İsəvilik öyrədir ki, İsa Məsih çarmıxa çəkilib. Qədim Roma imperiyasında iki qrup çarmıxa çəkilməklə cəzalandırılırdı: imperiyaya üsyan edənlər və çox üsyankar qullar. Çarmıxa çəkilmə və ya gərilmə çox ağır və rüsvayedici cəza növü hesab edilirdi. Ağır idi ona görə ki, adamı əllərindən və ayaqlarından xaç şəklində hazırlanmış ağaca mismarlayırdılar. Bu vəziyyətdə ağaca mismarlanan insan bir neçə saatdan bir neçə günə qədər çəkən ağrı-acılar içində can verirdi. Şəxs bir qayda olaraq boğulmadan, işgəncə içində ölürdü: ayaqlarındakı ağrını azaltmaq üçün bədənin ağırlığını əllərinə verən şəxs, az sonra əllərindəki ağrını azaltmaq üçün ağırlığı ayaqlarına verirdi.
Nəfəs aldığı zaman da sinəsinin enib – qalxması ağrılarını artırırdı. Nəfəsdən gələn ağrını azaltmaq üçün şəxs az, yavaş nəfəs almağa məcbur idi. Əllərinin hər iki tərəfə dartılması da nəfəs almağı çətinləşdirirdi. Bu İsanın çarmıxa çəkilməsi halında daha çox ağrı törədirmiş, çünki İsanı bundan öncə həm də şallaqlamışdılar. İsa Məsihin nəfəs alması ilə onun kürəyi də xaça sürtülürmüş və cisminin didilmiş hissəsi ağrı törədirmiş. Bəzən adamı əllərinin içindən deyil, biləklərindən mismarlayırmışlar. Bədənin ağırlığını əllər çəkə bilmirmiş ona görə - əllərin əti bu sözün hərfi mənasında cırılırmış və şəxs xaçdan düşürmüş. Bundan başqa, mismarlanma zamanı əllərdəki və ayaqlardakı sinirlər zədələnirmiş və bu işgəncəni artırırmış. Xaça gərilmə həm də rüsvayçı cəza idi, çünki hamının gözü qabağında edirdilər və şəxs göz görəsi acı çəkirmiş. Bundan başqa Tövrata görə xaçla cəzalandırılan şəxs lənətlənmiş şəxsdi – başqa sözlə desək, həm emosional-içtimai həm də dini element xaça çəkilməni rüsvayçı cəzaya çevirir. İsa Məsihin çarmıxa gərilməsi məsələsində rüsvayçılıq elementi də daha qabarıq idi, çünki bundan öncə Roma əsgərləri İsa Məsihin başına tikanlı, dalaycı, tacı andıran bir əşya geydirmişdilər və onun önundə ona lağ edərək, istehza edərək güya şahmış kimi təzim etmişdilər. Bu azmış kimi, onu çarmıxa çəkdiklərində başının üstündəki hissəyə (xaça) bir taxta lövhədə “bu yəhudilərin şahıdır” sözlərini yazıb mismarlamışdılar. Ancaq İsa Məsihin rüsvayçı, işgəncəli ölümü bununla bitmir. İncillərin şəhadətinə görə, ətrafdakı adamlar ona bu başqalarını xilas edirdi, hələ bir özünü xilas etsin görək deyirmişlər.
Kimdir İsa Məsih? O bu cür ağır, işgəncə, rüsvayedici ölümü necə haqq edib? Məsihilik necə bir inancdır ki, bu cür ağır ölümə dayanır, dayanması bir tərəfə, hələ bir bundan “utanmaz-utanmaz” Müjdə - Xoş Xəbər çıxarır? İsa Məsih İlahinin mükəmməl təcəllasıdır. İsa Məsih Tanrının yerdəki mükəmməl məbədidir. Isa Məsih Allahın insanlara göstərdiyi surətidir. İsa Məsih bəşəri və ilahi olan birisidi. Qısacası, İsa Məsih İlahidi. İsa Məsihdə insan və İlahi bir araya gəlir, qovuşur və birlikdə bəşəriyyətin günahlarından qurtulması və İsa Məsihdə Rəbbi görüb tanıyanların İlahi ilə barışması və bu barışıq hədiyyəsinə uyğun yaşaması üçün ölüm prosesindən keçirlər. İsa Məsih hadisəsində İbrahim dinlərinin vəhyi tərsinələşır və fədakar eşq yönündə radikallaşıb, məntiqi-mistik sonluğuna çatır: Qara Xəbər Müjdə olur, Ölüm Oluma aparan yola çevrilir, bağışlayan Allah özü bəşəriləşib insaniləşib insanın ağrı-acılarını paylaşmaqla onu əfv edir, ölüləri dirildən, korların gözünü açan, şikəstləri ayağa qaldıranın özü öldürülür və sonra yenə dirilir. Zatında eşq olan İlahi bunu insaniləşib ölümdən keçməklə göstərir. Fədakarlıqda insanlara özü insaniləşərək dərs verir.
Buna inanmaq və belə inanca uyğun yaşamaq əlbəttə asan olmaz...
No comments:
Post a Comment