Friday, August 28, 2009

Qutsal Üçbir - 2

Buraya qədər yazdıqlarımdan bəlli olur ki, Allahın təkliyi ideyası tarixən gəlişib inkişaf edən vəhy şəklidi və ideyadı. İbrahim dinlərində bu gəlişmə Bibliyada ifadəsini tapıb. Musəvilikdə öncə henoteizm peyda olur (“İsrailin Allahı təkdi\birdi”), daha sonra elə Musəvilikdə bu ideya gəlişir, etnik element zəifləyir və monoteizmə çevrilir (peyğəmbər Yeşayaya dayanaraqdan: ( “(İsrailin) Allah(ı) təkdir, bütün yaradılışın Allahıdı və başqa allah(lar) yoxdu”). Daha sonra tarix səhnəsinə Xristianlıq daxil olur və monoteizmin çoxluq, insanlıq və cismanilik kimi mücərrəd, metafiziki qavramları öz içinə alan şəkli ortaya çıxır: Trinitarian monoteizm. Bu hadisədən altı yüz il sonra İslam monoteizmin daha dar anlaşılan şəklini ortaya çıxarır və Trinitarian monoteizmin əslində küfr, dəyişdirilmiş olduğunu iddia edir.

Beləliklə, biz Allahın təkliyi ideyasının henoteizmdən, monoteizmə, ordan Trinitarian monoteizmə keçidini, daha sonra isə İslam vasitəsilə yenidən dar və daha universal monoteizmə dönüşünü (bəlkə əsl vəhyin sapınmadan bərpasını?) görürük. Qeyd edək ki, Musəvilikdəki monoteizmlə İslamdakı monoteizm biri-birinə daha yaxındı və hər ikisi Allahın təkliyinin çoxluqda ifadə oluna biləcəyini və insanın ilahiləşə biləcəyini və ya Allahın insaniləşəciyini inkar edir. Trinitarian monoteizm bu mənada, Musəviliyin və İslamın monoteizm qavramına görə ana xətdən yayınmadı, kənara çıxmadı və İslam (dolayısıyla Musəvilik də) bir növ bu yayınmaya reaksiya verir.
Bəs Trinitarian monoteizm nəyi anladır? Necə olur ki, Trinitarian monoteizm ortaya çıxıb? Trinitarian monoteizm, İsa Məsihin həyatına, İncilin bizə ötürdüyü bilgiyə, Musəvilikdəki məsih və onun gəlişi ideyasına, Roman-Yunan (Bizans) mədəniyyətindəki təbiət, şəxsiyyət və bunların sonradan şərhinə dayanır.
Tarixi gəlişməsinin özəlliklərinə girmədən Allahın üç şəxsdə bir olması vəhyinin qəbuluna təsir edən faktorlardan bəzilərini sadalayaq və incələyək. Bu faktorlar aşağıdakılardır: 1) Bibləvi dil və ya Tanrını anlatım şəkli, semantik sahə. Bibliyada Allah haqqında maraqlı mülahizələr var və bunları birmənalı şəkildə “Allah yalnız təkdir”, “Allah yalnız üçdür”, “Allah yalnız İsa Məsihdədir”, və s. şəklində yozmaq problem törədir. Yaxından incələndiyi zaman ortaya çıxan budur ki, 1.1) Bibliyada Allaha verilən adlardan biri Atadır, 1.2) Allahın ruhu var və bu Allahın Nəfəsi ilə, Allahın insanlara verdiyi həyat-nəfəslə sıx bağlıdır, bu Ruh insanlara təsir edir və s. 1.3.) Allah İnsanı öz surətində yaradıb və insanın Tanrı məbədi, Tanrı evi olmaq kimi potensialı var, 1.4.) İsa Məsihin daha doğrusu Məsihin gələcəyi vəd edilib və ilkin Xristianlar Nazaret şəhərindən olan İsanı göstərdiyi möcüzələrə görə həmin bu