Sunday, August 30, 2009

Tanış olun: "Özündən qabağa qaçma!"yan kimdi?


Əziz bloq ziyarətçiləri!
www.filosof.azeriblog.com bloqunun müəllifi Müşfiq bəydən aldığım müsahibəni təqdim edirəm. Qısa dönəmdə maraqlı bloq yarada bilən müəlliflə tanış olun. Müşfiq bəyə müsahibə verdiyi üçün təşəkkür edirik.

---------------------------------------

Suallar:
1)Özünüzü təqdim edin: kimsiniz, hardan gəlib hara gedirsiniz, fəlsəfə ilə necə tapışdınız və onu dinlə necə bir araya gətirirsiniz? Mən biləni, onları çox qarşı-qarşıya qoyurlar. Sizsə əksinə inancla yoğrulmuş fəlsəfə(sayağı) yazırsınız bloqunuzda. Xeyir ola?

Müşfiq Şükürov, bilmirəm hardan gəlmişəm və bilmirəm hara gedirəm. Və bundan da narahatam. Fəlsəfəyə marağımı əsgərlik illərimdə (1986-88) tanımağa başladım, “Oqonyok” jurnalını mütaliə eləyə-eləyə. Və 90-cı illərin əvvəlində filosof Asif Atanı tanıyandan sonra isə özümü bu sahəyə həsr etmək fikrinə düşdüm. İxtisasım mühəndislik idi, buraxıb getdim fəlsəfənin dalınca. Yaxşı ki, 2001-də müdafiə edə bildim. Yoxsa yaxınlarımın gözündə avantürist imicində qalacaqdım. J Əslində ateistik olsa da. Asif Atanın fəlsəfəsi ruhani fəlsəfə idi. O mənə hindliləri, sufiləri oxumağa həvəsləndirdi. Sağ olsun. Amma Asif Ata dinlə döyüşən idi. Biz tələbələrinə də bunu aşılaya bilmişdi. Demoqogik arqumentlərə əsaslanırdı onun dinə qarşı mövqeyi. Onun ölümündən (1997) sonra tədricən onun Ocağından uzaqlaşdım. O illərdə dayağımı L. Tolstoyun və Oşonun kitablarında aradım. Çox şey öyrəndim onlardan.Yoqa ilə maraqlanırdım. Və qəfildən, hardasa iki il əvvəl bir qəribə dostumun köməyi ilə (Əlidir adı) qəribə şəkildə özümçün islamı kəşf etdim. O islamda ki, həmişə cəhalət və xurafatdan başqa bir şey görmürdüm. Quran oxumaqla Allahın elmini mənimsəmək ideyasını da dostum öyrətdi mənə. Əvvəlcə bunu primitivlik sayırdım. Quranın kələ-kötür dili məni yaxın buraxmırdı. Amma sonra bir gün Nur surəsini oxuyanda ayələrin arxasındakı hikmət yaxaladı məni. Ondan başladı. Neçə ilərdən bəri daxilimdə hiss eləmədiyim psixodinamik dəyişikliklər başlandı. İnkişaf eləməyən ağac quruyur. Uzun illər bezmişdim qurumaqdan. J İslam – şəfadır.
XX əsrdə filosoflar arasında yaranmış “mejdusoboyçik” nəticəsində belə bir əsassız aksiom yaranıb ki, din və fəlsəfə bir-birinə qarşıdır. Çünki XX əsrin əksər filosofları ateist idilər (Marks, Freyd, Sartr, Nitşe...).


2) Bloqunuzun şüarımı desəm, prinsipimi desəm, “özündən qabağa qaçma”dı. Niyə “özündən qabağa qaçma”? Nədir bu? Öz nədir ki, ondan da qabağa qaçmaq olsun hələ?
Özündən qabağa qaçmaq mənim problemimdir. Özüm üçün yazmışam. İnsan həmişə olduğundan ağıllı, olduğundan əxlaqlı, olduğundan cəsarətli görünmək istəyir. Sənin bu anketin də bir sınaqdır, mənə.:)

3) Niyə bloq yazırsınız?
Filosofluq edirəm.

