Ancaq gəlin bir anlığa Quranı, Bibliyanı buraxaq və ümumiyyətlə şifahi söyləyişin yazıya keçməsinin və yazılaşdırılmasının səbəbləri və nəticələri haqqında bir – iki fikir yürüdək. Niyə şifahi vəhyləri yazıya alıblar və onlar yazılı vəhy, sonra da kitab halına gəlib? Ən ümumi mənada iki səbəb görə: Əvvəla yazının önəmi gedərək artıb və yazı əhəmiyyətli funksiyalar daşıyıb. Söhbət əlbəttə də köçəri ərəblərdən deyil, onlardan çox öncə yazıya önəm verən və yazmağa başlayan ibranilərdən gedir. Yazının sarayda və az-çox sosial həyatda önəminin artması ona güc verir və onu sosial informasiyanın, ənənənin, mənəvi simvolların nəsildən-nəsilə ötürülməsinin önəmli kanallarından birinə çevirir. Bu bir ümumi səbəbdir. İkinci ümumi səbəb şifahi vəhyin itirilməsi və tamamən dəyişdirilməsi təhlükəsidir. Bu iki səbəb bir arada vəyhin yazıya alınmasına səbəb olur. Lakin şifahi müqəddəs ənənənin yazıya alınması əlbəttə ağrısız keçmir və bir günə həll olunan iş deyil. Şifahi ənənənin davamçıları ilə, vəhyi yazıya alıb onu öz inhisarına alan mirzələrin mübarizəsi, müqəddəs vəhyi ifadə edən paralel ənənə kanalları (yazılı və şifahi) hamısı Bibliyada iz qoyub. Şifahinin yazıya alınması ilə vəhydə bir şeylər dəyişir.
Şifahi nitq və onun bir parçası olan şifahi vəhy canlıdır, söyləndiyi şəraitlə əlaqədədir və onu söyləyənin şəxsiyyətini geniş kontekstin içinə alır və hər zaman birbaşadır. Şifahi vəhy onu söyləyəndən və onun birbaşa kontekstindən kənarda anlaşılmaz. Çünki şifahi vəhyin söylənməsi və deməli o anda canlanması və duyulması üçün söyləyənin və dinləyənin və bu vəhyin söylənməsinə səbəb olan şəraitin olması vacibdir. Lakin şifahi vəhy bu mənada həm də daha çox dəyişikliyə uğrama potensialına malikdir və dəqiqlik səviyyəsi azdır. Yanlış ifadəetmə potensialı yüksəkdir. Bundan fərqli olaraq, yazı daha doğrusu yazıya alınmış müqəddəs söyləyişlər donuqdur, daha dəqiqdir və onların dəyişikliyə uğrama potensialı azdır. Onların nəsildən-nəsilə ötürülməsi artıq vəhyi əzbər bilən, yeri gələndə improvizasiya edən natiqlərin, hekayətçilərin şəxsiyyətinə bağlı deyil. Lakin yazılaşan söyləyiş həm də bir şeylər itirir. O artıq daha mücərrədir, onu dinləməkdən daha çox oxumaq lazımdır və arada vəhyi söyləyən, vəhyin söyləndiyi konkret şərait və bütün bunların vəhyə gətirdiyi hər ifadənin təkrarsızlığı şərti yoxdur. Bu həm də o deməkdir ki, vəhyi artıq onu əzbər bilən müəllimə, şərhçiyə istinad etmədən, onun baxışını atlayaraqdan birbaşa yazıdan oxuyub söyləmək olar. Vəhyin saxlandığı sandıq artıq insan deyil, əşya olur. Vəhylə münasibətə girmək üçün insan dinləyici olmaqdan daha çox oxucuya çevrilir.
İndi qayıdaq Qurana və Bibliyaya. Şifahidən yazıya keçiddə nə itirilir, və nə qazanılırsa, Bibliya da, Quran da itiriləni itirib, qazanılanı qazanıblar. Lakin burda incə bir detal var. Bibliyanın yazıldığı dönəmlərdə yazının önəmi və rolu artır və bu proses kitabda özünü göstərir. Quranın yazıya alındığı dönəmdə isə, artıq yazının önəmi və vəhyin saxlanması və ötürülməsinin əsas nüfuzlu mənbəyi kimi rolu daha da çox qəbul olunmuşdu. Yazı artıq vəyhin ifadə olunduğu nüfuzlu, önəmli forma idi və şifahi vəylə münasibətdə gedərək özünü daha çox təsdiq edirdi. Artıq ağız vəhyi deyil, yazılmış vəhy müqəddəslik elementi alırdı və bəzən biri-biri ilə tərs gələn şifahi vəhyin hansının doğruluğunu müəyyənləşdirməkdə mənbə rolunu mənimsəyirdi. Bu isə, vəhyin unifikasiyası, sistemləşdirilməsinə doğru bir addım idi. Yazılı vəhy sabit mənbə, güclü istinad nöqtəsi olur, çünki yazısı olmaq həm də bilgisi, hörmətli bilik mənbəsinə malik olmaq demək idi. Yazı mədəni gücün simvoluna çevrilir tədricən. Məhəmməd peyğəmbər bunun fərqində idi. Yəqin buna görədir ki, Qurandakı ayələrin birində musəvilərin kitablarının olmasından, ərəblərin isə hələ də kitabsız olmasından danışılır və Qurandan da ərəblərə göndərilmiş kitab kimi bəhs edilir. Niyə kitab? Niyə kitabın mövcudluğuna dayanaraqdan müqayisə edilir? Çünki kitabı olmaq önəmliydi. Elə buna görə də musəvilər, İsəvilər Quranda “kitab əhli” olur. Bu mənada Quran bir yerə qədər kitabsızlarla, kitablıların dialoqunu, kitabsızın kitablı olmaq cəhdini ifadə edir. Lakin Quranın daha qısa dönəmdə yazıya alınması və Quranın vücuda gəldiyi dönəmdə yazının önəminin artmış olması onun Xristianlıqla və İudaizmlə münasibətlərində bir strateji silah halına gəlir. Ümumilikdə yazıya alınmaq və yazı olmaq önəmli olduğuna görə Quran özündən öncəki vəhyləri pozulmaqda, dəyişdirilməkdə ittiham edir. Çünki daha öncəki yazılar yazı-şifahi əlaqələrini daha mürəkkəb və bəzən ciddi teoloji problemlərə yol açan şəkildə ifadə edir. Bu doğrudur ki, Bibliyadakı bəzi kitablar dəyişdirilmədiyini və dəyişməyəcəyini iddia edir. Başqa sözlə, yazının sabitliyi və donuqluğu vurğulanır. Lakin çağdaş tarixi araşdırmalara görə, elə Bibliyadakı yazıların bəzən biri-birilə tərs münasibətinə görə də bəlli olur ki, bu kitablara əlavələr edilib və onlar fərqli tarixdə yazıldığından bəzən bir məsələyə tarixən dəyişən fərqli münasibəti ifadə edir. Amma Bibliyanın yazıya alındığı ilk dönəmlərdə bunun problem olduğunu iddia etmək çətindir, çünki o zaman yazı hələ sabit, donuq, dəyişməz müqəddəs mənbə kimi qavranılmırdı. Bu əlavələr böyük ehtimalla yazının önəmi artdıqca və bibliyanın üzü köçürülüb yayıldıqca edilmişdir. Quran bu mənada Bibliyadakı yazı-şifahi münasibətlərinin mürəkkəbliyini strateji zəiflik – pozulmuşluq, özünün qısa dönəmdə yazıya alınmasını isə, yazının önəminin gedərək artması faktına dayanaraqdan dəyişməmiş və dəyişməyəcək və deməli son vəhy kimi təqdim edir. Lakin burda maraqlı bir nüans var. Quranın öncə şifahi olub qiraət üçün nəzərdə tutulduğunu göz önünə alsaq, belə demək olar ki, yazıya alınmazdan öncəki Quran əslində şifahi vəhy ənənəsinin artıq yazılı vəhy ənənəsinə qarşı son savaş cəhdi və sorğu – sualıdır. İroniya isə bu şifahi ənənənin yazılı ənənəyə savaşının məhz yazıda – yazılmış Quranda bizə gəlib çatmasıdır. Quran yazının və yazı – şifahi ilişkilərinin özəlliklərini, yazıya qarşı istismar edir və bu arqumentin günümüzdə də tək uğuru kitab əhli qavramına, Quranın qısa dönəmdə yazıya alınmasına və Bibliyada yazı-şifahi münasibətlərinin tədrici inkişafına dayanır. Quran bu inkişafın son mərhələsindəki bir ifadədir. Vücuda gəlməsindən qısa sürə sonra yazıya alınması və artıq sabit, dəyişməz, unifikasiyaedici müqəddəs yazı - kitab ideyasının geniş İbrani-xristian mühitində oturmuş olması Qurani – Kərimi Bibliyanın yazılmışlığındakı tədriciliyi və başqa xüsusiyyətləri onun əleyhinə istifadə etməyə, eyni zamanda da şifahi ənənə kimi, yazılı vəhy ənənəsinə meydan oxumasına yol açır – ta ki özü yazıya alınana qədər. Quran yazıya alındıqdan sonra vurğu təbii olaraq şifahi-yazılı qarşıdurmasından, yazılıb dəyişdirilməmiş (Quran) və dəyişdirilmədiyi yazılsa da dəyişdirilmiş vəhy (Bibliya) qarşıdurmasına keçir.
Məsələnin başqa bir maraqlı yanı da Bibliyada əhli-kitab sözünün yoxluğudur. Kitab əhli olmaq məhz sonralar önəm qazanır. Burda balaca bir haşiyə çıxım, ara-sıra xristianların da işlətdiyi “biz kitab əhliyik” sözü İsəvilikdən və ya Musəvilikdən deyil, İslamdan gəlir və xristianlar bunu məhz islamdan mənimsəyib işlədirlər. Ancaq hamı deyil. Bir dəfə bir ortodoks pastor mənə xristianların kitab deyil, hadisə əhli olduğunu söylədi. Belə izah etdi ki, Xristianlıq kitaba deyil, İsa Məsih hadisəsinə - onun doğuluşina, yaşayışına və ölümünə dayanır. Bibliya İsa və İsada İlahinin təcəllasına münasibətdə ikincidir, buna görə də İsəvilik əhli-kitab deyil, əhli-hadisədir. Pastoru buraxaq qayıdaq, şifahidən-yazıya keçid haqq-hesabına. Ümumiləşdirsək belə demək olar ki, şifahidən – yazıya keçiddə bir şeylər itirilir və bir şeylər qazanılır. Bu itirib-qazanma həm Qurana, həm də Bibliyaya xasdır. Quran və Bibliyanın yazıya alınması fərqli mühitlərdə baş verib və bu özünü onların məzmununda, həm də Quranın Bibliyaya münasibətində göstərir. Yazı-pozu, şifahi-yazılı, Quran, Bibliya, vəhy ideyası haqqında bu qədər sicilləmə məncə yetər. Gedim başqa iş görüm.
No comments:
Post a Comment