Əziz bloq ziyarətçiləri, bloqumuzun ilk qonağı “Səs”, “Gələcək Gün” və “Cahan” (azeriblog.com) bloqlarinin yazarı və sahibi, hörmətli alim Məsiağa müəllim Məhəmmədidir. Məsiağa müəllimə vaxt ayırıb bu yazını hazırladığı və bloqumuzun qonağı olduğu üçün dərin təşəkkürümü bildirirəm. Yazı Məsiağa müəllimin göndərdiyi şəkildə hər hansı redaktədən keçirilmədən olduğu kimi verilir.
Qonaq bloqçu - müəllif: Məsiağa Məhəmmədi
Nizami dünnyası - 1
On ikinci yüzilliyin ortalarına yaxın qədim Gəncə şəhərində Yusif Zəki Müəyyəd oğlunun ailəsində bir uşaq dünyaya göz açdı. Adını İlyas qoydular. Çox tez böyüdü İlyas. Böyüyüb dünyanı tanımağa, öyrənməyə başladı. Və dünyanı tanıyıb öyrəndikcə heyrət götürdü onu. Gördü ki, dünyada çox şey yerində deyil, insanlar özləri və dünya haqqında çox şeyi bilmirlər və çox şey də onların bildikləri kimi deyil. Və bir gün hiss etdi ki, o, məhz bunun üçün – «pərdə arxasındakı sirli həqiqətləri» insanlara çatdırmaq üçün dünyaya gəlib. Bu, onun vəzifəsidir və o, bu missiyadan heç cür qaça bilməz.
Qələmə əl uzatdı İlyas. Sözün ilahi mənşəyinə və ilahi qüdrətinə inandığı üçün şeirə – nəzmə üz tutdu. Dönüb Nizami oldu. Nəzm ilə nizamı pozulmuş dünyanı, nizamını itirmiş insan mənəviyyatını nizamlamağa başladı.
Əvvəlcə, «Sirlər xəzinəsi» açıldı, sonra «Xosrov və Şirin», «Leyli və Məcnun» eşqi bəyan edildi, daha sonra «Yeddi gözəl»in hekayəti nəql olundu, nəhayət, İsgəndərin naməsi – «İsgəndərnamə» yazıldı. Beləcə XII əsrdə – müharibələrlə, dini-etnik çəkişmələrlə, siyasi-ideoloji davalarla, hər cür mənəvi-əxlaqi rəzalət və murdarlıqlarla dolu olan bu dünyada yeni bir dünya yarandı – Nizami dünyası! Bu dünya heyrətamiz nizamı ilə hamını heyran qoydu, çünki o, Söz ilə və Sözdən yaranmışdı. Söz qədər qədim, Söz qədər yeni idi bu dünya…
Bu dünya həqiqətən, sirlər xəzinəsi idi. Hansı sirlərdi bu, hansı müşkül həqiqətlər idi? Fərd və cəmiyyət… Dünya və axirət… İnsan və Allah… - əzəli və əbədi suallar…
Nizamiyə görə, insan varlığı iki başlanğıcdan – bədən və ruhdan, cism və candan ibarətdir. Bunlardan birincisi ötəri və müvəqqəti, ikincisi ölməz və əbədidir. Məhz ruhun sayəsində insan digər canlılardan üstündür və varlığın əşrəfi sayılır. İnsan bunu bilməli və öz məqamına layiq olmalıdır. İnsanın ləyaqəti yemək-içməklə, geyimlə, sarayla, var-dövlətlə deyil, ruhunun, mənəviyyatının kamilliyi ilə müəyyən olunur. İnsan ömrü əslində bu kamilliyə nail olmaqdan ötrü verilmiş fürsətdən başqa bir şey deyildir. Həmin kamilliyə çatmış insan ölümü rahat, qorxusuz qarşılayır. Çünki o, həyatdakı xeyirxah işləri, işıqlı əməlləri ilə axirət səadətini təmin etmiş, özünə ölməzlik qazandırmışdır.
Nizami eşqi mənəvi kamilliyə yetişməyin başlıca vasitəsi sayır. Bu, hər hansı şəhvət qarışığından uzaq olan ülvi bu düyğudur, insanı daxilən nəcibləşdirən ali bir hissdir. Lakin bütün digər məsələlərdə olduğu kimi, burada da Nizami «etidal», müasir dillə desək, «qızıl orta» tərəfdarı idi. Eşq insanı cəmiyyətdən təcrid olunmağa, ictimai borc və vəzifələrini unutmağa aparmamalıdır. Məcnunun faciəsi bu nəticəyə gəlməyə əsas verir. Beləliklə, fərd və cəmiyyət məsələsi ortaya çıxır və Nizami onu özünəməxsus şəkildə həll edir.
No comments:
Post a Comment