə kilisəyə getdikdən sonra əyyaş və eqoist həyat tərzinə davam edən, praqmatizmi və mənafebazlığı qulaqlarından tökülən insanlar arasında ümumiliyi tapmağa cəhd etdiyinizdə, qonşularınızın birinin sarı, birinin qara, birinin sizin kimi ağlığını görüb bunun nə kimi anlamları olduğunu düşündüyünüzdə, qadın kimi geyinsə də səsinin yoğunluğundan kişi yoxsa qadın olduğunu kəsdirə bilmədiyiniz insanlarla rəftar üçün ümumi və vicdanınızı ağrıtmayan yol axtardığınızda, bütün bunların niyə, necə belə olduğunu fikirləşdiyinizdə siz Ruhi qəribçiliyin qapısını döyürsünüz. Bunların içində dünya, insanlar və Yaradanın harada olduğunu axtardığınızda siz ruhən qəribələşməyə başlayırsınız.
Ruhən qəribçilik çoğrafi-məkan qəribçiliyi ilə başlayan uzun və ağrılı yetişmə prosesinin son mərhələsidir. Hər kəs yetişmir. Kal insanları məgər görməmisinizmi?
Məsihilikdə ruhi qəribçiliyə qədər yetişmiş, onu yaşamış və bu qapını bütün qərib(ə)lər üçün açmış şəxsiyyət övliya Avqustindir. İslamda məncə sufiləri, adını çəkə bildiklərimdən, Əl-Qəzalini, İbn-Ərəbini bu qrupa aid etmək olar. Övliya Avqustin şimali Afrikada doğulsa da aralıq dənizinin böyük şəhərlərini gəzib qəribçilikdə Allahı axtarmış birisidir. Əl-Qəzali Tusda doğulub, Bağdadda dərs deyib, Həcc adı ilə yaxın və orta Şərqi gəzib və sonunda İlahini tapıb – yenə də qəribçilikdən keçib gəlib Ona. Sufilər aşiq olub irfan yollarında Məşuqa doğru qəribçiliyin çarığını geyib səyahətə çıxıblar. Bacaran qəribləşib, qəribçiliyi yaşayıb və öz ruhi qərib(ə)çiliyində Məşuqunu tapıb. İslamdakı həcc praktikası əslində bu qəribçiliyin rituallaşmış şəklidir. Məkkəyə gedən qeyri-ərəblər qəribçiliyin ritual və bir çox hallarda da qurumuş şəklini yaşayırlar.
Allah özü də Qərib(ə)dir. İsa Məsihdə Allah ontoloji və ekzistensial qəribçiliyi yaşayıb – çünki bəşəriləşməyə, insaniləşməyə bizim aramıza gəlib yaşamağa qərar verib və öz İlahiliyində insaniləşib. Xristianlar Allaha doğru qəribçiliyə gedir, çünki Allah özü onlar üçün qərib oldu, qəribçiliyə üz tutdu və insanların arasına gəlib, insanları yaşadı. Sufilərin Tanrısı Məşuqdur, sufilərsə aşiqdirlər. Bir məsihinin özü və İlahı eyni zamanda həm Aşiqdir, həm də Məşuqdur. Çünki Məşuq aşiqlərin arasına gəldi və aşiq olduğunu həyatı bahasına gözlər önünə sərdi. İlahini sevənlər onun üçün qərib(ə) olur. Çünki Allah onlar üçün onlardan öncə qərib(ə) oldu. İlahinin Sözü bu dünyaya gəlməklə, Cəlilədən Yerusəlimə getməklə, dövrünün bir çox dini praktikasını baş-ayaq şərh etməklə qərib(ə)ləşdi. İnsanlar da öncə məkan-coğrafi qəribçiliyə üz tutmaqla, sonra sosial qəribçiliyi yaşamaqla ən sonunda da ruhi qəribçiliyi içlərinə sindirməklə qərib(ə)çilikdə İlahiyə yol alırlar. Bunları keçən insan, əgər heç bir mərhələdə Müqəddəs Ruhun işinə əngəl yaratmayıbsa sonunda anlayır ki, o elə özü bu dünyada qərib(ə)dir. Doğuluşuyla insan varlıq qərib(ə)çiliyinə qədəm qoyduğunu anlayır, qərib Allahın – İsa Məsihin təfəkkürünü almaqla, ona nifrət edənlər üçün dua etməyə çalışmaqla, absurd-mistik inanclara ümidini bağlamaqla əslində nə qədər qərib(ə) olduğunu anlayır insan. Rusa bənzəməyən rus qızı, incə bədənə təzad bəzəyi poqonlar, bir dəqiqədə dəyişən surət...qərib(ə)çiliyin mənə göstərdiyi siması.Siz qərib(ə)misiniz?..
.

No comments:

Post a Comment

gündəlikdə axtarış