Sunday, August 30, 2009

"heyrət ey Büt!..."

Bütpərəstlik keçmişdə qalmış bir şey deyil. Ola bilsin ki, onun bir variantı, daşı-divarı, ağacı-budağı İlahi hesab edib ona tapınmaq keçmişdə qalıb, və ya keçmişləşmək ərəfəsindədi. Ancaq bütövlükdə bütpərəstlik heç də tarixə qovuşmayıb. Əksinə, günümüzdə də var və hər yerdə, bir çox şəkillərdə görmək olar. Əvvəla, onu deyək ki, bütpərəstlik birisinin Tanrıya olan münasibətində Tanrını, İlahini başqa birisiylə əvəzləməsidi. Bu baxış bucağından, bütpərəstlik inanclı birisinin yaşamında görülən anlayış, anlam və bundan doğan davranışdır. İlahiyə inanmayanın baxış bucağından baxsaq, bütpərəstlik deyilən bir şeyi çətin görək, çünki bütün mövcudluğu üçün Tanrının mövcudluğunu qəbul etmək zəruridi. Büt, ancaq İlahiyə münasibətdə insan-Allah ilişkilərində büt kimi mövcud ola bilər. Əgər, Allah yoxdursa, onda büt də yoxdur. Ona görə ki, büt deyilən nəsnə, ancaq Allahın yerini almaqla büt keyfiyyəti qazanır: əgər Yaradan yoxdursa, onda onun yeri də yoxdur ki, onu almaqla birisi bütə çevrilsin. Bu mənada, büt Allahsız mövcud deyil.

