Thursday, August 27, 2009

İnanc haqqında bir neçə kəlmə

Bəzən mübahisə edərik inanc barədə, ancaq çox az insan bu mübahisələrə girişməzdən öncə, ümumiyyətlə inancın nə olması barədə və hansı inanc üzərinə necə mübahisəyə girişdiyini düşünər. Ara-sıra mənə elə gəlir ki, inanc insan övladının ən böyük tapmacası, eləcə də ən böyük başağrısıdır.Ümumiyyətlə hər hansı bir şeyə inanmadan yaşamaq qeyri-mümkündür. Şübhəçi olmaq hələ inanmaq özəlliyini itirmək demək deyil. İnanmayan insan axı necə mövcud ola bilər?Biz hamımız inanmaq üçün yaradılmış varlıqlarıq. Fərq edən yalnız kimə, nəyə, necə, nə vaxt, nə üçün və necə inanmağımızdır.Məktəblərdə hamımıza yerin günəş ətrafında dövrə vurduğunu öyrədirlər. Bunun belə olduğuna inanırıq. Molekullardan, materiyanın formalarından öyrədirlər bunun da belə olduğuna inanırıq.

Küçəyə çıxırıq, gəzirik, danışırıq, bir yerdə oturub yemək yeyirik. Yediyimizin yeyiləsi olduğuna və onun bizi qidalandırdığına inanırıq. Bu da bir inancdır.Valideynlərimiz bizi düşünür, bizə məsləhət verir, sevdiyimiz insanlar, nişanlımız, filan-beşməkan bizə sadiqdir – buna da bir qayda olaraq inanırıq.
Sabah səhər tezdən başımızı qaldırıb göyə baxırıq. Gördüyümüz dairəvi istilik mənbəyi obyektin günəş olduğuna, ətrafımızdakı işığın və istiliyin ondan gəldiyinə inanırıq və hətta bundan əminik. Əlimizə daş alsaq, bu daşın daş olduğuna inanırıq, çünki belə görürük, belə toxunuruq – hiss orqanlarımızın bizə verdiyi zahiri, dünyadan qəbul etdiyi qıcıqların məhz bu şəkildə olmasına inanırıq. Bəzilərimiz Allah deyilən varlığın olduğuna inanır. Bəzilərimiz onun olduğuna, həm də bir olduğuna inanır. Bəziləri isə nəinki onun bir olduğuna, həm də bir şəxs olduğuna, yəni şəxsiyyət özəlliklərinə malik olduğuna inanır.Nədir inanc? Mən inanca anlayış vermək kimi bir təkəbbürdən uzağam, çünki bu qədər mürəkkəb insan özəlliyini açmaq qədər bəsit və özündənrazı fikrin yiyəsi deyiləm. Lakin inancın ən azından bəzən öz içinə aldığı bir sıra xüsusiyyətləri mənə elə gəlir ki, hamımız müşahidə edə və bölüşə bilərik. İnanc bəzən münasibəti xatırladır mənə. Bir növ psixoloji münasibət kimi, insan əqlinin və ruhunun vəziyyətini xatırladır. Öyrəndiklərimizin məhz öyrəndiyimiz kimi olmasına etibar edirik – bu mənada inanc qavranılanın, qavranılan kimi olmasından əmin olmağı anlada bilər. Bu gün Bakıda hava soyuqdur? Əgər bu suala hə cavabı verirsəniz, deməli hiss orqanlarınızın alqıladıqlarının doğru olduğunu düşünürüsünüz. Ətrafın gerçəkdən hiss edilən kimi olduğunu qəbul edirsiniz.
Hərdən inanc mənə güvənci xatırladır. Birisinə güvənmək, həmin şəxsə inanmaq deməkdir. Əslində bu da gerçəkliyin olduğu kimi, qavranıldığı və ya müşahidə edildiyi kimi olmasına etibar etmək deməkdir ancaq burda vəziyyət bir qədər dəyişir. İnsanın insana güvənci şəxsilik elementinə malikdir. Sizə söylənəni, göstəriləni qəbul edirsiniz, münasibətə girdiyiniz şəxsin bir şəkildə davranmasına və bunun hər zaman belə olmasına heç olmasa ümid edirsiniz. Burda