Heç diqqət etmisinizmi İsa Məsihə istinad etmək və ya onu müəyyən şəkildə xatırlatmaq necə də artıb bizim mətbuatda? Artıq ona həsr olunan şeirlər də var – mən özümdən danışmıram, söhbət ya sekulyar və dinlə məşğul olmayan, ya müsəlman ya da ateist və s. və ia şəxslərinn şeirlərindən gedir. Bu gün məsələn kult.az-da Əsəd Cahangirin öz yazısında İsa Məsihi xatırlatmasına rastladım. Bir neçə həftə bundan əvvəl Cavidan öz bloqundakı şeirində, Nəsimidən və İncildən (Məsihdən) alıntıları bir araya gətirmişdi. Daha öncə də Elmin Həsənlinin İsa Məsihdən, xəyatəndən bəhs edən (daha doğrusu bunları da içinə alan) şeirini oxuduğumu xatırlayıram. Bir dəfə də Xaqani Hasın bir məqaləsində - deyəsən sekulyarizmdən bəhs edirdi - İsa Məsihə istinad edilmişdi. Bunlar əlüstü xatırlaya bildiklərimdir. Bir az dərinə gedən əminəm ki, daha çox misal tapar. Beləliklə, İsa Məsih, özü də xristian mövqeyindən anlaşılan İsa Məsih, mətbuatımızda yavaş-yavaş boy göstərir.
Nəyə görə İsa Məsihə maraq gedərək artır? Mən bilmirəm. Hər halda bir çox səbəblərə görə. Şəxsiyyəti və kimliyi üzərində dünyanın ən geniş yayılmış dinlərindən birinin qurulduğu bir varlığa marağın artması gözləniləndir. Unutmayaq ki, sovet dönəmində insanların İsa Məsih haqqında bilgi ala biləcəyi qaynaqlar kifayət qədər az idi. İndi artıq Bibliya dilimizə tərcümə olunub və onu oxuyanlar da təbii ki, Məsihin İncildə təsvir olunan şəxsiyyətini, fikirlərini ideyalar mühitinə fərqli yollarla daxil edirlər.
İsa Məsih İslamda da peyğəmbər sayılır və bu da ona marağın artmasına hər halda təsir edər. Lakin etiraf edək ki, Furqanda (Quranın başqa adı) İsa Məsih haqqında az bilgi var və Qurandakı İsa Məsih xarakteri İncildə tanıdılan İsa Məsihdən fərqlənir. Onları ümumiləşdirən cəhətlər də var: məsələn, Quranda olduğu kimi, İncildə də İsa peyğəmbərin Bir İlahiyə inandığı və həmin ilahiyə insanın özünü bağışlamasını (mən bilərəkdən təslim sözünü işlətmirəm) öyrətdiyi danışılır. Ancaq Qurandakı İsa Məsih Bibliyada olduğu qədər mürəkkəbliyə, tapmacaya, gərginliyə, ikibaşlı danışıqlara malik deyil. Bir xarakter olaraqdan onun yeri və rolu bəllidir: quş düzəldib onlara həyat verib uçurtmaq, Məhəmmədin gələcəyindən xəbər vermək və özünün də müsəlman olmasını camaata anlatmaq. İncildə isə İsa Məsih quş düzəldib uçurtmur, özündən sonra konkret Ərəb peyğəmbərinin gələcəyini anlatmır və ümumiyyətlə müsəlman olduğunu söyləmir - əgər müsəlman deyiləndə sadəcə bir Allaha inanmağı deyil, həm də ərəbcə hər gün beş dəfə namaz qılmağı və s. başa düşürüksə.
Bununla belə, İsa Məsihin İncildəki öyrətisi əslində elə onun müslim və ya müsəlman olmasından, həm də özünü dramatik, radikal şəkildə İlahiyə təslim etməsindən danışır. İsa Məsihin özünü İlahiyə bağışlamağı, yəni təslim etməyi daha dəyişikdir. Onun müsəlmanlığı bu konseptin şərhinə daxilən gərginlik gətirən bir Sufi Ustadın həyatına bənzəyir. İsa Məsih əlbəttə ki, Müsəlman idi – Quran bu baxışı vurğulamaqda haqlıdır. Ancaq ona görə yox ki, o ərəbcə dua edirdi, dua edərəkən əyilib qalxırdı, Qurani-Kərimə və Şəriətə inanırdı, Allahın Oğlu olmağı iddia etməyi küfr sayırdı və Allahın təkliyini başqa şəkildə anlayan hər kəsin cəhənnəmliyi barədə fitva verirdi. Yox, sadəcə ona görə ki, o İlahiyə özünü təslim etmənin, yəni birisinin öz Ruhunu, bədənini İlahiyə bir Məbəd olaraq bağışlamasının dil, əyilib-qalxmaq haqq-hesabı olduğunu deyil, daxildən gələn və Sevgiyə dayanan bir prinsip olduğunu anladırdı və özünün İlahi ilə unikal mistik münasibətini inkar etmədən, onun təkliyinə inanırdı. Onun hərəkətlərində bu prinsip çox önəmli yer alır məncə. Məhz buna görədir ki, İsa Məsih islami terminlə deyilsə Şəriətə koru-koruna riayət etməyi qəbul etmir – İncillərin hamısında onun öz dövrünün şəriəti sayılan yəhudi dini qanunlarına qarşı davranışının gərgin, ziddiyyətli olduğu açıqca bəlli olur. Önəmli olan dəqiqləşdirilmiş qaydalara avtomatik riayət deyil – bu qaydalara rəvac verən və gərəkdiyi zaman bu qaydalardan kənara çıxmağı vacib edən prinsipdir: İlahiyə sevgi-etibar münasibəti və bu sevgi münasibətindən qaynaqlanan özünü Ona bağışlamaqda ifadə olunan həyat tərzi. Əgər gərəkirsə, bu ölü qaydaları dəyişmək də olar, yetər ki, içdəki prinsip səmimi, sevgi və mərhəmət dolu olsun. Bax bu, İsa Məsihin müsəlmanlığıdır. Bax bu, onun sufiliyidir.
Məncə bu gərginlik, bu xarakter mürəkkəbliyi və ərəblərin gətirdiyi İslamdakı kimi müsəlman olmadan özünü İlahiyə bağışlayan birisi – müsəlman daha doğrusu İlahiyə münasibətdə Barışqan olmaq bacarığı onu Azərbaycan yazarları üçün maraqlı edən səbəblər arasında yer alır. Başqa sözlə deyilsə, İncildəki İsa Məsihi anlatmaqla, bir yerə qədər yazarlar cəmiyyətimizdə tək İlahiyə təslim olmanın İslama alternativ yolunu da anladırlar...
No comments:
Post a Comment