Dönəmimizin bütlərinə misal olaraq, əyləncəni, pulu, işi, var-dövləti və s. göstərmək olar. Lakin burda bir önəmli qeyd edək: əyləncə, pul, iş, var-dövlət öz-özlüyündə büt deyil. Ancaq onlar inanclının həyatında onun Tanrıyla münasibətlərini zəhərlədiyi zaman bütə çevrilir. İnanclı insan onlara həddən artıq güvəndikdə, o cümlədən aludə olduqda, onları həyatının ən üstün, yeganə mənasına çevirdikdə öz-özlüyündə heç bir zərəri olmayan pul, əyləncə, iş, var-dövlət, dostluq, İnternet, kompüter, dərd-qəm, yazarlıq-pozarlıq, yaxşı əməllər, elm, seks, gözəllik, yaradıcılıq, tanınmaq və s. və ia bütləşir. Bütün bunlar əgər sizin Tanrıyla münasibətlərinizdə Yaradanı bir kənara sıxışdırırsa, pul qazanmağa hər zaman saatlar tapıb, Allahla baş-başa qalmaq üçün an tapmırsınızsa, onda bütpərəstlik qapınızı döyə bilər. Dışdan sadə görünsə də bütpərəstlik əslində bütün inanclıların savaş verdiyi, ciddi, və ömür boyu müqavimət göstəriləcək bir şeydir. Biz təbiətən, ilkin günaha görə, bütpərəstliyə meylliyik. Əlimizin altında olub bizə cəmiyyətdə güc verən, hörmət gətirən pula, hər nə qədər dua etsək də dualarımıza cavab verib-verməyəcəyini anlamadığımız Allahdan daha çox güvənmək gözlənilən bir şeydi. Siz pul verib malı alarsınız, vəssəlam. Lakin duayla həmin malı alıb-almayacağınız bəlli deyil – duanı da çox vaxt təmənasız şükran məqsədilə deyil, istədiyimizi almaq üçün edirik. Elə isə niyə qaz vurub qazan doldurmağa daha çox önəm verməyək? Başqa sözlə desək, pulun nəğdi olması, indi və burada prinsipi əsasında işləməsi sizi daha çox pula çəkir. Başqa fəaliyyət sahələri də buna bənzər özəlliyə malikdi: axşam vaxtınızı bir tamaşaya gedib gülməklə keçirmək, sonra da tamaşadan öyrəndiklərinizi yüksək intellekt əlaməti kimi dostlarınızın əhatəsində yavaş-yavaş xırıd eləmək, çox az adamın ciddiyə aldığı, nağıllarla qarışmış dini məsələlərdən daha önəmli ola bilər. Hamımızda önəmli olmaq, özümüzü önəmli hiss etmək, başqalarının da bu önəmi qəbul etməsini arzulamaq var – bu da təbiidir. Lakin Allahı bu prosesdən kənara itələdiyimizdə, önəmin, qazancın, stabil və proqnozlaşdırılan nəticələrin xeyrinə və s. və ia üçün Yaradanı həyatımızdan sıxışdıranda, biz bütpərəstliyə yaxınlaşırıq. Ona görə ki, səmimi və içdən Allaha inancın həyatımızda mərkəziliyi özünə verilən önəmin həddi aşmasına mane olur, İlahiyə inanc pulu həyatımızın mənasına çevirməkdən çəkindirir. Allaha inanc özümüzü önəmli hiss etmək üçün Allahı həyatımızda sıxışdırmaq hesabına həyata keçirdiyimiz fəalliyyəti, Tanrıya ayıracağımız vaxtın hesabına əylənməyi önləyir.
Öz-özlüyündə zərəri olmayan bir şey yalnız o zaman bütə çevrilir ki, biz onu həyatımızdakı inancla və İlahi ilə barışdırmağın yolunu tapa bilmirik və son nəticədə də Tanrını deyil, o birini seçirik. Tamaşaya gedib zövq almaq gözəldir və bunu etməklə ruhunuz incələşə bilər. Lakin bunu edib, Allaha yer ayırmırsınızsa, o zaman bütpərəstlik qapını döyür. Bunu edib, Allaha yer ayıra bilirsinizsə daha gözəl. Etiraf edək ki, bəzi şeyləri Tanrıya inancla barışdırmaq daha çətindi və onlar insanı daha çox bütpərəstliyə çəkir. Məsələn, eqoizmi Allaha inancla barışdırmaq və beləcə özünü bütləşdirməkdən – narsissizmdən qaçmaq demək olar ki, mümkün deyil. Eqoist olub, Tanrıya həyatında və başqalarıyla münasibətlərində yer ayırmaq çox çətindi. Odur ki, gerçəkdən və içdən Allaha inanan birisinin həm də eqoist olması çox nadirən rastlanır və məncə belə inanc yarımçıqdı.
Bütpərəstliyin çox önəmli özəlliklərindən biri bütün və ya büt xarakterli fəaliyyətin insana nəzarət, kontrol etmək illüziyasını yaşatmasıdı. Bütpərəstliyə yuvarlanan insan həyatına büt şəklində girən bir şey üzərində nəzarətə malik olduğunu düşünür və bu düşüncə ona güc verir, ona önəm verir: həyatınızda hər şeydən çox önəm verdiyiniz bir işin, anlamın, varlığın həm də tamamən sizin nəzarətinizdə olmasından gözəl nə ola bilər?! – bu sizin də özünüzə verdiyiniz önəmi artırır. Pulunuz varsa onu istədiyiniz kimi xərcləyib istədiyinizi əldə edə bilərsiniz. Hakimiyyət əlinizdədirsə, o zaman siz başqalarına nəzarət edirsiniz. Hər gün əylənərəkdən, həyatınızı əyləncə əsasında quraraqdan düşünürsünüz ki, həyatınızı maraqlı edirsiniz – həyatınız sizin nəzarətinizdədi, siz onu istədiyiniz kimi yönləndirirsiniz. Bir yerə qədər ətrafınızdakı ortam, varlıqlar, durum bəlkə az-çox sizin hərəkətlərinizdən təsirlənə bilər və bu tamamən normaldı, lakin bu cür təsirlənmə sizə güc, olduğunuzdan artıq önəmlilik hissini yaşatdığında, nəzarət yetənəyiniz sizi istədiyinizi istədiyiniz şəkildə etmək yoluna götürdüyündə və buna inandığınızda siz bütpərəstliyin qapısına gəlirsiniz. Bununla belə, bu bir illüziyadı. Büt sizə belə bir illüziya yaşadır: büt sizin nəzarətinizdədi, siz həyatınızı və s. və ia yönləndirirsiniz və istədiyiniz an həmin fəaliyyəti kəsə bilərsiniz. Əslindəsə, siz bütün nəzarətindəsiniz. Pulu istədiyiniz kimi, istədiyiniz yerə xərcləmək sizi pulun hakimiyyəti altına salır – siz özünüzü İlahiyə təslim etmək yerinə, bütə təslim edirsiniz. Siz elə bilirsiniz siz pulu xərcləyirsiniz, istədiyiniz qədər pulunuz var, pul zatən xərcləmək üçündür, xərclə getsin. Lakin Tanrı həyatınızda puldan dolayı sıxışdırılırsa, o zaman əslində pul sizi xərcləyir. Pul sizin təvazökarlığınızı, mənəviyyatınızı xərcləyib xırıd edir. Əylənmək yaxşıdır, ancaq aludə olduğunuzda, siz əylənmirsiniz, əyləncə sizinlə əylənir. Siz kütləşirsiniz: hər şeyi əyləncəyə çevirdiyinizdə, dərinə gedib həyatın faciə və gözəlliklərini tam ciddiyyəti ilə yaşamaq və anlamaq yetənəyiniz zəifləyir. Razılaşın ki, ömrü boyu yalnız futbola baxan, səhər-axşam barlarda əylənən və heç zaman başqalarına, inancına yetərincə vaxt ayırmayan bir insanın əyləncəsiylə ciddiyyətini tarazlayan bir adamdan fərqli olaraq yaşamı daha birtərəfli, dar və küt olar.
Bütpərəstliyi çarpışma obyekti kimi mürəkkəbləşdirən daha önəmli bir hal da həyatımızda yaşadığımız mənəvi-psixoloji münaqişələr və bu zaman etməli olduğumuz seçimlərdi. Ara-sıra insanlar özəlliklə də inanclılar biri-birilə barışmayan seçimlər qarşısında qalırlar. Tanrıya güvənc, inanc və ona verilən önəm həyatımızdakı başqa şeylərlə münaqişəyə girər və bizi seçim etməyə çəkər. Kimi seçə bilərsiniz? Əgər valideynləriniz inancınızdan dolayı sizə “ya biz, ya sənin allahın” şəklində bir ultimatum verirlərsə, nə etməlisiniz? İnancınızı buraxıb valideynlərinizi seçməniz onları bütləşdirmək anlamına gəlirmi? Valideynlərinizi buraxıb inancınınız seçməniz necə bəs, inancınızı\Allahınızı bütləşdirmək hesab oluna bilərmi? Bu cür seçimlər qarşısında qalan insan əslində ağır dilemmalarla savaş verir və bunun da dolayısıyla, Allah, inanc, büt, tabu, hədd və s. qavramlarla əlaqəsi var
.
Bütün bunlara görə, bütpərəstliklə ömrü boyu çarpışmaq hər bir gerçək inanclının borcudu. Hər bir gerçək Məsihi ara-sıra yaşamını bütləriylə savaş vermək üçün düşünməli və yaşamında aşkarladığı bütləri aşırmalıdı.

No comments:

Post a Comment

gündəlikdə axtarış