artıq inanc ümidləşir, ümidlə qarışır. Məsələn, deyək nişanlınızın sizinlə yanaşı başqaları ilə də görüşmədiyinə inanırsınız. Bunu əlbəttə tam yoxlamaq üçün əlinizdə bir sübut-filan olmaya bilər. Nişanlınız ətraf mühit kimi cansız, seçimi olmayan, şəxssiz bir şey deyil. Sizin hiss orqanlarınız onu tamamən aça və anlada bilməz. Bununla yanaşı həmin şəxslə münasibətiniz ona bu cür yanaşmanı - inanmağı zəruri edir. Güvəndiyiniz zaman qarşı tərəfin davranışından əminliyiniz hiss orqanlarınızın sizə verdiyindən daha çox, şəxsi, intuitiv yanaşmaya, arzulara dayanır.
İnanc ara-sıra biliyə və ya bilgiyə qarışır. Bilgi inanc olur, inanc da bilgi. 2-1=1 olduğuna güvənmirsiniz. Bunun belə olduğunu bilirsiniz. Lakin bu halda bilik, bilgi nəyi anladır? Bunun belə olduğundan əminlik dərəcəsinimi anladır?
Ara-sıra inanc baxış bucağının bucağı altında yox olur, ona qarışır və itir. Belədə inanc şərhə dönür, şərh inanc olur. Məsələn, götürək birisinin xəstələnməsini. Bir dindar deyək bu hadisəni Allahın cəzası kimi qəbul edir və buna inanır. Bir ateist isə əksinə burda Allahın iradəsindən başqa hər şey görə bilər. Bu sadəcə bir bioloji prosesdir və s. və ia-dır ancaq fövqəltəbii qüvvənin iradəsi deyil. Hər iki halda baxış bucağı inancla qarışır, inanca çevrilir. Bəzən inanc hisslərimizi belə yönləndirir, hisslərimizin inancımıza qarışdığı sərhəd yayğınlaşır və sonunda itir. İnancmı hiss olur, yoxsa hissmi inanc olur...bilmirəm. Burda yadıma “ilan vuran ala çatıdan qorxar” sözü düşür. Əski təcrübənin bizdə yaratdığı hisslər ala çatını ilan olaraq görməyimizə, bu görüşümüzə inanmağımıza səbəb olur. Düşmənindən nifrət edən birisi çox çətin ki, düşməninin diqqətə və tərifəlayiq əməllərinin olduğuna inansın və ya bunu qəbul etsin.
İnancın bu özəlliklərini insanlar əsrlər uzunu müşahidə etmişlər. Din məhz inanca valeh olmuş insanlığın əl işi və intuitiv sənətidir. Din inanc üzərində qurulmuş, insan inancının bir məsələyə (Fövqəltəbiiyə) münasibətdə yontulması, cilallanmasıdır. İnancın məzmunu, tarixi, onun insan və ətrafla münasibətdə gəlişməsi, intuisiya, insan-inanc-gerçəklik-fövqəltəbii-anlam kimi məsələlərlə məşğul olan bir sənət varsa, o da dindir. İnanc və ümid vasitəsilə yaşamaq, başqaları ilə münasibətdə olmaq, həm əql, həm də güvənclə fövqəltəbiini anlamağa cəhd etmək və onunla münasibətə girmək sənəti məhz dində əks olunub. Fəlsəfə sizə bir çox şeyləri versə də sizə inanc, həm də fövqəltəbiiyə güvənc istəyən inanc vermir. Lakin dini inanc və bu inancın yetişdirilməsi, gəlişdirilməsi və cilalanması şəkli olan din verər. İnanca valeh olmuş insanlığın dövrü artıq bitib bir yerə qədər. Yerinə başqa şeylər gəlir.
Siz də inanırsınız. Beş dəqiqə vaxtınızı alın, düşünün nəyə, kimə, niyə, necə və nə üçün inanırsınız? İnancınızın hədləri hardadır? İnancınızdan keçmişinizə, gələcəyinizə və indinizə hansı yollar və necə uzanır? İnancınızın kimliyinizdə rolu və yeri nədir? Peşman olmazsınız...
.

No comments:

Post a Comment

gündəlikdə axtarış