Dini təhsil kontekstində biri-biri ilə münasibətə girən öyrədən və öyrənən şəxslər arasında münasibət, sekulyar təhsil müəssisələrindəkindən az-çox fərqlənir. Əlbəttə hər zaman, hər yerdə və hər şəkildə deyil. Ancaq belə fərqlər var və bu fərqlər də təhsilin məzmunundan, onun digər xüsusiyyətlərindən törəyir. Sekulyar, institutlaşdırılmış təhsil müəssisələrində verilən təhsilin əsas məqsədi informasiyanı bir nəsildən, digər nəsilə ötürmək və çörək pulu qazanmaq üçün insanlara vasitə vermək və dolayısı ilə insan hazırlamaqdı. Daha da geniş söyləməyə çalışsaq, sekulyar təhsildə məqsəd, insanı cəmiyyətdəki özü üçün müstəqil həyata hazırlamaqdı və bu da informasiyanın ötürülməsilə baş verir. Bu arada öyrənən bəzi əxlaqi, şəxsi peşə, keyfiyyətləri əldə edir: araşdırma aparmağı öyrənir, yaradıcılığını gəlişdirir, təhsildəki qeyri-formal münasibətlərə alışır və s. Bu təhsildə əxlaq, şəxsi nümunə olmaq kimi özəlliklər var və bunu inkar etmək, bəsit desək axmaqlıq olardı: mənim sekulyar məzmunlu təhsili sadəcə informasiya ötürülməsinə müncər etmək məqsədim yoxdu. Lakin sekulyar, institutlaşdırılmış təhsildə əsas məqsəd öyrənən və öyrədən arasında şəxsi, dərin, İlahiyə inanc kontekstində biri-birinə açılmaq deyil. Bu ola bilər. Ancaq ümumi qayda kimi deyil, qaydadan istisna hesabına. Misallarla fikrimi belə izah edə bilərəm.
Əgər siz Azərbaycanın universitətlərindən birində deyək ki, kimya öyrənirsinizsə, sizə kimya dərsi verən çox ağıllı, savadlı müəlliminizin həyatda həm də nizamlı olub-olmamasının, qaraqabaqlığının, kimyaya o qədər də dəxli yoxdu. Onun bu və ya digər özəllikləri sizinlə onun münasibətlərinizə təsir edir, ancaq bu təsir kimya ilə bağlı təhsildə mərkəzi mövqe tutmur. Müəlliminizin yaxşı şəxsi keyfiyyətlərə malik olması arzuolunandı, ancaq bunsuz da birtəhər keçinmək, ideyaya görə, olur, hərçənd təhsilin səviyyəsi bundan təsirlənir. Təhsil standartları müəlliminizin şəxsi keyfiyyətlərinin dərsə olan mənfi təsirini bir az da olsa zəiflədir. Eyni şeyi sizin tarix müəllimi haqqında da demək olar, ancaq burda vəziyyət bir qədər dəyişir. Tarix müəlliminizin məşğul olduğu sahə dəyişikdir. Onun öyrətdiyi predmetə münasibəti, tarixi hadisələrla bağlı şəxsi hissləri onun sizinlə münasibətinə və təhsilinizə daha çox təsir edir, nəinki kimya sahəsində. Lakin, bu halda da tarix təhsilində əsas məqsəd sizdən şəxsiyyət yetişdirmək deyil, sizə tarixlə bağlı bilgiləri vermək, sizdən tarixçi hazırlamaqdı. Ümumilikdə isə, təhsilin məqsədi şəxsiyyət hazırlamaq ola bilər: ayrı-ayrı sahələrin məqsədlərinə gəldikdə bu dəyişir bir az.
