Friday, August 28, 2009

Pastor kimdi və nə işlə məşğuldu?

Bir müsəlman üçün ən düzünəqulu şəkildə deyilsə, pastor kilisənin imamıdı. Ancaq pastoru imama bənzətməklə həm də əslində pastorun kilisə tarixi və inanclılar icmasındakı yerini – qaçınılmaz olaraqdan - bir qədər təhrif edirik. Pastorun nə iş gördüyünü və kim olduğunu anlamaq üçün bir sıra ümumi məsələlərə nəzər salaq. Əvvəla, yada salaq ki, pastor sözü hərfən “çoban” deməkdi. Daha doğrusu, hərfən, bir az da dərinə getsək, “qidalandırdan”, “yemək verən” kimi anlamları var. Kilisəyə adamlar toplaşır. Çoban isə qoyun-quzu otarar. Elə isə çobanın adamlarla nə əlaqəsi var? Çobanın adamlarla, kilisədəkilərin də qoyun-quzuyla tarix və təxəyyül olaraqdan əlaqəsi var. Məsələ burasındadı ki, İncillərdə və elə Əhdi-Ətiqdə də qoyun-quzu sözü ara-sıra insanları, Tanrıya inananları anladan sözlər, təsvirlərtək istifadə edilir. İncil və Əhdi-Ətiq aqrar, kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq ortamına dayanan təxəyyülün yetirməsidi. Buna görə də həm İncildə, həm də Əhdi-Ətiqdə çoban, qoyun-quzu, otlaq, otarmaq, əkib-biçmək, suvarmaq, toxum, torpaq və s. kimi sözlər, bu sözlərlə ifadə edilən gerçəklik insan-İlahi münasibətlərinin anladılmasında simvollartək işlədilir.

Pastor sözünün də arxasında bu mühitdən qaynaqlanan bənzətmə durur.
Pastorluq bir kilisə işi və Tanrının çağrısı kimi uzun əsrlər gəlişib və fərqli ənənələrdə fərqli rola, mənaya malikdi. Bəzi kilisə ənənələrində pastorluq ümumiyyətlə ləğv edilib. Məsələn, Kvakerlərdə pastor olmaz. Məsihiliyin başqa qollarında isə pastorluğun fərqli yönləri vurğulanır. Bundan başqa pastor sözü özü də hər zaman eyni mənada işlənməz. Bəzi dini qurumlarda pastor ümumi addır və konkret icmaların işinə rəhbərlik edən kilisə nümayəndəsini anladır. Başqa kilisə qurumlarında isə pastor sözü özəl bir vəzifəni və s. bildirə bilər. Ancaq bu fərqlərlə yanaşı pastorun tarix boyu az-çox sabit qalan və bir anlayış kimi bu işin kökünü oluşduran müəyyən vəzifələri, yerinə gətirdiyi işləri də vardır. Həmin bu vəzifələr ümumi şəkildə aşağıdakılardır:
Kahinlik. Kahin kimi pastor bloqda daha öncə bəhs etdiyimiz gizləntilərin hazırlanmasında, bölüşülməsində aparıcılıq edir və bunu şəxsən həyata keçirir. Kahin rolunda pastor vəftiz edir və şükran çörəkkəsməsi ayinini yerinə gətirir. Fərqli kilisə qollarında gizləntilərin sayı fərqləndiyindən kahin rolunda da pastorun rolu fərqlənir. Məsələn, katoliklərdə öz günahlarını etiraf etmək gizlənti sayılır və pastor insanların günahlarını gəlib ona etiraf etməsi üçün hazır olmalıdı. Protestantlarda isə hətta pastor başqa insanların öz sirrlərini ona açmasına hər zaman hazır olsa da bu rolda onun yerinə yetirdiyi iş kahin işi kimi görülməz.
Müəllimlik. Pastor həm də müəllimdi. Müəllim kimi onun işi istər kilisədə ibadət zamanı Allahın sözünü anlatmaq, izah etməkdən (vəəz şəklində) və Müjdəni tanıtmaq, istərsə də İsəviliyi yenicə qəbul etmiş insanlara inancın əsaslarını öyrətməsindən (katexizis), məktəblərdə, digər təhsil müəssisələrində inanc üzərinə dərs verməkdən (Məsihi İnancı barədə) və s. ibarətdi. Bunlardan ilk ikisi (vəəz və katexizis) kilisə ortamında və dinin institutları çərçivəsində baş verir və onun müəllim kimi kilisə daxilində işini müəyyən edir.
Qonşuluq. Pastorun işinin üçüncü ümumi elementini anlatmaq üçün məncə qonşu sözü keçərlidi. Azərbaycanda qonşu, özəlliklə yaxşı qonşu başqalarına yardım etməyə çalışan, gərəkdiyi zaman digərlərinə qulaq yoldaşı olan, onların dərd-sərini dinləyən və onlarla öz təcrübəsini bölüşən, insanlara ürək-dirək verən, sirrlərini saxlayan birisidi. Bu mənada qonşuluq coğrafi-məkan-yaşayış yaxınlığından qaynaqlanan və inkişaf edən müəyyən qrup insani münasibətləri anladır. Pastorun bu mənada vəzifəsi belə demək mümkünsə inanc və güvənc əsasında icmayla və icmadan kənar insanlara əsil qonşu kimi yardım etməkdi. Bu yardım məişət həyatındakı güncəl yardımdan tutmuş (adamın dərdini dinləmək), kilisə ehtiyatları daxilində maddi yardıma qədər (maliyyə) bir çox şeyləri əhatə edir. Pastorun qonşuluq işi Yaxşı Samariyalının qonşuluğuna (“Yaxşı Samariyalı” Müqəddəs Kitabda bir hekayətdi və birisinin ehtiyacı olan başqasına yardım göstərməsindən bəhs edir), və Müqəddəs Kitabdakı ikinci nəsihətə dayanır (“qonşunu özün kimi”).
Hər üç iş, vəzifə biri-birilə sıx ilişkidədir və onları ancaq öyrənmək üçün ayırmaq mümkündür. Gerçək həyatda bunlar arasında aydın hədd qoymaq çətindi. Fərqli kilisə ənənələri pastorun işinin müxtəlif yönlərini vurğulayırlar. Katolik kilisəsi kahinlik işini, Protestantlar bir qayda olaraq müəllimlik və qonşuluq işini vurğulayırlar
.
Məncə bunları ümumiləşdirərəkdən pastorun kimliyi haqqında bir fikrə gələ bilərsiniz.

No comments:

Post a Comment

gündəlikdə axtarış