4) Yəqin üzərində çox düşünmüsünüz bu sualın: niyə yaşayırsınız? Şəxsən sizin həyatınızın anlamı nədi?
Həyatımın ayrı-ayrı vaxtlarında bu suala müxtəlif cavablar verərdim yəqin. İndi Allahın mərhəmətini qazanmaq ümidi ilə yaşayıram. Axirətdə uduzanlardan olmaq istəmirəm. Ömrüm sürətlə sonuna doğru yaxınlaşmaqdadır. Bir şey etmək lazımdır.Mənimçün həyatın anlamı nəyi yaxşı bacarmaqla bağlıdır. Ən müxtəlif peşələrdə özümü sınamışam. Ən yaxşı filosofluq alınır məndə (ən böyük ləzzəti də ondan alıram). Deməli, Allah məni düşünmək və insanları düşündürmək üçün yaradıb. Blog fəaliyyətimin ali mənası da budur.

5) İndi çox post-modernizmdən danışılır. Sizcə həqiqət varmı? Varsa onu necə bilmək olar?
Postmodernizm haqqında danışmaq indi müasirlik əlaməti sayılır. Mənə çatmır onların qayğıları. Əxlaqları da göz qabağında. Həqiqət var. Amma idraki tərbiyəsi uşaq bağçasından pozulan müasir insan onu mənimsəməyi özünə sığışdırmır. Təkəbbürlü idrak aşılanır bizə cəmiyyətdə.Həqiqət Allahın Lütfü olaraq insanlara verilmişdir. O, əlçatan yerdədir. Və bəlkə elə buna görə də onu tapmaq çətindir. Quranı açın, Allahın dilini anlamağa səy göstərin.

6) Kimləri və hansı dil(lər)də oxuyursunuz, nəyi\kimi (musiqi) dinləyirsiniz və hansı/necə filmlərə baxırsınız və niyə? Oxuduğunuz, dinlədiyiniz, baxdığınız zaman nəyə və niyə fikir verirsiniz?
Əsasən rus və son illər ingilis dilində mütaliə edirəm. Amma son iki ildə işlə bağlı olmasa özüm heç kimi oxumaq həvəsində deyiləm. Nə qədər uşaq idim, gənc idim, böyüklərdən öyrənmək, güclü olmaq istəyirdim. 40 yaşdan sonra mütaliə mənasını itirdi birdən birə. Kimdən, nə öyrənəcəm? Mənim kimi bilməyənlərdir hamısı.Allahın kitabları başqa məsələ. Allah biləndir. Qurani hər gün oxuyuram, bir-iki bəzən çox səhifə. Ürəyim Allahın hikmətində aram tapır yalnız. Gita, Bibliya, Buddanın Dhammapadaları da daim açdığım və sevə-sevə zikrinə daldığım kitablardır. Həyatımda bir neçə nəfəri oxumuşam, uzun illər yoldaşlıq etmişəm onlarla. Asif Ata, Lev Tolstoy, Taqor, Oşo. Sonra anladım ki, onların mənə həlledici təsirləri olub. Oxuduqlarımda ruhani kamilləşmə məsələləri cəlb edib məni daima. Zəifliyimdən, qüsurlarımdan qurtulmağa yollar axtarmışam.Tarda çala bilirəm. Muğamı ciddi ruhani musiqi hesab edirəm. Hind musiqisinin heyranıyam. Simfonizmi az-çox tanımağa cəhd göstərmişəm. Ən çox P.Çaykovskidən təsirləndim (6-cı simfoniyasından). İncə və səmimi ruhu olub onun. İnsan faciəsini yaşatdıran musiqiləri çox sevmişəm. Son zamanlar zikr musiqilərini daha çox sevirəm.Vaxtaşırı bəzi müğənnilərin səsinə vuruluram. Onda aylarla həmin insanların yaradıcılığına, bioqrafiyasına varır və nəticədə musiqinin, mədəniyyətin, həyatın mənə məlum olmayan ayrı-ayrı qatları barədə müəyyən məlumatım yaranır.Uşaqlıqdan bəri A.Puqaçova, M.Matye, V.Vısotski, P.Kaas, M.Maqomayevin vurğunu olmuşam. JMənim üçün mədəniyyət də, tarix də, ədəbiyyat da, incəsənət də insanlardır. Bir neçə insanı dərindən tanımaqla bir əsri tanımaq olar. İnsandan maraqlı heç nə yoxdur.Kinoda Çaplindən sonra heç kimin iş üslubuna vurula bilmədim. İndi də baxanda hiss edirəm ki, necə bir yaradıcı həvəs və fantaziya ilə gəlirmiş Çaplin çəkilişlərə. Köhnə rus-sovet filmlərinə baxmağı xoşlayıram. İndi ölmüş insanların sifətlərindəki sevinci, kədəri müşahidə etməkdən, zamanın ötəriliyinə təəccüblənməkdən həzz alıram.Sületə-zada fikir vermirəm daha.

