Azərbaycanda İslamla yanaşı bu cür keyfiyyət çoxluğuna töhfə verəcək və buna imkanı olan ikinci din məncə məsihilikdir. Bunun bəzi səbəblərindən İsəviliyin İslama yaxınlığını, onun sosial-intellektual bazasının musəvilikdən, zərdüştilikdən daha çox olmasını göstərmək olar: unutmayaq ki, Xristianlıq ən çox daxili müxtəlifliyə malik, son iki əsrin dinə qarşı mənfi münasibətində ən çox soruşdurulan və çək-çevir edilən, Qərbin intellektual-rasional-empirik və s. əqli diskursları ilə ən uzun münasibət-dialoq tarixi olan dindir. Sekularizm, maddiyyatçılıq, elmi fundamentalizm və s. bu kimi paradiqmalar, ideyalar, İslamın və digər dinlərin qapısını döyməzdən öncə Xristianlığı daşa basır.
Bunun nəticəsi olaraq bu dində hələlik bir çox dinlərin yuxusuna girməyən problemlər, məsələlər araşdırılıb və araşdırılır da. İndi keçək daha dəqiq özəlliklərə. Azərbaycanda keyfiyyətli dini müxtəlifliyin, çoxluğun yaradılması cəmiyyətə nə verə bilər? Bunun bəzilərini aşağıda sadalayıram: 1) Bir ölkədə birdən çox dinin aktiv olması, cəmiyyətin mənəviyyatına bir dinin inhisarını zəiflədir. Sırf sekular baxış bucağından bu heç də pis deyil. İslamın və ya Xristianlığın despotizmindənsə, onların biri-birilə dil tapması və cəmiyyətə daha zəngin fikir, ideyalar təklif etməsi önəmlidir. 2) Bir ölkədə birdən çox dinin aktiv fəaliyyəti – həmin dinlər arasında rəqabəti gücləndirir və dini inanc seçimi edən insanların inanclarındakı qaragüruhçuluq elementini azaldır – başqa sözlə dinlərin çoxluğu ortamında seçim edən insan, öz seçiminə səbəb verməli, onu əsaslandırmalıdı, bu da öz növbəsində dini davranışların daha dərindən düşünülməsi, daha incələşdirilməsi deməkdir. Bu ideyanın sosioloji baxış bucağıdan əsaslandırılmasını Peter Bergerin əsərlərində tapa bilərsiniz. 3) dinlərin keyfiyyət çoxluğu, fərdə daha çox seçim etmək imkanı verir – Mən insanlar tanıyıram ki, namaz qılıb bezib və onu buraxıb. Hər gün beş dəfə ərəbcə dua etməyi hamı sevmir. Sizcə hansı insan cəmiyyət və özü üçün daha xeyirli, daha yetişmiş, daha mənalı həyat sürə bilər – müsəlman olub müsəlmançılığından bezmiş və seçimi, bilgisi olmadığından dolayı münafiqliyə, sarkazma yuvarlanan azəri mi, yoxsa götür-qoy edib İlahini Məsihilikdə tapan və gerçək İsəvi kimi yaşayan azəri mi? 4) dinlərin keyfiyyətli çoxluğu, cəmiyyətin ideyalar sferasına keyfiyyətli, dərin məzmunlu, fikirlər, konseptlər vermək və çağdaş dönəmdə insanların mürəkkəb, elmi-dini ideyalara olan mənəvi tələbatını ödəmək şansını artırır – din quru, qaxaca dönmüş sistem deyil. Biz etiraf etsək də, etməsək də dinlər dəyişir və burda da pis heç nə yoxdur. Bir ölkədə birdən çox din olarsa, onlar biri-birindən öyrənir, biri-birilə ideyalar mübadiləsində olur və bu da radikal sekularizmə, ateizmin və dinin aqressiv, mövhumatçı formalarına qarşı mübarizədə daha zəngin, intellektual arqumentlər yaratmağa yardım edir. Xristianlıq bu məsələdə özəlliklə həssasdır. Çağdaş xristianlıqda robotların dini və din-robot-insan münasibətləri kimi qulaq dələn mövzulardan tutmuş, İslam Xristianlığın hansı zəifliklərini ortaya qoyur və islamdan nələr öyrənilə bilər kimi məsələlərə qədər sayı-hesabı bilinməyən şeylər araşdırılır. Xristianlıq, Zərdüştilik və Musəvilikdəki bir sıra ideyalar, Azərbaycanda islamın radikal garagüruhçu formalarını yumşaltmağa yardım edə bilər. 5) Dini müxtəliflik insanların dini inanclara qarşı dözümlü və hörmətlə yanaşmasını gəlişdirə bilər – ömrü boyu Xristianlıq haqda heç nə bilməyən və bildikləri də Quranda yazılanlardan o tərəfə keçməyən bir azərinin mi dinlərə münasibəti daha sərbəst, daha mədəni, daha bilgili olar, yoxsa xristianlığı, zərdüştiliyi müşahidə edə bilən, onların cəmiyyətə qatqısından dolayı onlardan bir şeylər öyrənən, bu dindəki insanların kimə, nəyə, necə inanmasını ardıcıllarından eşidən bir azərinin mi? 6) keyfiyyətli din çoxluğu toplumdakı əksər dini qrupların sosial proseslərdə iştirak tələbatını ödəyir və bununla da hər hansı dini azlığın inciyib, səssizliyə çəkilib radikallaşması ehtimalını önləyir.
No comments:
Post a Comment