Thursday, July 28, 2011

Tarazlıq İfratçılığın Əksi Kimi

İnancınızın necəliyinə bağlı olmadan istənilən hər hansı istiqamətdə ifrata varmaq məncə yolverilməzdi.  Ola bilsin, Allaha, Tanrıya sizdən çox inanan yoxdu yer üzündə, ancaq bu inancınız sizi başqalarına düşmən edirsə, adamlara yuxarıdan aşağı baxmağa haqq verirsə, gec-tez çirkaba yuvarlanacaqsınız. Ola bilsin, Allaha, Tanrıya inancınızda gerçəkliyi, dəyişən zamanı göz önünə alırsınız, o qədər ki, sizdən daha yaxşı inancını ortama, dövrə görə yaşayan da yoxdu.  Amma bu cür liberal yanaşma maraqlarınıza uyğun yeri gələndə öz inancınıza etinasız davranmağa əsas verirsə, inancınız da sözdən uzağa getmirsə, yenə gec-tez çirkaba yuvarlanacaqsınız.

Friday, July 15, 2011

"Sənə yar, səndən yar, şikayətim var"

Bibliyanın önəmli özəlliklərindən biri İlahi ilə insanlar arasındakı əlaqələri nüansları ilə ifadə etməsidi. Bir çoxlarımız Allah haqqında şikayəti, incikliyi adətən güncəl həyatda İlahiyə inanmayanların dilindən eşidərik və belə olması gərəkdiyini düşünərik. Sanki Tanrıya inanan adam İlahidən inciyə bilməz və ya onların inancı şikayətlənmələrini önləyir. Ancaq iş burasındadı ki, həyat bizim görmək istədiyimiz kimi deyil. Çox inanclı, gerçəkdən səmimi insanların da bəzən Allaha şikayət etmələri, daha doğrusu Allahın özünə, Allahın özündən şikayət etmələrinə rast gəlmək mümkündü. Bibliya həm də bu cür səslərə yer verir, onları tanıyır və onları insanla Yaradan arasındakı münasibətlərə gətirir. Şəxsən mən özüm şikayətlənməyi sevməsəm də, ara-sıra bütün inananlar kimi mən də suallar qarşısında çaşıram, gerçəkliyin ağır paradoksları məni də əzir. Haqsız gördüyünüzü, İlahinin ədaləti haqqında inancla barışdıra bilmirsiniz, ancaq sualı, parakdoksu gözardı etmək də mümkün olmur. Mən bu cür şikayətləri “uman yerdən küsərlər” baxış bucağından və ya Füzulinin dediyi kimi, “sənə yar, səndən yar şikayətim var” şəklində qavrayıram. Aşağıda bu cür nisgil sərgiləyən məzmurlardan (Məzmur 22:1-15) bir örnək verirəm (azerincil.net səhifəsindən alınıb).

gündəlikdə axtarış