Eyni şeyi standartlaşdırılmış, institutların ümumiləşdirici və nizamlayıcı təsirinə məruz qalmış dini təhsil haqda da demək olar. Ancaq burda vəziyyət bir az da qəlizləşir. Müəllim – tələbə münasibəti bu cür dini təhsildə daha çox şəxsi keyfiyyətlərdən təsirlənmək özəlliyi qazanır. Dini təhsil müəssisələrində müəllim və tələbə biri-birilə həm də inanc səviyyəsində əlaqədədi (eyni bir dini icmanın, ümmətin üzvləri kimi). Başqa sözlə desəm, siz universitetdə xristian kimya müəllimindən müsəlman kimi kimya öyrənə bilərsiniz. Sizin tarix müəlliminiz dincə buddist ola bilər, sizsə xristian. Ancaq dini təhsildə bu belə deyil. Həm öyrənən, həm də öyrədən müsəlmandı (məsihidi) və öz inancları onları biri-birinə bağlayan əlaqələrdi və təhsilin obyektidi (söhbət sekulyar təhsildəki dinşünaslığın öyrədilməsindən yox, dini təhsil müəssisələrində din xadimlərinin öyrədilməsindən gedir). Əgər kimya, tarix təhsilində inanc müəllim-tələbə münasibətində əlavə əlaqə, bağ halına gəlmək imkanından bir qayda olaraq məhrumdursa, dini təhsildə bu belə deyil. Əlavə edək ki, dini təhsil və dini bilgilər, həm də hissi, emosional komponentə malikdi.
Dini təhsilin bu özəlliyi, yəni inancın, dini bilginin sadəcə təhsil obyekti kimi deyil, həm də müəllim-tələbəni bağlayan əlavə bağ və bundan daha çox olması özəlliyi, dini təhsilin özəl, institutlaşdırılması zəif olan və ya mümkün olmayan bir şəklində daha çox vurğulanır və mərkəzə çəkilir. Gəlin həmin bu təhsil şəklini fərdi-şəxsi dini təhsil adlandıraq. Fərdi-şəxsi dini təhsildə öyrədən və öyrənən arasındakı münasibət ustad-şəyird münasibəti kimi xarakterizə oluna bilər. Belə münasibət müəllim-tələbə münasibətini öz içinə alır, ancaq daha genişdi. Başlıca fərq ondadı ki, ustad-şəyird əlaqələrində öyrənən - öyrədən münasibətlərinin şəxsiləşməsi, dərinləşməsi və unikallaşması baş verir və tərəflərdən biri-birinə qarşı dərin güvənc tələb olunur. Belə təhsil isə bir otağa 10-15 adamı yığıb onlara din dərsi verməklə olmaz. Belə təhsil tam standartlaşdırılmaz və institutlara sığdırılması da tam mümkün deyil. Fərdi-şəxsi dini təhsil illər uzunu zaman alır, ustad və şəyird arasında dərin, yalnız onlara xas, münasibətlərin gəlişməsi və saxlanması hesabına formalaşır. Ustad-şəyird münasibəti çox və gərgin yatırım gərəkdirdiyinə görə, hər iki tərəf üçün biri-birinə bağlılıq, hörmət, sevgi, güvənc istəyir və bir qayda olaraq belə münasibətlərə girənlərin sayı məhdud olur. Bir universitetdə 30-40 şəxslə bir insan il uzunu müəllim-tələb kimi münasibətə girib dərs verə bilər, lakin bir ustad bir il ərzində 10 adamla belə tam ustad-şəyird münasibəti qura bilməz. Məncə mümkün deyil. 10 adamın hamısı ilə dərin və güvənc istəyən, şəxsi münasibətə girmək, münasibətləri çox yaxın dost səviyyəsinə qədər gəlişdirmək və bu kontekstdə sadəcə dost, sirdaş deyil, müəllim özəlliyini də qoruyub saxlamaq asan deyil. Asan olmadığı kimi psixoloji baxış bucağından yanaşsaq çox yorucu, əzici olmalıdı. Bu isə fərdi-şəxsi dini təhsil deyil, ona parodiyadı. Fərdi-şəxsi dini təhsil həm də daha çox zaman alır. Əvvəla, bu təhsil tərəflərin biri-birinə və İlahiyə güvənc, inanc kontekstində Allahı birlikdə tanıması və öyrədənin öz İlahiyə yaxınlaşma təcrübəsini öyrənənə verməsi, etibar etməsi üçün onların biri-birini bütövlükdə, bir bütöv şəxsiyyət kimi tanımasını tələb edir. Bu isə, hər gün 60 dəqiqə sinifdə oturmaq və mühazirə dinləməklə 4-5 il içində olmaz. Bunun üçün ustadın və şəyirdin birlikdə zaman keçirməsi, biri-birini fərqli şəraitlərdə müşahidə etməsi və biri-birinin həyatında fərqli şəkillərdə iştirak etməsi lazımdı. İkincisi, fərdi-şəxsi dini təhsil bir insanın (ustad) öz insanlığını, dini həyat təcrübəsini, sirrləri problemləri ilə birlikdə dini inanc kontekstində başqa insana etibar etməsi və başqa birisinin də (şəyird) həmin bu şəxsi belə bir bilgini, inancı, insanlığı öyrətmək və ondan mənimsəmək üçün ləyaqətli, dəyərli hesab etməsi və ona etibar etməsini tələb edir. Bu isə kifayət qədər uzun zaman istəyir.
