İnsanın çiy südəmmişliyi, onun varlığının zamandan və məkandan asılı olmayan və özünü ən müxtəlif şəkillərdə üzə vuran və hər toplumda rast gəlinən şərti-vəziyyəti kimi Bibliyada bəhs edilir. Buna dilimizdə günah deyilir. Lakin günah sözü məncə Bibliyanın anlatdığını tam ifadə etmir. Günah mənim bildiyimə görə, konkret şəxsin, konkret əməlini və ya birbaşa şəxslə ilişkin olmasa da bir konkret və müəyyən normalar daxilində qadağan olunmuş əməli ifadə edir. Məsələn, adam öldürmək günahdır. Oğurluq, yalan şahidlik, zina günahdır. Lakin niyə bunları insan edir? Bunlar hardan gəlir? Bunların aradan qaldırılması mümkündürmü? Bu suallarla qarşılaşan şəxs artıq konkret əməl səviyyəsində dəyərləndirmədən çıxır və daha dərin təfəkkür qatlarına enmiş olur. Bibliyaya görə, bunlar insanın günahkar təbiətindən qaynaqlanır. Biz hamımız başqalarına pislik etmək potensialımızın olmasından xəbərdarıq və bunu inkar edə bilmərik. Bax bu potensial artıq günah adlandırıla bilməz, çünki ondan daha dərindədir və özünün konkret təzahür forması kimi günahda-əməldə özünü büruzə verməyə bilər - insan axı həmişə günah etmir. Ancaq həmin o potensial həmişə bizimlədir.
Bu potensial – mənfi, arzuolunmaz, əməllərə yəni günahlara rəvac verən ruh vəziyyəti Bibliyada günahkar təbiətimizin olması ilə əlaqələndirilir. Günahkar təbiətin isə dilimizdə ən qısa ifadəsi həmin bu atalar sözüdür. Çiy süd əmmiş insan. Hippolu Avqustin bu məsələni daha başqa şəkildə qoyur. Ona görə, günahkar təbiətli olmaq günah işləmədən yaşamaq qabiliyyətinin itirilməsidir – həmin yetənək ki, ilk insan övladı İblis tərəfindən azdırılmazdan öncə onda var idi. İnsan övladı günah işləmədən yaşaya bilməz. Bax bu günah işləmədən yaşaya bilməmək elə günahkar təbiətdir və ya çiysüdəmmişlikdir. Biz hamımız çiy süd əmmişik. Xristianlar “insan günahkar doğulur” dediklərində də bunu nəzərdə tuturlar – yoxsa əlbəttə ki insan anadan doğulanda artıq adam öldürmüş, zina etmiş kimi doğulmur.
Beləliklə, insanın çiysüdəmmişliyi onun mövcudluğunun bir ölçümüdür. Çiysüdəmmişlik bizim belə demək mümkünsə ekzistensial ölçümümüzdür, tərəfimizdir. Bu mənada insan çiy süd əmib demək, elə Bibliyadakı insan təbiətinin qaranlıq yanlarını azəricəsinə ifadə etmək deməkdir. Günah qavramına gəlincə, günah bu qaranlığın konkret əməllərdə, həyatımızdakı təzahür şəkli, formasıdır. Bibliyadakı, daha doğrusu Yeni Vəddəki süd obrazı ilə çiysüdəmmişliyi birləşdirən daha bir yol bizim doğulduğumuz andan, qaçammadığımız ortamdan və elə əmdiyimiz süddən keçir. İnsan anasından çiy süd əmir. Həmin çiy südü bişirib, paketləyib, marketə çıxarıb, mikroblardan təmizləyib sizə sırımırlar. Həmin çiy südü çağdaş dünyanın reklamlarındakı gülər qız simaları, siyasətin “ölmə eşşəyim, ölmə” prinsipi cilalamır. Həmin çiy südlə bizə içindən çıxdığımız varlıqdan, öncə acıq, qəm-qüssə, daha sonra da nifrət, qəzəb, ümidsizlik keçir. Yoxsa elə bilirdiniz ana südündən bizə keçən yalnız ana sevgisidir? Əlbəttə ki deyil. Lakin ananın bu işdə günahı yoxdur. Ana yazıq neyləsin ki, o da öz ovladı kimi insanların əzib-tapdalamaqla yaşadıqları dünyaya göz açıb, doğulduğu andan artıq günahla yoğrulmuş münasibətlər şəbəkəsinin içinə pənah gətirib və özü də həmin şəbəkənin bir düyünüdür. Bu mənada çiysüdəmmişlik həm də toplumdan və bilavasitə içində olduğumuz münasibətlərdən, bizə öz parçasından bir şeylər verən valideynlərdən, qohumlardan bizə keçir. Və biz güzgü kimi valideynlərimizi, qohumlarımızı, toplumumuzu, dövrümüzü – özü də onların yalnız yaxşı yönlərini deyil, həm də eybəcərliklərini - əks etdiririk. Bu baxış bucağından çiysüdəmmişlik yəni günahkar təbiətə malik olmaq həm də bioloji-psixoloji və sosial əsasları olan bizə əski nəsillərdən və içindən doğulduğumuz varlıqdan, içinə doğulduğumuz toplumdan keçir. Çiysüdəmmişlik həm aktual gerçək təbiəti, həm də bu təbiətin nəsillərdən nəsillərə ötən yanını, özü də onun biolojisini, ətlə-qanla keçən yanını da ifadə edir. Odur ki, məncə Bibliyadakı günahkar təbiət qavramı dilimizdəki çiysüdəmmişlik qavramı ilə həm hərfən, həm də məcazən necə lazımdır yapışır.
Sonuncu dəfə nə vaxt çiy süd içdiyinizi xatırlayın... . Biz hamımız çiy süd əmmişik dostlarım... .
No comments:
Post a Comment