Friday, August 28, 2009

Dinin araşdırılması haqqında

Ara-sıra virtual gündəliyə yazılan şərhlərdən bəlli olur ki, bəzi şeyləri aydınlaşdırmaq ehtiyacı var. Kiçicik bir yazı yazıb aydınlaşdırsam hər kəs üçün maraqlı olar düşündüm.
Çağdaş dönəmdə din, dinəbənzər sosial-siyasi, fəlsəfi təlimlər müxtəlif adlar, sahələr adı altında və fərqli metodlarla öyrənilir. Fəlsəfə və din qovşağında, dini fəlsəfə, din və psixologiya qovşağında din-inanc psixologiyası, din və sosiologiyanın, belə deyək, vusala yetişməsindən isə dinin sosiologiyası kimi sahələr boy atıb yetişib. Bundan başqa bir də dini təhsilin daxilində, yəni dini nöqteyi-nəzərdən sosial-siyasi, qeyri-dini fenomenlərin öyrənilməsinə də rast gəlinir. Bu mənada cəmiyyət dini nöqteyi-nəzərdən sosial teologiyada, çağdaş siyasi sistemlər və dinin bu barədə mövqeyi, yanaşması məsələləri siyasi teologiyada, Allahın varlığının sübutu mümkünlüyü və onun arqumentləri isə fəlsəfi teologiyada araşdırılır.


