Kilisə deyiləndə ilk ağlınıza nə gəlir? Hər birimizin bir qayda olaraq ilk ağlına gələn bir bina olur: üstündə xaç, içində kahin və...bir çoxlarımızın büt söylədiyi heykəllər, əşyalar. Ancaq məsələ bir o qədər də bəsit deyil. Niyəsini də deyim.
Kilisə sözü dilimizə ərəbcədən gəlib. Yunancadakı ekklesia sözünün ərəbləşdirilmiş şəklidir (kəlisa – kilisə?). Ekklesia hərfən “çağrılmışlar” daha da dərinə getsək, bir məkandan, sistemdən, yerdən, düşüncədən “bayıra çağrılmışlar” anlamına gəlir və iki sözün birləşməsindən yaranıb (“ek” və “kleo”).
Kilisə binaya deyil, İsa Məsih adına İlahiyə ibadət etmək üçün və İsa Məsihin xoş xəbərini yaşamaq və paylaşmaq üçün birlikdə bir fəaliyyət həyata keçirən insanlara istinad edir. Odur ki, kilisə bina olmazdan öncə bir insan qrupu, bir yerə cəmlənib ibadət edən insanları anladır. Bu insanlar İsa Məsih adına çağrılmışlardır. Onları inanca görə, İlahi çağırıb. Ancaq azərbaycan dilində bu söz artıq oturub və onun mənası sabitləşib, indi qalxıb bunu yenidən dəyişməyin anlamı yoxdur. Avropa dillərində də kilisə artıq ilk öncə binaya və yalnız bundan sonra binada toplaşan insan qrupuna istinad edən, onu ifadə edən söz olaraq işlədilir. Çağdaş dönəmdə kilisələr çox mürəkkəb, özünəməxsus daxili dinamikası olan sosial-içtimai, siyasi-tarixi, əxlaqi qüvvələr, mərkəzlər, axınlardır. Son illərdə onların özəl bir növü meqakilisələr peyda olub Bu cür kilisələrə daha çox Qərbdə, xüsusən də Amerikada təsadüf olunur. Meqakilisələr bir yerə qədər kapitalist, menecment yönətmə ideyalarını, marketing ideyalarını dinə tətbiq edən və bu əsasla da dinə yanaşan kilisələrdir. Mənim fikrimcə meqakilisələr dinin bizneslə qarışması şəkli, daha doğrusu bunun açıq və tarazlıqdan çıxmış şəkli qurumlardır. Meqakilisələri nə xarakterizə edir? Meqakilisələrdə ən azı 2-3 min adam bir araya gəlir. Bu kilisələrin bəzən öz TV-ləri, öz təşkilatları, insanları bir araya gətirən, müxtəlif tələbatlarını ödəyən bir çox proqramları, fəaliyyətləri olur. Bu kilisələrdə dini təlimlərin öyrədilməsi bəzən zəifdir, əsas vurğu psixoloji-əxlaqi kütləvi yardım üzərindədir. Onların bəzilərinə hər bazar 15.000-20.000 üstündə insan toplanır (bəziləri daha böyükdür).
Ehtimal etmək olar ki, İslam dünyası sekulyarlaşdıqca, bazar modelləri sosial həyatın idarə olunmasına nüfuz etdikcə, cəmiyyətdə maddiyyatçılıq və fərdiyyətçilik yayıldıqca belə meqaməscidlər İslam dünyasında da peyda olacaq.
No comments:
Post a Comment