Qəribçiliyin ən açıq, ən aydın forması məkan-coğrafi dəyişikliklə başlayan qəribçilikdir. Bir yerdən başqa yerə getmək – xüsusən də bir ölkədən başqa fərqli ölkəyə getmək və orda yaşamaq və ya az da olsa qalmaq - bizi bir çox şeylərlə üz-üzə qoyur və bizi düşüncələrə çəkir. Dünyanın düşündüyünüz kimi olmadığını sadəcə bilmək deyil, həm də bunu hiss etmək, canınızda, gündəlik münasibətlərinizdə yaşamaq istəyirsinizsə, özünüzün bir mədəniyyətin, ölkənin parçası olduğunuzu və həmin mühitdən kənarda fərqliliyinizin fərqinə varmaq istəyirsinizsə, nifrət etdiyiniz şeylərin hardasa insanların sevdiyi məşğuliyyət ola biləcəyini anlamaq istəyirsinizsə, o zaman qəribçilik sizə hava və su kimi vacibdir.
Qəribçilik həm də insana özünü və ölkəsini daha yaxşı anlamağa yardım edir. Almaniyadakı dəqiqliyi, səliqə-səhmanı görən insanın Azərbaycandakı ən səliqəli yerə səliqəli deməsi artıq çətinləşir. İrandakı rejimi, basqını görən adam Azərbaycandakı durumu daha obyektiv dəyərləndirə bilər. Qəribçilik bu mənada insana dərs verən, onu sınağa çəkən ayrılığın məkana, coğrafiyaya hopmuş kölgəsidir. Məkanda yer dəyişib qəribləşməklə, içində böyüdüyü mühitdən çıxıb ayrılığı yaşamaqla insan parçası olduğu bütövdən – mədəniyyətdən, ölkədən, insanlardan ayrılmanın necəliyini dadır və özünü həm də başqa bir sistemdə, qrupda anlamaq kimi bir gerçəkliklə üz-üzə qalır.
Məkanda qəribləşmək, yəni qərib ölkəyə getmək və orada yaşamaq və ya bir müddət üçün olmaq, qəribliyin o biri üzünü də görməmizə yardım edir. Qəribliyin o biri üzü fərdin bir şəxsiyyət kimi, insan kimi sosial qərib(ə)ləşməsidir. Coğrafi məkanda, zahirən, cismən yaşanılan qəribçilik ruhumuza hopur və biz sosial qəribçiliyin gedər – gəlməzə açılan qapısı önündə özümüzü tapırıq. Biz əlbəttə o qapıdan içəri keçməyi rədd edə bilərik. Yəni ətrafımızı, içində olduğumuz dünyanı fiziki, cismən yaşadığımız qəribliyin sərhədlərinə sıxışdırıb ondan o tərəfə keçməyə bilərik. Bu o deməkdir ki, Rusiyaya gedib illərlə yaşaya və kənddən necə gəlmişiksə o şəkildə də qala bilərik. Rus mədəniyyəti ilə təmasdan öyrənməyi şüurlu şəkildə rədd edə bilərik, ruslar haqqında ənənəvi stereotiplərimizi reallıqla mizan-tərəziyə qoymaq istəmərik. Ətrafımızı yalnız özümüz kimi bazarda alış-veriş edən azərilərlə doldurarıq və Rusiyada olsaq da elə ordakı balaca Azərbaycan adasında yaşayarıq. Bu cür rəddetmə baş verdiyi zaman insan məkan-coğrafi qəribləşməni tam yaşayır və sosial qəribliyin astanasında qalmağı qəbul edir. Sosial qəribliyin astanasında qalmaq və açılan qapıdan içəri keçməmək içində olduğu qərib ölkədə cismən qəribçiliyi qəbul etmək, lakin bundan öyrənməmək, daha dərin qəribçiliyi inkar etməkdir. Qərib hər yerdə qəribdir. Lakin qəribçiliyin bir mərhələsində ilişib qalmış birisi üçün bu ikiqat zülmdür – o olduğu ölkədə tam qəbul olunmur, çünki hər kəsdən biri kimi deyil, başqalarından fərqi var. Odur ki, o ətrafını özü kimi vətəndən gələnlərlə doldurur, içində olub çörəyini yediyi ölkəyə qarşı kin bəsləyir və ona qarşı edilmiş haqsızlıqları aşmanın nə özünə, nə də başqalarına zərər verməyən yolunu tapa bilmir. Bu cür qəribçilikdə insan qəribliyi yaşadığı ölkəyə funksional yanaşır. O qəribdir. Lakin o bu qəribçiliyin bir üzünü qəbul etməklə digərlərini inkar edir və özü ilə qəribçilyi yaşadığı ölkə arasında, dolayısı ilə də vətəndən gətirdiyi özü ilə yeni ölkədə formalaşan və dəyişən özü arasında bir tarazlıq tapa bilmir.
No comments:
Post a Comment