Bir neçə ay bundan əvvəl bir yəhudi hekayəsi, daha doğrusu əfsanəsi eşitmişdim. Mənə çox maraqlı oldu, dedim sizə də yazım. Bəlkə sizə də maraqlı olar. Əfsanə belədir: deyilənə görə bir gün həqiqətlə hekayət oturub mübahisə edirlər ki, kim insanlarla söhbət edib onları öz qapılarını açmağa və danışanı evə dəvət etməyə çəkə bilər. Mübahisənin bir yerə getməyəcəyini görüb axırda mərcə gəlirlər və təpədən aşağıdakı kənddə öz iddialıarını sınayırlar. Öncə həqiqət təpədən aşağı enir, kəndə girir və var gücüylə həqiqətin nə olduğunu bağırır, insanlara həqiqəti anladır. Qapılar açılmır, kimsə onu evinə dəvət etmir. Həqiqət kənd boyu qaçıb özündən danışsa da bunun bir faydası olmur. Həqiqət kor peşman geri qayıdırmış ki, hekayət ayağa qalxır təpədən enib həqiqətin qoluna girir, onu yenidən kəndə aparır. Bu dəfə hekayət həqiqəti danışır, həqiqəti anladır. Az sonra evlərin qapıları açılır kənd əhli həqiqəti və hekayəti evə dəvət edirlər, hər kəs onları öz qonağı kimi gülərüzlə qarşılamağa çalışır.
Əfsanə burada bitir. Ancaq əfsanənin anlatmaq istədiyi bitmir. Əminəm ki, bu sadə ancaq dahiyanə əfsanənin işığa tutduğu bilintini anladınız. Həqiqət əgər varsa və ya onun varlığına inanırsınızsa, hekayətdən kənarda qurudur, ölüdür, inandırıcı deyil, insanları şövqə gətirib həqiqəti anlamağa sövq etmir. Çünki güncəl həyat, içində olduğumuz və iliklərimizə qədər işləyən reallıq quru müddəalarda olmaz, hər birimizin birbaşa və ya dolayısıyla yaşadığı, hiss etdiyi, bildiyi ortamda, gerçəklikdə olar. Odur ki, həqiqəti şövqlə anlamaq və zövqlə hiss etmək istəyirsiriksə o zaman onun hekayət donuna bülənməsinə ehtiyac var. Bundan kənarda həqiqət və ya həqiqət deyə ifadə etdiyiniz bir şeyi əlbəttə anlaya bilərsiniz, ancaq məncə onun dadı-duzu olmaz. Dadı-duzu olmayan yeməkdən tam zövq almaq və deməli onu tam yaşamaq mümkün olmadığı kimi hekayət, güncəl gerçəklik kəsintilərində bəzənib-düzənməyən həqiqəti də tam yaşamaq və deməli bir yerə qədər tam anlamaq çətindir. Bunu öz təcrübənizlə yoxlaya bilərsiniz. Kitabdan oxuyub sonradan gerçək həyatda yaşadıqlarınız arasında fərq var. Bəzən kitabdan oxuduğunuz gerçəklikdəki yaşantılarınızla güclənir, ətə-qana gəlir. Bunun bir çox səbəblərindən biri də gerçək həyatda kitabdan oxunulanların bir hekayət kimi yaşanmasıdır – gerçəklikdə insanlar var, sizin az-çox qarışdığınız, sizə qarışan hadisələr var, onları anlatmaq üçün bir ssenari, dil, süjet yaranır beyninizdə, çünki bunsuz yaşadıqlarınızı bir bütövə çevirmək çətindir. Bu mənada həqiqət və hekayət biri-birilə çulğalaşmışdır və bu qovuşmada hekayət həqiqəti, həqiqət də hekayəti cilalayır. Əfsanəyə diqqət etsəniz görəcəksiniz ki, həqiqət kəndə hekayətsiz gedir, lakin hekayət kəndə həqiqətsiz getmir. Maraqlıdır, görən bəs hekayət həqiqətsiz o insanlıq kəndində girsəydi nə olardı?Həqiqət və hekayət oyunlarının fərqinə insanlıq çoxdan varıb və bunu öz ideallarında, yazı-pozularında ifadə etməyə çalışıb. Dini kitablar, Bibliya və Quran buna əyani misallar ola bilər.
Hekayət və onun rolu Bibliya ilə Quran arasında önəmli fərqlərdən həm də bənzərliklərdən biridir. Quranda hekayətlər var, götürək məsələn İbrahim peyğəmbərin Allaha inanması hekayətini. Bundan başqa bir çox peyğəmbərlərin hekayətlərinə qısa da olsa rast gəlinir. Bununla yanaşı bütövlükdə Quran hekayət şəklində deyil, belə demək mümkünsə, monoloq-dialoq şəklində bir mətndir. Quranda, İslamın öyrətdiyinə görə, Allah peyğəmbərə vəhyləri verir, peyğəmbər də həmin vəyhləri insanlara çatdırır. Peyğəmbər vasitəsilə Quranda Allah danışır, Allah söhbətin, dialoqun bir tərəfi halına gəlir (digər tərəf isə peyğəmbərin vasitəsilə Allahın müraciət etdiyi şəxslər, qruplardır). Eyni şeyə Bibliyada, xüsusən də Əhdi-Ətiqdə rast gəlmək olar, ancaq Əhdi-Ətiqdə hekayət, peyğəmbərin öz sözləri, peyğəmbər vasitəsilə duyulan İlahinin sözləri (monoloq-dialoq) biri-birilə daha mürəkkəb münasibətlərə girir, çünki Əhdi-Ətiqdə bəzən konkret şəxslərin birbaşa İlahiyə müraciəti, peyğəmbər vasitəsilə Tanrıyla danışması, hətta fal açması, İlahinin düşmən vasitəsilə danışması və s. kimi özəlliklərə də rast gəlinir. İncilsə bir kitab (daha doğrusu bir mövzu ətrafında cəmlənmiş kitablar toplusu) olaraq, daha dəyişikdir. İncillərin hamısı hekayət kimi yazılıb. Üçüncü şəxslər İsa Məsihin həyatını hekayət şəklində anladırlar. Odur ki, İncillərdə İlahi məhz hekayət şəklində nağıl danışaraq bir şeyləri anladır deyilə bilər. Buna görə də hekayətlər toplusu kimi, İncillər fərqli şərhlərə daha açıqdır və müxtəlif qrupların onu fərqlərlə şərh etməsi potensialı çoxdur. Deyək ki qapının örtülməsi və ya Bakıda rüşvət alınması faktını həm məruzə kimi, həm də hekayət kimi anlatmaq olar və bunlardan ikincisi fərqli şərhlərə daha çox yer verir. Məruzədən fərqli olaraq hekayət həyatı, gerçəkliyi düzünə deyil, dolayı anladır və təsvir, müəllif niyyəti, müəllifin qurduğu süjet və s. və ia anladılan haqq-hesabı daha da mürəkkəbləşdirir. Bu mənada İncilləri hekayət kimi oxumaq mümkündür və onları birbaşa olaraq Allahın ağzından çıxan sözlər, vəhylər kimi anlamaq özünü tam doğrultmur. İncillərdə İlahinin iradəsi insan iradəsi ilə yoğrularaq, üçüncü şəxslərin baxış bucağını da işin içinə alaraq nəql edilir. İncilləri oxuduğumuz zaman bunu nəzərə almağımız vacibdir.
No comments:
Post a Comment