O, məzarın yanında durub gözlərini başdaşına zilləmişdi. Sanki bu başdaşının üstünə həkk olunmuş rəsm indicə dilə gəlib danışacaqdı onunla. Əminə əlini saçlarına çəkdi, xəyallarını qasırğaya çevirən soruları qovmaq istədi. Ancaq heç cür alınmırdı. “Niyə öldü o?” sorusu beyninin dərin qatlarını döyəcləyirdi. Ara-sıra bu döyəc onu da yorurdu, ürəyi bezirdi bundan, sükuta çəkilmək istəyirdi, lakin bacarmırdı. “Görən, o bilirdi mənim Habillə münasibətim var?” – düşündü bir anlıq.
Əminəyə əslində onun bilib-bilməməsi artıq fərq etmirdi. Tək fərq edən buydu ki, o artıq yoxdu. O isə elə hey düşünürdü...düşünürdü...fikirlərini sorulara təslim etmişdi Əminə. Düşüncələrini sorulardan ayırmaq üçün əyilib diqqətlə başdaşına baxdı. Rəsmin altında şeir həkk edilmişdi: baş daşı şeiri. Ölünün həyatını, anlamını bir neçə cümləyə sığdırmaq ideyası Əminəni üşəndirdi. Ad, soyad, doğum və ölüm ili hamısı bir arada, şeirə qarışmışdı - elə bil şeir bu çılpaq, soyuq oluntulara anlam verib həyatın anlamsızlığını inkar edirdi. Əminə şeiri xoşlamadı. Çöməlib əlinə bir kiçik daş aldı və tanıdığı, içində ziddiyyətlər yaradan, hardasa həyatını zəhərmi, şəkərmi etdiyini kəsdirə bilmədiyi bu şəxsi düşündü. Kim haqlı idi? "Mənmi onu sevirdim gerçəkdən, omu məni sevirdi...yoxsa nə o məni, nə mən onu..." . Suallar heç cür aman vermirdi. Nəyahət bütün sualları bir araya gətirib onları sözə çevirdi və başdaşının üstünə iri hərflərlə bir söz cızdı: “MƏN”.Ayağa qalxıb dərindən nəfəs aldı. Gülümsədi. Soruları yavaş-yavaş yoxluğa sovrulurdu. O, geri döndü və sürətlə qəbirdən uzaqlaşdı.
No comments:
Post a Comment