Bu yazını yazmaq istəmirdim, özümə söz vermişdim ki, ölkədə baş verən siyasi hadisələrə ya heç reaksiya verməyəcəm, ya da sadəcə çox nadirən, ağrımayan başıma dəsmal bağlamamaq üçün, bir-iki cümlə yazmaqla yetinəcəm. Ancaq olmur. Gerçəkdən olmur. Daha doğrusu içimdəki təəssüf, istehza, acıma hisslərini nə qədər “boş ver” kimi sözlərlə laqeydliyimin ağuşuna tərk etsəm də yetişdiyim məkanda baş verən olayların gerçəkliyi ürəyimin döyüntülərində ruhuma, vicdanıma sillə çəkib məni yazmağa çəkir.
Azərbaycanın Anayasasına dəyişiklik edərək ölkədə siyasi hakimiyyətin formalaşması qaydalarına ciddi yeniliklər gətirirlər. Bu yeniliklər Azərbaycanın onsuz da axsaq respublikaçılıq ənənəsini daha da axsadır, daha doğrusu onun qolunu-qabırğasını qırır. Niyəsini belə açıqlaya bilərəm.
Respublika dövlət idarəçiliyi forması iki (minimum) ümumi və əsas prinsiplə səciyyələndirilə bilər: 1) Ali dövlət hakimiyyəti orqanlarının seçki yoluyla formalaşdırılması, 2) seçkilərin müntəzəm və vaxtaşırı keçirilməsi. Birinci prinsip əhali kütlələrinin dövlət hakimiyyətinə girişini təmin edir və onu formalaşdırmasına imkan verir, ikinci prinsip isə bu girişin və imtiyazın bir qrupun əlində qeyri-müəyyən və sonu bəlli olmayan şəkildə saxlanmasını önləyir. Demokratiyanın dövlət idarəçiliyində başlanmasının və sonradan gəlişdirilib toplum bilinciylə dialoqa girməsi üçün minimum əsasları kimi məhz bu iki prinsip vurğulanmalıdır.
Azərbaycanda bu prinsiplərdən ikincisini zəiflətmək üçün yeni hüquqi qaydalar anayasaya daxil edilir. Həmin bu yeni qaydalara görə ölkədə “...Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna kimi uzadılır...” Eyni qaydada Milli Məclisin də çağırış müddətinin uzadılması, başqa sözlə Milli Məclisə növbəti seçkilərin keçirilməsinin təxirə salınması yolu referenduma çıxarılır.
Bu nə deməkdir? Bu, sırf hüquqi baxımdan, ölkədəki ali hakimiyyət orqanlarından seçkilər yoluyla formalaşdırılan ən əsas iki hakimiyyət orqanının daimi, tərkibi donuq orqanlara çevrilməsi üçün şərait deməkdir. Maraqlısı budur ki, bu qaydaları tətbiq etmək üçün tələb olunan hüquqi əsas 1) müharibə şəraitinin mövcudluğu və hərbi əməliyyatların aparılması və 2) hərbi əməliyyatların seçkilərin keçirilməsini qeyri-mümkün etməsi şərtləridir. Azərbaycan Ermənistanla münaqişədədir və bu münaqişə sonradan yuxarıda göstərilən şərait kimi şərh olunacaq – bundan əmin ola bilərsiniz. Belə şərait varsa, deməli həm Milli Məclisə, həm də prezidenliyə seçkilər anayasaya görə təxirə salına bilər. Hadisələrin bu cür gəlişməsində bir neçə ciddi dəyişiklik baş verir: 1) Ölkədəki siyasi hakimiyyət Dağlıq Qarabağ probleminin uzadılmasında maraqlı olur – bu problem var olduqca, ali orqanlara seçkiləri təxirə salmaq olar, 2) Dağlıq Qarabağ probleminin həlli uzadılır – toplumun ən əsas problemlərindən biri acı bağırsaq kimi uzanır, 3) Ali hakimiyyət orqanlarının formalaşdırılmasına əhali kütlələrinin daha doğrusu Azərbaycan xalqının sivil giriş imkanı qapanır – dövlət hakimiyyəti bir qrupun şəxsi haqq-hesabı olur, 4) Dağlıq Qarabağ problemi hətta həll olunsa da seçkiləri təxirə salan hakimiyyətdəki qrup problemin həllini tamamən öz maraqları çərçivəsinə salır və daha sonrakı hakimiyyət qrupunun əlini – qoplunu bağlamış olur – yəni Azərbaycanın indiki hakimiyyəti seçkiləri yaxın 10 il üçün təxirə salıb Dağlıq Qarabağ problemini həll etsə, ondan sonrakı qrupun həmin bu problemə müdaxilə vasitəsilə keçmişdə baş vermiş yanlışları düzəltmək imkanı sıfıra endirilir – bu münaqişə başqa dövlətlərin də qarışması və çoxtərəfli müqavilələrlə həll edilir və sonradan hakimiyyəti formalaşdıracaq qrupun Dağlıq Qarabağ probleminin həllinə müdaxiləsini indidən puça cıxarmaq mümkündür. Kim bilir, bəlkə də elə seçkiləri təxirə salmaqla indiki hakim siyasi qüvvənin səlahiyyət müddətini uzatmaq elə bu Dağlıq Qarabağ problemini məhz öz istədikləri kimi həll etmələri üçündür? 5) Ölkədə demokratik proses zəifləyir, insanların dəyişən hakimiyyətlə bir şeylərin dəyişəcəyinə ümidləri yox olur.
Əslində bunları yazmaqla yeni bir şey yaratmadığımın fərqindəyəm. Türklər demiş, “görünən köyə klavuz istənməz”. Lakin bir nüansı vurğulamaq istəyirəm. Bu dəyişiklik ölkəmizin tarixinə siyasi hakimiyyətin özünə sadiq olduğu, insanlara özünü tam səmimiyyətilə göstərməsi kimi düşəcək. İcazənizlə bunu açıqlayım. Azərbaycanda seçkilər bir qayda olaraq saxtalaşdırılır, hüquqi mexanizm işləsə də, insanların nə düşüncəsində, nə də ruhunda demokratiya mexanizmi işləmədiyindən, seçkilər hər zaman qrupun hakimiyyətdə qalması üçün maska rolundan başqa heç bir rol oynamır. İndi artıq bu da yoxdur. Əvvəllər şəffaf seçkilər adıyla bulanıq seçkilərin altında maskalanmaq olurdu. İndi artıq heç buna da ehtiyac yoxdu. Hakimiyyəti əldə saxlamaq üçün ən son maneə də aşılacaq, çünki belə lazım bilirlər. Azərbaycandakı hakim qüvvələr artıq maskalanmağa belə lüzum görmür.
Bizim kimi, başqa üçüncü dünya ölkələrinin önəmli özəlliklərindən biri insanların anayasaya deyil, anaysanın insanlara, daha doğrusu ölkədəki hakim qüvvələrin çıxarına tabe olmasıdır. Hökumət anayasaya tabe olmaz, anayasa hökumətə tabe olar. İndi artıq bunu gizlətməyə də ehtiyac yoxdu və Azərbaycan tam olaraq üçüncü dünya ölkələrinin cərgəsinə girə bilər. Bu ölkə artıq Azərbanancan Rejimpublikası adlanmalıdı, Azərbaycan Respublikası deyil. Deyirəm də...ağrımayan başıma dəsmal bağlamasam olmaz...
No comments:
Post a Comment