gəlməsi vəd edilən Məsih kimi qəbul etmişlər, 1.5) İsa Məsih Allahın yerdəki mükəmməl surəti olub, 1.6) İsa Məsihə aid edilən bir sıra adlar və ona şamil edilən özəlliklərin bəziləri tamamən İlahiyə aiddir, məsələn insanları günahdan tamamən qurtarmaq, Məsihin Allahın Sözü olması və bütün yaradılışdan öncə var olması, bütün yaradılışın Allahın Sözü vasitəsilə vücuda gəlməsi, həmin bu Sözün İsa Məsihdə insaniləşib təcəlla etməsi bəlirlənir, varlığın İsa Məsihə diz çöküb ibadət edəcəyindən danışılır, və s. 1.7) İsa Məsihin eyni zamanda tamamən insan, bəşər övladı olduğunu anladan mülahizələr var, məsələn o yeyir, içir, gəzir və s. Bütün bu müxtəlif mülahizələrin birini seçib, digərini bir tərəfə atmaqdansa, ilkin məsihilər Bibliyanın bütövlüyünə və İsa Məsih haqqında şəhadətinə hörmət və güvənc əlaməti olaraq, bunları bir araya gətirmişlər və inteqrasiyaedici bir təlim ortaya çıxarmışlar. Həmin bu təlim, Tanrının təkliyini, onun üç şəxsdə olmasını və özünü bizə necə açıqlamasını və s. sistematik şəkildə izah edir ki, bu da Müqəddəs Üçbir təlimidi. 2) Ümumkilisə təcrübəsi. Sözügedən öyrəti Tanrının üç şəxsdə birliyinə və Tanrının əsrarəngizliklərinə işıq tutan bir şam kimi havadan, bir adamın oturub uydurmasından ortaya çıxmayıb. Bu təlimin qəbulu üçün yeni fəlsəfi və teoloji qavramlar işlənmiş, kilisə ən fərqli ideyaları çək-çevir etmiş bəzilərini rədd etmiş bəzilərini isə qəbul etmişdi. Bloqda tərcüməsini verdiyimiz Nikea İmannaməsi məhz Allah, İsa Məsih və Qurtuluşun biri-birilə necə əlaqələnməsini dəqiqləşdirmək və bunu anlatmaq üçün ümumi dil formalaşdırmaq istəyən kilisə xadimlərinin bir toplantıda qəbul etdiyi qərarın nəticəsidi. Buna görə də Müqəddəs Üçbir təlimi bütün ifrat mövqeləri rədd edib önəmli məsələlərdə ortaq mövqe tutan təlimdi və bunu anlamaq üçün Müqəddəs Üçbir təliminin yarandığı mühiti, bu təlimin daxilən cavab verdiyi kilisə sapıntılarını göz önünə almaq lazımdı. Məsələn, Xristianlığın yeni formalaşdığı illərdə bəzi şəxslər Üç allahın olduğunu iddia edirdi. Müqəddəs Üçbir təlimi buna yox deyir, yəni üç allah yoxdu. Bəzi qruplar Allahın tək olduğunu, tək Allahın öncə Ata, sonra İsa Məsih, sonra da Müqəddəs Ruh kimi insanlara özünü tanıtdığını iddia edirdi. Müqəddəs Üçbir təlimi buna da yox deyir. Tanrı özlüyündə təkliyini üç şəxsdə yaşayır və bu üç şəxs bərabər halda mövcuddurlar, onlardan biri, digərinin arxasınca, sonrakı zamanda gəlib ortaya çıxmır. Daha bir sapıntı Allahın tək olduğunu, İsa Məsihin isə nə insan, nə mələk deyil, Allahla insan arasında orta bir varlıq olduğunu iddia edirdi. Müqəddəs Üçbir təlimi buna da yox deyir: İsa Məsih Tanrının yerdəki tam, dolğun ifadəsidi, o eyni zamanda həm insandı, həm də İlahidi.

No comments:

Post a Comment

gündəlikdə axtarış