Sunday, August 30, 2009

Onu bağışlamaq olarmı?

N.Kamalın yaxşı bir şeiri var: “Allahı bağışlama”. Xoşuma gəlir o şeir. Niyəsi də budur ki, ədəbi-poetik dəyəri bir yana, çox maraqlı bir teoloji haqq-hesaba toxunur. Ancaq Azərbaycan portallarında ara-sıra həmin şeirlə bağlı şərhlərdə çox fərqli və emosional bəzən də kinli fikirləri görürəm. Məncə həmin şeiri Azərbaycanın “ə zəbər ə” sistemi ilə çalışan mədrəsələrində və əgər xristian təhsil ocaqları varsa onlarda öyrətmək lazımdı – case study kimi. Case study sözünü necə tərcümə etmək olar...belə razılaşaq...olqu yönümlü öyrəti kimi. Olqu yönümlü öyrəti olaraqdan həmin şeir bir din xadimi və ya ümumiyyətlə dindar üçün mütləq maraq doğurmalıdı. Ona görə ki, həmin şeirdə bir çox dinlərin, çarpışdığı teoloji bir problemə toxunulur. Ola bilsin ki, N.Kamal həmin şeiri yazarkən əslində teoloji haqq-hesabla bağlı öz fikirlərini ifadə etdiyi heç ağlına gəlməyib. Ola bilsin ki, N.Kamal teodisiya sözünü də heç yerli-dibli eşitməyib. Ancaq psixoanalitika sözünü eşitməyən birisinin yazdıqları həmin yazıların psixoanalitik yöndən araşdırılmasına maneə olmadığı kimi, N.Kamalın da həmin sözü eşitməməsi onun şeirinin teoloji baxış bucağından tədqiqinə maneə olmamalıdır. Azərbaycanda zamanla ayaqlaşan, gərəkdiyi halda zamana qarşı duran, ağzını əyə-əyə ərəb-fars terminlərini binəva camaata sırımayan, ziyalı, mübahisə və müzakirə mədəniyyətinə malik, dərin və müstəqil fikir formalaşdıra bilən din xadimlərinin yetişdirilməsi üçün buna bənzər mədəni-ədəbi, şou-biznes, kütləvi mədəniyyət olayları mütləq teoloji-nöqteyi nəzərdən araşdırılmalı və dini təhsil müəssisələrində öyrədilməlidi. 7-8 əsr bundan öncə yazılmış dini traktatlarla müasir məsələləri dəyərləndirib adamların kafirliyi haqqında fitva verməzdən öncə, çağdaş dönəmin hadisə və hərəkatlarını elə bu dönəm insanının qavramları, metodları və vasitələri ilə anlamağı, öyrənməyi və ifadə etməyi bacarmaq lazımdı. Bunun üçün isə yalnız İbn Teymiyyədən və ya İohann Skotusdan oxumaq yetməz. Bunun üçün həm də ədəbi tənqiddən, müasir fəlsəfədən, çağdaş sosiologiyadan və s. və ia öyrənməyə gərək var.

Teodisiya iki sözün birləşməsindən yaranıb: Teos-Allah və dike-ədalət. Xristian teologiyasında bu söz Tanrının ədaləti postulatı ilə dünyadakı ədalətsizlikər və ədalət arasında münasibəti araşdıran sahəni bildirir. Tanrının ədaləti nədir? İnsanlığın başına gələn bu qədər ədalətsizlikərə Tanrı necə qatlanır? Ümumiyyətlə Tanrıya münasibətdə belə sualların qoyulması nə dərəcədə doğru-düzgündü? İnsanın ədaləti, Tanrı ədaləti və şər qavramı bir sosial gerçəklik kimi necə əlaqəyə girir? Konkret Həsənin, Hüseynin başına gələn bədbəxtliklərlə Allahın ədalətinin nə əlaqəsi ola bilər? Mənim qardaşımın günahı nə idi ki, Allah onun ölümünə izn verdi? Biz nə günahın yiyəsiydik ki, Xocalıda o qədər insanı itirdik? Ümumiyyətlə bunca faciələri yaşamaq üçün bizim mütlət günahkar olmamız gərəkdi? Xocalı çöllərində zorlanan beş yaşlı qızın başına bütün bunlar niyə gəlməliydi? Məgər Allah bütün bunları görmür? Heç belə Allaha ədalətli demək olar? Burda sualları dayandıraq və sizə soruşaq: belə suallar sizi düşündürüb? Əgər buna bəli cavabı versəniz, o zaman sizi təbrik etmək olar: siz teodisiya ilə artıq tanışsınız. N.Kamalın həmin şeirində buna bənzər məsələlər bir prizmadan, bir şəxsin düşüncəsindən süzülərək bir şəkildə, bir özünə bəlli məqsədlə əks olunur. Yoxsa haqq-hesab sadəcə pişiyin ölümü, sarının yerinə qara saç, küfr və s. deyil. Məncə həmin şeirlə bağlı dini baxımdan istər nəzəri, istərsə də sırf praktiki suallar qoymaq olar. Bəzilərini mən yazım, vaxtınız və marağınız olsa, siz düşünün.
1) Cəmiyyətdə yolverilən (nə olar) və yolverilməyənin (nə olmaz) münaqişəsi tabu və sıradan olan nəsnənin biri-birinə münasibəti bu şeirdə özünü göstərirmi? Göstərirsə, o zaman nədə və necə?
2) Şəxsin özünüifadə azadlığı xüsusən də sənət və incəsənət sahəsində cəmiyyətin və fərdlərin inanc və dəyərlərinə nəzərən bir sərhəddə malik olmalıdırmı? Olmalıdırsa niyə və necə? Sözügedən şeir belə məsələni aktuallaşdırırmı? Eyni sualı başqa şəkildə də qoymaq olar: cəmiyyət şəxsin özünüifadə azadlığına münasibətdə özünə necə və hansı şəkildə məhdudiyyət tanımalıdı?
3) Sözügedən şeir gerçəkdən belə bir məsələni sırf teoloji problem kimi qaldırırmı: Allahı bağışlamaq mümkündürmü? Tanrı və insan münasibətlərində bağışlamaq və bağışlanmaq birtəfərlimidir (Allah bağışlayır, insan bağışlanır, yoxsa həm insan da Allahı bağışlaya bilər?)?
Bu suallar əlbəttə şeirlə bağlı qoyulması mümkün məsələləri tükətmir.
Sadəcə demək istədiyim budur ki, çağdaş din xadimləri istər Xristian, istər müsəlman olsun, sosial-siyasi həyatda baş verənlərlə bağlı öyrənməli, öyrədilməli və sivil yollarla topluma, dinlərinə töhfə verməyi bacarmalıdırlar
.

No comments:

Post a Comment

gündəlikdə axtarış