Wednesday, August 26, 2009

Məsihiliyin ana qolları və onlar arasındakı fərqlər - 1

Eynilə İslam kimi, Məsihilik də tarixin keşməkeşində parçalanmış, bölünmüşdür –İsa Məsihin bədəni çarmıxdaykən Roma əsgərinin onu deşməsi kimi, kilisəni fərqli hərəkatlar, dəlmə-deşik edib, bölüb.
Dünyanın demək olar ki, bütün din, intellektual hərəkat və sistemlərində müşahidə olunan bu fenomen fərqli səbəblərdən qaynaqlanır. Ən geniş mənada buraya siyasi, teoloji, iqtisadi-sosial səbəbləri aid etmək olar.


Məsələn, Pravoslav – Ortodoks kilisənin və Katolikliyin ayrılması bir neçə əsr davam edən bir proses olmuş və siyasi, teoloji, mədəni səbəblərə malikdir. Bu ayrılığa qatqıda olan faktorlara misal kimi göstərmək olar: 1) Dil-qavram özəllikləri. Latın qərbinin xristianlığında əsas dil latınca, istifadə edilən konseptlər isə latın dünyagörüşündən gəlir. Məsələn Müqəddəs Üçlük təliminin ən əsas nüanlasından birini işləyən Tertullian essens, substrat kim qavramları istifadə edirdi. Bundan fərqli olaraq Pravoslav, Ortdoks qolunun ana qavramları yunan fəlsəfəsindən gəlir, istifadə etdiyi dil isə qədim yunancadır (bəzən ümumi yunanca – Koine deyilir). 2) Sosial-mədəni fərqlər. Bunların arasında mədəni-sosial fərqlər də vardı. Latın qərbində kilisənin uzun müddət intellektual mərkəzi Roma, Şərq kilisəsində (Pravoslav və Oriental Ortodoks kilisələrinə verilən başqa ad) İstanbul\Konstantinopol, Antiokiya olub. Nəzərə alaq ki, bunlar həm də biri-birinə rəqib iki imperiyanın Roma və Bizans imperiyasının da paytaxtları idilər. 3) Teoloji şərh fərqləri. Bunlar arasında gedən bölünmə prosesinin formal teoloji və zirvə nöqtəsi olan səbəb isə Qutsal Ruhun yalnız İlahi Atadanmı, yoxsa həm də Oğuldan – İsa Məsihdən qaynaqlanması məsələsidir. İncəliklərinə varmadan qeyd edək: Latın kilisə ənənəsində (katolik və Protestant qolu birlikdə), İlahi Ruh Ata və Oğuldan, Şərq kilisə ənənəsində isə İlahi Ruh yalnız İlahi Atadan qaynaqlanır. Reforrmasiyadan qaynaqlanan ənənələr də (Protestantizm) bu cür mürəkkəb səbəb və proseslərin izini daşıyır. Protestant ənənəsi Avropada milliyyətçiliyin gücləndiyi, Roman Katolik kilisəsinə və onun indulgensiya (lütfən, orta məktəbdə öyrənməli olduğunuz Avropa tarixinə, xüsusən də Reformasiya dövrünə göz atın) fəaliyyətinə qarşı narazılıqların artdığı dövrdə ayrılıb. Bu qolun ortaya çıxmasının siyasi səbəblərinə həm də Müqəddəs Roma İmperiyasının Romanın təsirini zəiflətmək cəhdi, Fransa və İspaniyanın öz dövründə yumşaq olmayan münasibətləri də təsir edib. Sözügedən qolun ayrılmasına formal teoloji səbəb isə Xristianlığın kökündə duran təlimlərdən biri – insanın İlahi önündə necə təmizə çıxarılması-qurtulması təlimidir. Qısacası, Protestantlığa görə insan İsa Məsihə iman etməklə təmizə çıxarılır, öz əməlləri vasitəsilə deyil. İnsanın ilkin günahdan (Adəm və Həvvanın günahı və onun nəticələri) təmizlənməsi üçün İsa Məsihin çarmıxda bizim yerimizə özünü qurban verməsi və insanın da buna iman etməsi yetərlidir və fərdin əməlləri insanın qurtuluşu üçün səbəb kimi önəm daşımır. İnsanın yaxşı əməlləri onun qurtuluşunun səbəbi deyil, nəticəsi kimi görülür Protestantlıqda. Katolisizimdə isə vəziyyət bir az başqadır. Burda insanın əməlləri onun xilasında səbəb kimi, İsa Məsihin bizim üçün çarmıxa gərilməsi əməli ilə birlikdə iştirak edir. Katoliklik və Protestantlıq arasında ənənəyə münasibət fərqləri də var. Protestantlara görə, Bibliya hər şeydən yüksək nüfuza\avtoritetə malikdir və kilisə ənənələri Bibliyaya görə qiymətləndiriliməlidir. Katolik kilisəsinə görə, kilisənin uzun əsrlər boyu ərsəyə gətirdiyi ənənələr də İmanın mənbəyidir və Kilisə - Roma Papası və kilisə toplantıları - rəsmən Bibliyanın necə şərhini, adət və ənənələrin rolunu və avtoritetini müəyyən edir. Protestantlar həm də Roma Papasının bütün kilisə üzərində ruhi-mənəvi və inzibati hakimiyyəti təlimini qəbul etmirlər. Bununla yanaşı, Protestantlıq və Katoliklik Pravoslaqla müqayisədə biri-birinə daha yaxındır.

No comments:

Post a Comment

gündəlikdə axtarış