Son vaxtlar hərə bir şeyi necə etməyin yollarından yazır. Bloqdan tutmuş, mobil telefonlara qədər. Palaza bürünüb ellə sürünmək keçirdi ürəyimdən, dedim bir şeyi necə etməyin də yolunu mən yazım. Həm də bir az məsihilik barədə yazılara ara verək, bloqa bir az da fərqli yanaşılsın, mövzu az-çox müxtəlifləşsin. Mən texniki məsələlərdə savadsızam, anlamam, ona görə də o cür şeylərdən yazmaq bir az çətindir. Lakin kitab oxumağa alışmış birisi kimi sizinlə bu barədə təcrübəmi bölüşə bilərəm. Kitabı əlbəttə hərə bir cür oxuyar. Mən də belə oxuyuram. 1. Bir kitabı niyə oxuduğunuzu öncə təyin edin. Kitabı vaxt öldürmək üçün yoxsa ciddi tədqiqat üçün oxumaq o kitab haqda fərqli nəticələrə gəlməyə və o kitabın da sizdə fərqli təəssürat yaratmasına rəvac verir. Bundan əmin olun. Odur ki, ilk öncə bir kitabı niyə oxuduğunuzu, nə səbəbə məhz bu kitabı vərəqlədiyinizi düşünün.
2. Kitabı oxumazdan öncə, müəllifin hardan girib, hardan çıxdığını təyin etmək, ümumi yanaşma haqqında bir başlanğıc təsəvvürə malik olmaq üçün kitabın mündəricatını, yəni strukturunu əks etdirən səhifələrini öyrənin. Bu müəllifin ideyanı necə strukturlaşdırması, hansı skelet üzərinə ət-qan hörməsini anlamağa yardım edəcək.
3. İlk bir neçə səhifədən sonra kitabın oxunma dərəcəsini, yəni asan, yoxsa çətin “getdiyini” təyin etməyə çalışın. Aygün Kazımovanın həyatından bəhs edən kitabla, deyək ki Nəsiminin qəzəllərində din və fəlsəfə ideyalarının semiotikasına hərs olunmuş tədqiqat əsəri eyni cür “getməyəcək”. Bunu təyin etdikdən sonra sürətinizi buna görə də uyğunlaşdırın. Hər cümləsi məna dolu olan kitabı bir su içimi kimi oxumaq müəllifə və ehtiraslı oxucunun özünə hörmətsizliyidir.
4. Kitabla mükaliməyə girin. Materialı passiv oxumaq az zövq verir. Oxuduğunuz cümlələrin arxasındakı ideyalarla bağlı assosiasiyalar formalaşdırın, müəllifə xəyalınızda soru sorun, ara-sıra kitaba cümlələrə yığını kimi yanaşmaqdan çıxıb mətnin struktur vahidləri arasındakı münasibətlərə nəzər salmağa çalışın – təbii ki, əgər vaxt öldürmək üçün oxumursunuzsa. Paraqrafdakı ideyanın ümumi müəllif arqumentinə neçə oturdulduğunu, paraqrafdan, absazdan biri-birinə keçidin hissolunmaz, yoxsa qəfil, ideyadan-ideyaya əlaqələndirilmədən atladığına diqqət edin. Öz həyat təcrübənizi mətnə gətirin. Müəllifin tezisi, onu dəstəkləyən arqumentlərə və onların ifadəsi şəklinə diqqət edin. Müəllifin yazdığı nə qədər həyatidir? Ətraf dünyada belə şeyin olma ehtimalı nə qədərdir? Mətndəki obrazlar çoxmu açıq yoxsa qapalı, küçə diliylə, yoxsa kitab diliyləmi danışır və s.?
5. Əgər elmi kitab oxuyursunuzsa, müəllifin istinad etdiyi mənbələri, bədii kitabda isə sətiraltı mənaları və müəllifin ümumi həyatdan, pop kültürdən verdiyi metafor və ideyaları izləyin. Bunlar sizə detektiv kimi kitabın astar üzünü görməyə və kitabın başqa eyni mövzuya, ideyaya həsr edilmiş kitablar dünyası arasında yerini təyin etməyə yardım edər.