İcazənizlə, burda kiçik bir haşiyə çıxım. Birincisi, din və buna bənzər gerçəklik hallarının məhz bu şəkildə, yəni bölünərək bu və ya digər sahədə öyrənilməsi maarifçilikdən sonrakı elmi qavramların və elm anlayışının nəticəsidi. Xüsusən də 19-20-ci əsrlərdə dinlə bağlı araşdırmaların bu cür müxtəlifləşməsi və parçalanması və s. görülür. İkincisi, sözügedən yanaşma daha çox Qərb ali təhsil ocaqlarında və Xristianlıqla bağlı baş verir. Səbəbi də budur ki, Qərbin təhsil müəssisələrində dinlə bağlı istər dini baxış bucağından, istərsə də qeyri-dini, sekulyar baxış bucağından araşdırmalar sərbəst aparılır və kimsəni bundan dolayı bombalayıb partlatmırlar. Belə mühitdə Xristianlığa fərqli yanaşmalar peyda olur, bundan Xristianlıq həm yararlanır həm də itirir. Müsəlman dünyasında isə Kəlam elminə Mişel Fukonun gətirə biləcəklərini araşdıran kimsəyə rast gəlməmişəm. Nitşenin dinlə bağlı yazdıqlarının İslam üçün ortaya qoyduqları, analitik fəlsəfədəki böhranın fiqh elminə təsiri və kimin bundan necə yararlanması hələ ki çox az görülür müsəlman dünyasındakı araşdırmalarda. Entoqrafik araşdırmaların gətirdiyi suallar və s. və ia ənənəvi islam bilimlərində çox az araşdırılır və bu da başa düşüləndi. İslam dünyasının az-çox açıq düşüncəli dini aydınları da qaçıb Qərbdə yazıb-yaradırlar. Hüseyn Nəsr, Tariq Ramadan, Muqtedar Khan və s. və ia bu qrupdandı. İndi Amerikada bəzi müsəlman ziyalıların yazdığı İslam Azadlıq Teologiyası haqqında kitablar da Xristianlıqdan Islam intellektual ənənəsinə təşrif buyurub.
Bununla nə demək istəyirəm? Bununla onu demək istəyirəm ki, sözü gedən bölgü və bu bölgünün gəlişməsi, keçirdiyi böhran, post-modernizmin gətirdiyi suallar və bundan qaynaqlanan hərəkatlar əsasən Qərbdə görülür. Yaxın və Orta Şərqin və ümumiyyətlə müsəlman dünyasının az-çox Qərbin təsirinə açıq hissələrində və ya belə təsiri bir şəkildə yaşamış ölkələrdə də bu az-çox görülə bilər. Türkiyədə, Azərbaycanda, Qazaxıstanda və s. bu kimi ölkələrdə yəqin razılaşarsınız ki, dinin öyrənilməsi Sudan, Yəmən, Səudiyyə Ərəbistanı kimi dövlətlərdə olduğundan daha açıqdır.
İndi qayıdaq əsas haqq-hesaba. 19-20-ci əsrdən başlayaraq Qərbdə dinin araşdırılmasında parçalanma baş verir. Iki əsas qrup ayrılır. 1) Sekulyar yanaşma. Bu yanaşmada din insan davranışı kimi, Allaha istinad etmədən öyrənilir. Dinşünaslıq, dinlər tarixi və s. adlarla keçən sahə burdan törəyir. Avropada bu axın, yanaşma Mirça Eliadanın adıyla bağlıdı. 2) Teologiya. Din binayi-qədimdən teologiyada öyrənilib. Teologiya Allahın varlığını qəbul edir və hər hansı dinin daxilində inkişaf edib o dinin normaları çərçivəsində Tanrı, varlıq, ibadət, həyatın anlamı, insan, praktika və s. məsələləri öyrənir. İslamda teologiyanın qarşılığı Kəlamdı deyilə bilər və ya Kəlamın Xristianlıqdakı qarşılığı qismən teologiyadır söylənə bilər. Bunların fərqləri barədə daha köhnə yazılara baxın. Ancaq teologiya ilə Dinşünaslığın fərqi barədə bir misal verim ki aydın olsun. Dinşünaslıqda dini prinsiplər ehkam kimi önəmli deyil. Məsələn, Məhəmməd peyğəmbərin Aişə ilə münasibətləri, İsa Məsihin Məcdəlli Məryəmlə münasibətləri Freydin libido nəzəriyyəsini tətbiq edərəkdən araşdırılar, riyaziyyatdakı oyunlar nəzəriyyəsini tətbiq edib, bir şeylər yazarlar. Halbuki İslam Kəlamında Məhəmməd peyğəmbərlə bağlı doqmalar araşdırmaların həddini müəyyən edir. Xristianlıqda vəziyyət buna yaxındı ancaq tam deyil. 20-ci əsrin əvvələrindən, özəlliklə də Protestant teologiyasında dinin din daxlində elmi araşdırmasına qoyulan məhdudiyyətlər zəiflədildi və indi dini demək olar ki, sərbəst araşdırmalar artıq normadır. Odur ki, Xristian teologiyasında siz İsa Məsihin, Tanrının mövcudluğu haqqında dini arqumentləri sərbəst, kimsənin sizə bomba qoyub partlatmayacağına böyük ehtimalla əmin olaraqdan araşdıra, tənqid edə və əsrlərin daşlaşmış təcrübəsini rədd edə bilərsiniz.
20-ci əsrin sonlarından başlayaraq dinin öyrənilməsində böhran yaşanır. Din anlayışının qurama olduğu söylənilir, dinşünaslıqda böhran güclənir və nəticədə teologiyaya maraq qeyri-dindar araşdırmaçılar arasında artır. Hazırda teologiya ilə, (söhbət genişləndirilmiş Məsihi teologiyasından gedir) dinşünaslığın qovuşması və s. kimi yanaşmalar da təklif edilir.
Bu bloqda mən hər iki sahənin özəlliklərinə diqqət edərəkdən yazmağa çalışıram. Daha çox Məsihi teologiyasının prinsip və qavramları mənim üçün önəmlidi, çünki dinşünaslıq və dinin sekulyar baxış bucağından araşdırılması inanclı birisi kimi məncə ikinci dərəcəli fəaliyyət sahəsidi. İslamla bağlı yazılarıma gəlincə, onları islam kəlamı və ya fiqhi və s. mövqeyindən yazmıram və İslam əhkamının prinsiplərini də qəbul etmək məcburiyyətində deyiləm. Onlara sayğı duyaraqdan yazmaq isə başqa bir məsələdi ki bunu da nəzərə alıram. Bundan başqa mənim yazılarım Məsihi teologiyasına daha çox çəkir nəinki ənənəvi İslam elmlərinə və ya metodlarına
.

No comments:

Post a Comment

gündəlikdə axtarış