Fərdi-şəxsi dini təhsildə ustadlə şəyirdi arasında heç bir mərhələdə vasitəçi olmur. Bu təhsildə tək vasitəçi yəqin ki, inancdı. Halbuki digər təhsil sistemlərində müəllim – tələbə arasında vasitəçilər var. Məsələn, universitetə girməzdən əvvəl dövlət imtahanları təşkil edir və sizin müəllimə girişiniz ancaq o imtahanda keçməklə baş tutur. Əgər imtahanı keçmisinizsə, müəllim sizə dərs verməyə məcburdu. Siz də ondan dərs almağa məcbursunuz bir yerə qədər çünki institut, universitet onu sinifə göndərir. Müəllim – tələbə münasibətində təhsilin məzmunu və xarakteri də az-çox dövlət və s. tərəfindən müəyyənləşdirilir. Fərdi-şəxsi dini təhsildə vəziyyət başqadı: siz və ustad razılaşmadan sonra biri-birinizi qəbul edirsiniz. Siz istəməsəniz onun şəyirdi olmayacaqsınız. O da istəməsə, sizin ustadınız olmayacaq. Siz onu, o da sizi seçir. Fərdi-şəxsi dini təhsilin məzmunu da münasibətə girən tərəflərin şəxsiyyətinə, inanclarına bağlı olaraqdan, unikaldı, dəyişir bir yerə qədər və dəyişikliyə açıqdı – dövlət sizə proqram verib, həmin proqramda nəyi, harda, necə hansı mövzudan sonra və nə qədər müddətə öyrətməyi təyin etmir.
Çağdaş cəmiyyətlərdə birinci təhsil şəkli (umumi, standartlaşdırılmış, institutlaşdırılmış, formal), ikincini (fərdi-şəxsi, dini) üstələyir. Bunun da fərqli səbəbləri var. Güc dövlətdədir və onun standartları, onun kimi müəllim, nəyi təhsil hesab etməsi və necə metodla öyrətməsi sizin öyrəndiyinizin təhsil hesab olunub-olunmayacağını təyin edir. Çoxlar isə gələcəyi ilə oyun oynamaq istəmir. 4-5 il ilahiyyat fakultəsində təhsil almaq və ilahiyyat dərsi vermək indi daha məqsədyönlüdü. Bunun nəticəsində dönəmimizdə fərdi-şəxsi dini təhsilə rast gəlinmir: o artıq tarix olub. Yalnız özü üçün, ruhunu gəlişdirmək istəyən və buna imkanı, şəraiti olan insanlar belə təhsil şəklinə müraciət edir. İnsafən, elə belə də olmalıdı, çünki fərdi-şəxsi dini təhsil sadəcə təhsil deyil, həm də iki və ya məhdud sayda insanın biri-birini inanc kontekstində ruhun gəlişməsi məqsədilə dərindən və çox yaxından tanıması cəhdidi. Ancaq keçmişdə belə təhsilə daha çox rast gəlinərdi.
Məncə hər iki təhsil önəmlidi, hər iksinin özünə görə yeri var. Lakin söhbət ruhi gəlişmənin yuxarı pillələrində olanlardan və onların təhsilindən gedirsə, bunu artıq kütləvi təhsillə etmək olmaz əlbəttə. Bunun üçün bir ustada şəyird olmaq ehtiyacınız var. Çünki ancaq bu cür münasibətlərdə inanc sizi daha dərinə götürmək və dərin münasibətlərdə Tanrını yaşamaq üçün biri-birinizə açmaq potensialına malikdi.
No comments:
Post a Comment