6. Xoşunuza gələn, gözlənilməyən, anlamadığınız, sizə nifrət, kin, həyəcan, zövq və s. bu kimi əhval-ruhiyyə dəyişikliyi gətirən parçaları ən azı iki dəfə oxuyun. Onları oxumaqla sadəcə kitabı daha dərindən deyil, özünüzü də daha dərindən anlamış olursunuz. Əgər bir cümlə, fikir sizə qəfil ideya verirsə və bu ideya sonradan axına çevrilib beyninizdə zəncir kimi ideyaları çəkib gətirirsə, kitabı oxumaq hesabın o ideyaları öldürməyin. Həmin cümləni qeyd edin, kitab oxumağı buraxın, o ideyalara fokus olun, gələn assosiasiyaların tam gəlib tükənməsinə fürsət verin, onları yazın. Həmin o fikir, assosiasiya qasırğası sonradan o kitabdan aldığınız ən dəyərli şey ola bilər.
7. Kitab metafor və obrazlarla doludursa və ya təsəvvür olunması mümkündürsə, xəyalanızda oxuduqlarınızı ardıcıl olaraq canlandırın. Gözlərinizin önündə xəyalən mövzular canlasın, ətə-qana gəlsin, hərəkət etsin. Müəllif şeirdə “yağışın göz yaşı”, “evli subay” deyirsə, o zaman qafanızı əziyyətə salın və yağışın necə ağlayacağını təsəvvür edin, evlinin necə subay olacağı barədə özünüzdən bir şey uydurub onu xəyalınızda canlandırın. əzbərlənməsi və ya hər hansı şəkildə yadda saxlamalı olduğunuz mətni bir qəlibə salın, onun üçün qəlib, kateqoriya formalaşdırın. Məsələn, mətndə şahidlikdən bəhs edirsə, şahidin şəxsiyyəti, şahidin mövzusu, mövzuya verilən reaksiyanı, şahidin mövzunu qavrama və əks etdirmə səviyyəsi kimi özünüzdən bir şeylər uydurun və cümləni, ideyanı parçalayıb hər bir parçanı o qəlibə otuzdurun. Daha dərinə getmək istəsəniz İnternetdən mnemonika haqqında oxuyun.
8. Kitabı bir az oxuyub, sonra uzun müddət (ay, il) fasilə verib yenidən oxumaq arzuolunmaz vərdişdir, əgər belə edirsinizsə, o zaman hər dəfəsində öncədən oxuduğunuz səhifələrə göz atmaqla yaddaşınızı təzələyin.
9. Oxumaqla bağlı şüurlu şəkildə sizə aid, şəxsi-emosional vərdişlər formalaşdırın. Bu sizi gərəkən emosional duruma keçirər, həm də oxumaq özlüyündən önəm qazanmış, başqa gündəlik fəaliyyətlərinizdən nisbətən fərqləndirilmiş bir iş halına gələr. Mən, məsələn, kitab oxuyanda uzanmağı və ya çay içməyi sevərəm. Xüsusilə xoşuma gedən parçaları ikinci dəfə ayaqüstə otaqda var-gəl edərək oxuyaram. Ideya xoşuma gəlirsə, kitab oxumağı buraxıb o ideyanı dilə gətirirəm, ucundan tutub ucuzluğa gedirəm ya başqasıyla ya da başqası yoxdursa öz-özümlə o ideya haqqında danışıram, onu xırdalayıram. Təzə kitablarımı mütləq qoxlayaram, çünki kitab iyini sevirəm. Hər oxuma - belə deyək – seansından sonra kitabın son səhifəsinə nə qədər qaldığına baxaram. Bu mənə zövq verir. Kitab oxumağı hadisə halına gətirsəniz daha çox zövq alarsınız.
10. Və ən nəhayət oxucu kimi “formada qalmağın” ən uğurlu yolu: eyni marağı bölüşən və kitab oxumağı sevən birisini tapın. İnternet və forumlar indi buna imkan verir. Belədə oxuduqlarınız bölüşmək və yoxlamaq mümkündür. Bu həm də düşüncələrinizi itilər.
Uğurlar...
No comments:
Post a Comment