7) Öz ixtisasınızdan əlavə hansı sahələrlə maraqlanırsınız? Hobbiniz varmı?
Əsas ixtisasım, mühəndis elektrik olub. Sonra fəlsəfi dərəcə almışam. Rəssamlığı çox sevmişəm. Pis çəkmirdim. V.Qoqun, P.Qoqenin, Rembrantın, Levitanın və Rerixin yaradıcılığını xüsusi ilə bəyənmişəm. Hobbim fəlsəfə olub, indi onu işə çevirdiyimdən özümü tətilə çıxmış adam kimi hiss edirəm.

8) Əql, din, fəlsəfə, inanc (geniş mənada): bunların arasında əgər konkret məsələdə, situasiyada konflikt olarsa, hansına, necə və niyə üstünlük verirsiniz?
Qurana ağlımdan çox etibar edirəm. Bəzən kənardan bu, bəzilərinə ağılsızlıq kimi görünsə də. Amma mən öz ağlımın imkanlarını az-çox öyrənmək imkanı əldə etdim, fəlsəfə ilə məşğuliyyətlər zamanı. Odur ki, əminliklə deyə bilərəm - mənim ağlım heç nə bilmir. Onun Allahın yardımına ehtiyacı var. İndi ağlımı Allahın Quranda mənə aydınlaşdırdığı hədlər əsasında yenidən qurmaqla məşğulam. Ən böyük Alimin elminə söykənməyə çalışıram ki, qaranlıq məni udmasın.Bax, belə bir sadə startegiya. J

9) Acıqlandığınız və ya kənar gəzdiyiniz, nifrət etdiyiniz nələr, kimlər və ya nə kimi tiplər, xüsusiyyətlər, şeylər var?
Əvvəl bu suala uzun bir siyahı ilə cavab verərdim. İndi bilmirəm. Elə axmaq cəhət yoxdur ki, onun ya özünü, ya da cücərtilərini özümdə görməyim. Nifrət üçün gərək özünü az tanıyasan. Elə-belə ani qəzəb məqamları olur. Bir-iki dəqiqə sonra özümün də heç yaxşı olmadığımı görürəm. Allahdan bağışlanmaq diləyirəm. Bezdirmişəm Onu da deyəsən J

10) Ən çox sevdiyiniz gülməcə, üzərində ən çox düşündüyünüz faciə? Onları danışın.
Lətifəbaz deyiləm. Amma məni güldürmək o qədər də çətin olmur. Güləndən sonra unuduram lətifəni. Onu kiməsə danışmaq niyyəti daşımıram.Ən çox Çaykovskinin 6-cı simfoniyasında verilən faciəyə ağlamışam. Bir də Motsartın Rekviyemi həyəcanlandırır. İnsan həyatının ölümlü və məhdud olması, arzunun şirinliyi müqabilində ona çatmağın mümkünsüzlüyü... bu kimi mətləblərin dərki üzərində qurulan faciələr.

11) Son sual: bizə/bloqumuza söyləyəcək sözünüz, soruşacaq sualınız?
Blogunuz Allahın sözünün çatdırılması üzərindədir. Şübhəsiz ki, Tövrat da, İncil də Allahın sözüdür. Bu barədə Quran müsəlmanlara dəfələrlə xatırladır.Blogunuz maraqlıdır, çünki arxasında düşünən və müasir səviyyədə təhsil almış insan dayanır. Kilsənin ehkamlarındansa (onların ilahi mənşəyinə az inanıram) Allahın sözlərinin aydınlaşdırılmasına həsr olunan qısa yazı-replikalarına ehtiyacım var. Həm müzakirələr yaradar, həm maariflənmə. İnsanlar Allahın həddlərini tanımırlar, ona görə də həyatları xaosa qərq olub. Allahın ayələrinin insanlara çatdırılması işində Allah özü köməyimiz olsun.

İzhar (исповедь) xristianlığın yaxşı kəşflərindəndir. Tövbə və insanın qiyamətdəki sorğu-suala hazır olması üçündür. Suallar izhar halına saldı məni. Allah keçsin günahımdan həddimi aşdımsa.

No comments:

Post a Comment

gündəlikdə axtarış